Bu qaranlıq, yağışlı qapıda bir ömürlük yuxuya gedә bilәrdim...
Bu günlərdə gənc yazar Aysel Şıxlinskayanın debüt əsəri - “Qanadsız mələk” romanının imza günü keçirilmişdir. Yayın sevgi romanı seçilən bu əsər oxucuları tərəfindən sevilmiş, sosial şəbəkələrdə müzakirə olunmuşdur.
Sosial şəbəkələrdə Aysel Şıxlinskayanın “Qanadsız mələk” romanına aid şərhlərdən seçmələri təqdim edirik:
“Zezibookblog”
"Qanadsız mələk" həssas qəlbləri titrədəcək bir sevgi romanıdır. Əvvəla, Aysel Şıxlinskayanı ədəbiyyata gəlişi üçün təbrik edir, qələminin daim qəlblərə, həyatlara toxunmasını arzu edirəm! Sevgi mövzusunda yazılmış roman iki obrazın gözündən, birinci şəxsin dilindən qələmə alınıb. Çox axıcı və dili sadədir. Sonu kədərləndirib, hönkür-hönkür ağlatmışdı. Oxuyun, oxutdurun! 10/10”
“Gül Əhməd”
“Kitabda gənclərin sevgisindən bəhs olunur, ancaq buradakı gənclərin heç biri qarşılıqlı olaraq bir-birini sevmir. Əsər iki baş qəhrəmanın dilindən danışılır: bu, mənə olduqca ləzzət elədi. Mələyin gözündən hekayə danışılanda əsəbiləşdiyim, haqq vermədiyim obrazlara Muradın gözündən təsvir ediləndə haqq verdim. Burada empatiya duyğum inkişaf etdi. Əsərdəki aşiqlərin bir-birini rənglərlə əvəz etməsi xoşuma gəldi: Murad narıncı, Ayxan mavi, Mələk qara rənglə əvəz olunmuşdu. Mən rəngləri bu cür anladım. Mələk Ayxanın mavi gözlərində itib batırdı, eynilə dənizdəki boğulmanı, səmadakı sonsuzluğu gördüm. Muradın narıncı olması, Mələyə yeni ümidlər, şanslar verməsi kimi anladım, Murad olanda ümidlər var idi, olmayanda ümidlər yox idi, mənə günəşin çıxması və qürub etməsini xatırlatdı. Mələyə tünd dəri və qara dağınıq saçlarına görə “qara qız” deyirdilər, amma mənim gözümdə Mələyin qara qız olması onun təkbaşına olmasa da, yalqız olacağı kimi görünürdü. Kitabdan onu öyrəndim ki, hiss etdiklərimizi içimizdə saxlamayaq, üzə deyək: uzağı rədd cavabını eşidəcəyik (Bundan əlavə öyrəndim ki, aşiq olmaq istəmirəm)”.
“Murmursstories”
“Aysel Şıxlinskayanı, müəllifin debüt əsəri olduğu üçün ilkin olaraq onu ədəbiyyata gəlişi üçün təbrik edir, qələminin daim qəlblərə, həyatlara toxunmasını arzu edirəm! Zənnimcə, əsərləri oxuyarkən hansı janrda və mövzuda yazılmasından asılı olaraq dəyərləndirmək lazımdır. Sevgi mövzusunda yazılmış roman iki obrazın gözündən, birinci şəxsin dilindən qələmə alınıb. Üslub baxımından maraqlı, təkrarlanan dialoqlarla çoxlu “flashback”lər yaşadan, insanı hadisələr açılanadək intizarda saxlayan və sürətli oxunan əsərdir. Əsərin adı isə özü-özlüyündə surpriz daşıyır. Obrazlar yaxşı işlənmiş, xarakteristik xüsusiyyətlərə malik, real həyatdan obrazlardır. Ətrafımızdakı insanlardan, hətta hadisələrdən alıntı təsirini bağışlayır. Mən janr olaraq modernizm-postmodernizmi daha çox bəyəndiyim üçün əsərin sonlara doğru tamamilə açıqlanması (düzdür, müəllif hələ də bəzi hissələri qərar üçün məhz oxucuya həvalə edir) məni bir balaca narahat etdi. Düzdür, heç də bütün təxminlərim özünü doğrultmadı, amma açıqlanmayıb, açıq sonluq şəklində hər oxucu üçün individual buraxılması da gözəl ola bilərdi deyə düşünürəm. Oxuyun, oxutdurun!”.
