25 xarici qonaq olmaqla, ümumilikdə 50 iştirakçı bir araya gələrək bayramı qeyd edib
Avropa Tələbələr Forumu Bakı İctimai Birliyi tərəfindən Bakı və Şamaxı şəhərlərində keçirilən Beynəlxalq Novruz Festivalı Azərbaycan (INFA) layihəsi uğurla yekunlaşıb.
İctimai birlikdən AYNA.AZ-a verilən məlumata görə, festivalın keçirilməsində əsas məqsəd Azərbaycan və Avropa ölkələrindən olan gənclər arasında mədəniyyətlərarası mübadilənin inkişafına töhfə vermək, ölkəmizin zəngin mədəni və tarixi irsinin tanıdılmasını təmin etmək, həmçinin qədim Novruz adət-ənənələrini beynəlxalq ictimaiyyətə təqdim etməkdir. 7 gün davam edən festivalda Türkiyə, Rusiya, İspaniya və Çexiya kimi müxtəlif ölkələrdən 25 xarici qonaq olmaqla, ümumilikdə 50 iştirakçı bir araya gələrək bu möhtəşəm bayramı qeyd edib.
Festival çərçivəsində iştirakçılar Bakı və Şamaxı şəhərlərinin ətrafında mühüm tarixi və mədəni yerləri - Suraxanı Gəmi Muzeyi, Xalça Muzeyi, Heydər Əliyev Mərkəzi, Şirvanşahlar sarayı, Yaşıl və Şərq bazarları kimi məkanları ziyarət ediblər. Layihədə iştirak edən gənclər UNESCO-nun Dünya İrsi Siyahısına daxil edilmiş Qobustan qoruğunu ziyarət edərək minilliklər öncəyə aid qayaüstü rəsmləri və qədim insan izlərini müşahidə ediblər. Bununla yanaşı, Şamaxı Astrofizika Rəsədxanasında onlar astronomiya elminin inkişafı, kainatın sirləri və ulduzların müşahidəsi ilə bağlı dəyərli məlumatlar əldə ediblər. Bu layihə iştirakçıların Azərbaycan mədəniyyəti haqqında biliklərini dərinləşdirməklə yanaşı, Avropa və Azərbaycanın müxtəlif bölgələrindən olan gənclər arasında əlaqələrin möhkəmlənməsinə də töhfə verib.
Qeyd edilib ki, bu cür beynəlxalq tədbirlərin keçirilməsi Azərbaycanın zəngin mədəniyyətini, qonaqpərvərliyini, tolerantlığını və multikultural dəyərlərini tanıtmaq baxımından mühüm rol oynayır. Ötən il Şəki və Ağsu şəhərlərində təşkil olunan festival növbəti illərdə də davam etdiriləcək. Bu layihə müxtəlif ölkələrdən gələn iştirakçılara Novruz ruhunu birgə yaşamaq və mədəniyyətlərarası dialoqu gücləndirmək üçün əvəzolunmaz bir fürsət təqdim edir.

