Hökumət yanacaq böhranını aradan qaldırmağa çalışır
Rusiya hakimiyyəti daxili yanacaq böhranını aradan qaldırmaq üçün Hindistandan benzin almağa başlayıb. AYNA.AZ xəbər verir ki, bu barədə “Reuters” məlumat yayıb.
Agentliyin sənaye mənbəsinə istinadən verdiyi məlumata görə, artıq Hindistandan Rusiyaya dəniz yolu ilə ən azı 60.000 ton benzin göndərilib. Başqa bir mənbə Rusiyaya iki tankerlə 30.000-40.000 tonluq yük göndərildiyini bildirib.
“Reuters”in üçüncü mənbəsinə görə, Rusiya artıq Rusiya bazarına yanacaq tədarük edən Belarus da daxil olmaqla, müxtəlif ölkələrdən ayda təxminən 400.000 ton benzin idxal etməyi planlaşdırır.
Agentliyin hesablamalarına görə, iyun ayının birinci yarısında Belarus Rusiyaya dəmir yolu ilə benzin daşımalarını may ayının birinci yarısı ilə müqayisədə təxminən üç dəfə artıraraq 70.000 tondan çoxa çatdırıb.
Rusiyaya hansı Hindistan neft emalı zavodunun benzin tədarük edəcəyi hələlik məlum deyil.
Qeyd olunub ki, Rusiyanın yay benzin istehlakı gündə ən azı 110.000 tondur.