“Cielsimerien”
“Aysel Şıxlinskaya – “Qanadsız mələk”. Ən son nə zaman sevgi romanı oxuduğumu xatırlamırdım. "Öz tərzimdən kənara çıxıram" gərginliyi ilə kitaba bir qədər tərəddüdlə başladım. İlk səhifələr də beləcə davam etdi. “Bəlkə, müasir sevgidən oxumağa alışmamışam” deyərək davam etdim. Bəzi fikirlər mənə tanış idi. Xətlədiyim hissələr nə vaxtsa bir dostumla müzakirə etdiyim düşüncələri yadıma salırdı. Sanki bizdən biri idilər, eyni düşünür, eyni hiss edirdik - indi ya da nə vaxtsa… Roman iki obrazın dilindən yazılıb. Mələk və Murad. Mələyin dünyasında oxuyub təxmin etdiyim düşüncələr Muradın dünyasında daha dolğun təsvirini tapırdı. Bunu da qeyd edim ki, obrazların hər biri çox fərqli və xüsusi işlənmişdi. Bakının küçələrinə yerləşdirmişdim onları. Qıvırcıq saçlı birini görəndə xəyalımda canlandırdığım Mələyə bənzətməyə çalışırdım (obrazlara öyrəşməyi buraxmalıyam bəlkə də). Düşünürəm ki, hadisələrin Bakıda yaşanması daha isti hislər ötürürdü mənə. Keçdiyim yerlərdə həmin hadisələri xəyal edirdim oxuduğum müddət ərzində. Bu müddətdə həm də narıncı bir dostum oldu. Murad o qədər dərin idi ki, sanki doğrudan belə birini tanıyıram hissinə qapılmışdım. Və bir o qədər də kədərlənirdim. Onun obrazında itirmək qorxusunu təkrar xatırladım. Sonu isə gözlədiyim kimi deyildi... Təxmin etdiyimi düşünürdüm, amma yanıldım... Köhnə bir musiqi, dolu-dolu gözlərlə kitabı bitirdim. Son bir sualla rəyimi yekunlaşdırıram. İfadə edilməyən hisslərin düyünündə sıxılıb qalmaq yaddır kiməsə?”.
“Kitabci_tkz”
"Ancaq nə fərqi var idi mən hansı yolda idim, sənin yolun ayrı olandan sonra...”
Aysel Şıxlinskayanın "yayın sevgi romanı" adını qoruyub saxlayan "Qanadsız mələk" əsəri ilə xoş gördük. Qeyd edim ki, Aysel Şıxlı İsmayıl Şıxlının nəvəsidir və kitab onun debütüdür. Kitabın adı ilk öncə çox primitiv gəlmişdi, oxuyub yarısına çatanda isə tərs köşə olduğunu anladım. Elə sona qədər də təxmin etdiyim hər şey alt-üst oldu. Mələk Elçinlə yeni həyat qurmaq üçün Amerikaya getməyə hazırlaşır. Sonuncu dəfə kürən dostu Muradla çay içmək istəyir. Təsadüfən görüşə mavi gözlü Ayxan da gəlir. Və beləcə Mələk iki il öncəsini xatırlayır. O sevgini, o həyəcanı, o cazibəni xatırlayır. Əsərin dili, üslübünü çox bəyəndim. Yersiz romantika, bayağı, çeynənmiş sözlər, sevgidən fəlsəfi söhbətlər yox idi. Hər şey çox yerində, sadə, sevgiyə yaraşan tərzdə zərif, həssas, duyğudolu idi. Əsərdə hadisələr öncə Mələyin dilindən yazılır, sonra isə baş verənlərə Muradın gözü ilə baxırıq. Murad, ah Murad... dostluğu da, sevgini, insanlığı da iliyinizə qədər hiss etdirəcək Murad. Sevgi romanları ilə dünyaca məşhur olan, mənim də çox bəyəndiyim Nikolas Sparksdan üç roman oxumuşam və onu deyə bilərəm ki, "Qanadsız Mələk" heç də onlardan geri qalmır. Sadəcə sonluğu daha fərqli, ya da daha konkret istəyərdim. Kitabın sayəsində dilimə düşən musiqi : ???? LP- Lost on you. Sevgi romanlarını sevirsinizsə, mütləq bu kitabı da oxuyun deyirəm, sevgi ilə tövsiyə edirəm”.
