“Ukraynadakı münaqişənin daha böyük qarşıdurmaya çevrilməsinə yol verilməməlidir”
“Qərb faktiki olaraq Rusiya ilə müharibə vəziyyətindədir”. AYNA.AZ xəbər verir ki, bu barədə Slovakiyanın Baş naziri Robert Fiko “Facebook”da yayımladığı videomüraciətdə bildirib.
Onun sözlərinə görə, Ukraynada fəaliyyət göstərən çoxsaylı xarici muzdlu əsgərlər, eləcə də münaqişədə istifadə olunan müasir silah sistemlərinə xidmət göstərən mütəxəssislər nəzərə alındıqda, Qərb artıq faktiki olaraq Rusiya ilə müharibə vəziyyətindədir.
Baş nazir tərəfləri dialoqa çağıraraq vurğulayıb ki, “Ukraynadakı münaqişənin daha böyük qarşıdurmaya çevrilməsinə yol verilməməlidir”.
O həmçinin bildirib ki, Avropa İttifaqında dialoqu müdafiə edən azsaylı Baş nazirlərdən biridir. Onun fikrincə, əksər Aİ üzv dövlətləri müharibənin davam etməsini dəstəkləyir.
Fiko Ukraynanın Aİ-yə daxil olmasını dəstəklədiyini bildirib, lakin deyib ki, “bu, yalnız namizəd ölkələr üçün bütün tələblər yerinə yetirildikdən sonra mümkündür”.
Onun sözlərinə görə, Ukraynadan əvvəl Serbiya, Monteneqro və Albaniya Aİ-yə qəbul edilməlidir.