“Fedeltabook”
“Tez-tez izləyicilərdən belə mesajlar alıram: on altı yaşım var və özümdə kitab oxumaq adəti yaratmaq istəyirəm. “Hansı kitabdan başlayım?", - deyə soruşurlar. Bəzən çox çətinlik çəkirəm bu sual qarşısında. Öz müasir yazarlarımızdan tövsiyyə edə biləcəyim çox az kitab var. Amma bu yaxınlarda oxuduğum "Qanadsız Mələk" kitabı məhz o tip kitablardandır ki, mütaliə vərdişinə yiyələnmək istəyənlər üçün gözəl başlanğıc ola bilər. İlk növbədə kitab, orada cərəyan edən hadisələr, obrazların indiki əksər gənclərimizdən fərqli olaraq sərbəst yaşam tərzləri təsvirinizdə su kimi axıb gedəcək. Qəribə bir sevgi üçbucağının içində tapacaqsınız özünüzü. Hətta müəyyən bir həyat təcrübəniz varsa, ilk başlardan bəzi şeylərin hansı yönə doğru irəlilədiyini də təxmin edə biləcəksiniz. Obrazların qərarları, atdığı addımlar, seçimləri bəzi hallarda onları mühakimə etmək üçün sizə səbəb verəcək. Amma kitab gözlənilməz, eyni zamanda üzücü bir sonluqla bitir. Kitabı bitirdikdən sonra isə belə bir nəticəyə gəlmək olur ki, nə olur olsun şəffaflıq çox gözəl bir şeydir. Sevdiyinə qarşı, dostuna qarşı istər problemlərinlə bağlı, istər hislərinlə bağlı, qorxularınla bağlı, xəyallarınla bağlı nə qədər açıq və şəffaf olsan, bir o qədər az səhvə yol vermiş olarsan. Düzdür, səhvsiz kimsə yoxdur və hər səhvin həll yolu vardır. Yetər ki o səhv sizin yaşamaq istədiyiniz həyatı əlinizdən almasın. Belə... Hər kəsə xoş mütaliələr”.
“Mustafa Rushan”
“Təsəvvür edin, avtobusa bığlı-saqqallı bir bir nəfər minir, əlində də kitab: “Qanadsız mələk”... təzaddır, elə deyil?...
Romanın birinci hissəsinə, sözün əsl mənasında, vuruldum... hər nə qədər desəm də ki, məhəbbət romanı hara, mən hara; yaşın ötüb, bəsdir, ağlını başına al... yeni qələm idi... tanış olmaq həvəsi məni üstələdi... Nəyi bəyəndim? Süjeti əla qurmuşdu... bütün fəsil boyu məni gərgin halda saxladı... Hadisələrin üstünü açmadı... mükəmməl idi... qara qızı boğmaq istəyirdim... Yeri gəlmişkən, romanın sonlarında müəllif də belə bir ifadə işlədib... mətn lazımi emosiyaları oyatmağı bacarırdı, personajları inandırıcı idi, hadisələr təbii, real, doğma idi... Amma, bəyəndiyim təkcə bu deyildi. Texnikası yerində idi məncə. Birinci fəslin sonu, əsl partlayış idi... düzdür, ilk hissədə, zaman-zaman partlayışlar olurdu... amma son... atəşfəşanlıq idi... alqışlayıram... Dailoqları da mənə inandırıcı, təbii, olması gərəkən kimi gəldi... Gələk ikinci hissəyə... Birinci hissədə biz hadisələrə qara qızın - Mələyin gözü ilə baxırıq... Nədənsə, hər dəfə bu personajı oxuyanda müəllif gəlib özü dayanırdı gözümün qabağında... İkinci hissədə dostluğun timsalı Muradın gözü ilə əvvəlki fəsil təkrar bizə göstərilir... Murada çox yandım... Ah Murad, əla insansan... Təəssüf ki, yaxşılıq belələrini gözəgörünməz edir... Çünki "yaxşılıq - olması gərəkəndir"... Oxuduqca, kaş bu keçidi yan-yana verəydilər deyə düşündüm... İkinci fəsildə hər şey əla gedirdi... ta ki Ayxanın davranışlarının arxasındaki səbəb üzə çıxana qədər... Bax burada, təəssüf hissi keçirdim... Kaş elə Ayxan olduğu kimi, qalaydı... Kaş davranışlarının səbəbini bilmədə oxucu kitabı bitirəydi... çünki səbəb mənə Yeşilçam filmlərini xatırlartdı... çox üzüldüm... Salli Runini oxumamışam. Yaxında oxuyacam... Bu romanı oxuyanda dedim, yoxsa bu yerli Salli Runidir...
Təbrik edirəm... kitab yadıma düşəndə üzüm gülür... Bax bu, məncə, uğurdur… yazıçı adına deyirəm… Növbəti kitablarını səbirsizliklə gözləyəcəm”…
“Querenciamm”
“Sevgidə qürur olmasın deyiblər, o qədər haqlıdılar ki... Ah Mələk, Mələk...
Kitabı oxuyanda bütün fikirlərimi cəmləmişdim ki, nələr yazacam təhlilə, ancaq fikirlərim alt-üst olub. Sonunu heç belə gözləmirdim. Bəzən sevgimiz uğruna nələrisə qurban verməliyik. Ya özümüzü, ya da sevgimizi. Həmişə demişəm ki, oğlanla qız arasında dostluğun olması mümkün deyil (istisnalar var, əlbəttə). Murad da sevdiyi üçün sevgisini “dost” adı altında qurban vermişdi.
Bir də gec qalmaq deyə bir şey var. Allah heç kimə gec qalmaq duyğusunu yaşatmasın. Eynən Murad kimi... Bu kitab daha gözəl sonluğa layiq idi. Xoşbəxt sonluğu heç olmasa kitablarda görək. Çox sevərək oxudum və əminliklə tövsiyə edirəm. Yazara bu möhtəşəm kitab üçün təşəkkür edirəm və ağlımda qalan suallardan ona verməyi çox istəyirəm”.
“_Ulker_rustam_li”
“Uzun zaman sonra oxuduğum әn tәsirli SEVGİ romanı, hәr zaman xatırlayacağam...
“...Yerimizdәn qalxıb qapıya tәrәf addımladıq. Qapının ağzındakı dar pillәkәnlәrdә dayandıq. Çölü içәridәn cәmi dörd-beş addım ayırsa da, bir anda bütün sәslәr kәsildi. Külәk başımızın üstündә yanıb-sönәn zәif işıqlı lampanı astaca yellәdirdi. Paslanmış lampanın çıxardığı sәs sakitliyi pozan yeganә sәs idi. Yanaşı durmuşduq. Bir az әvvәl susmayaraq danışıb-gülәn insanlar indi bir-birinә demәyә nәinki söz tapmır, hәtta bir-birinin üzünә dә baxa bilmirdi. İkimiz dә qaranlıq, boş küçәyә, yağan yağışa baxırdıq. Danışmırdıq... Bu qaranlıq, yağışlı qapıda bir ömürlük yuxuya gedә bilәrdim...”
“mrs_book_lover”
“Bu gün fərqli bir sevgi romanı ilə gəlmişəm. Əvvəlcədən deyim ki, o qədər də sevgi romanı oxumuram, lakin, bu oxuduğum kitabı çox bəyəndim.
Roman Murad və Mələyin dostluğundan bəhs etsə də, Muradın acı taleyi və nakam sevgisi ilə bitir. Ən əsası kitabın dili sadə və axıcıdır. Yazıçı hadisələri o qədər həyəcanlı təsvir edib ki, oxuduqca oxumaq istəyir insan. Kitabı bəyəndim və son olaraq gənc yazıçımıza uğurlarının bol olmasını diləyirəm. Hər kəsə xoş oxumalar!”.
Müəllif: Səma Nuray
AYNA üçün