Cənnətə məktub

Mədəniyyət

27.09.2021 - 18:19

Sən hər gecə ulduza dönən doğmalarımdan birinə çevrildin

Bu gecə qələmimin mürəkkəbi ən mürəkkəb, mürəkkəb olduğu qədər müqəddəs vəzifəsi ilə dilə gəlir. Bu, gözlərinin giləsindəki duyğuları sətirlərə köçürənin Cənnətə göndərdiyi ikinci məktubudur. Məktub ünvanına - Cənnətə yetişəcək, bilirəm. Fəqət mən cənnəti haqq edirəmmi? Cənnətin cəsur sakinlərinə salam vermək haqqım varmı? Bilmirəm... Bu səbəbdən sətirlərimi məktubun deyil, duyğuların qaydaları ilə dilləndirəcəm.

Yüksəldiyin məqam o qədər müqəddəsdir ki, hələ Vətən daşı olmayan mənim üçün o kəlməni dilimə gətirməyimin tez olduğunu düşünürəm. Ona görə də vətənin Vətən daşı olmağı bacaran sənə “Cənnətin cəsur sakini” deyə müraciət edəcəm. Əslində, sənin yazdığım hər kəlməni duyduğunu hiss edirəm. Bilirsən, mən uşaqlıqdan bəri cənnətdəki doğmalarımızın bizi yalnız cismən tərk etdiyini, ruhlarınınsa daim səmadan bizi izlədiyin düşünürəm. Onların hər gecə ulduzlarda gizlənib bizə təbəssüm etdiyini görürəm.

Amma neçə illərdir ki, Vətən səmasını qara buludlar necə sarmışdısa, ulduzlarımı güclə sezirdim. Bir payız xəzanında isə həmin buludların haqq sədası şimşəyə çevrildi. Bu şimşəyin işıltısından güc alıb qara buludları səmadan uzaq edənsə sən oldun. Əmin ol ki, indi aydın Vətən səmasına qürurla baxanlar səni həmişə anacaqlar. Vətənin hər bir övladı anacaq, torpağı, daşı anacaq səni. Daha “Qarabağın qara baxtı” deməyəcək dillər, xarıbülbülün ətrinin şövqündən ilham alan güllər, zəfər bəxş etdiyin ellər anacaq səni.

Sən rəssam Kovalikadzenin hekayəsində itən ümidləri kimi doğma ocaq həsrəti ilə alışan qəlblərin gəncliyini geri qaytardın. 92-ci ildən bəri susan nəğməni dilləndirdin. Bütün bunlar qarşısında özünü aciz sayır qələmim. Bilmirəm, necə deyim... Amma... Vətən sədasından xəbər gətirmişəm sənə.

Mən susuram, indi sənin üçün Vətən danışır:

“Həsrət dumanın pərdəsindən ümidlə boylanır, Qarabağımın bəxtindən qara buludların yox olacağına inanırdım. Sənə-oğluma inanırdım. Qızılı payızı qızıl payıza çevirdiyin gündən qara buludlardan gizlənib köksümə sarılmış xarıbülbül fidanı üzünü payız günəşinə sarı tutub boy atmağa başladı. Vətənin torpağına, daşına, hər qarışına həkk olundu adın. İndi andına, adıma layiq olan övladımı öz köksümə alıram. Vətən anadır, qucağımda rahat uyu, şəhidim...”.

Sənə ana Vətənindən xəbər verdim. İndi isə Vətən kimi ananın laylasının sədasından xəbər gətirmişəm sənə:

“Səndən xəbər almadığım gündən bəri bu misralar beynimdə hey dolanırdı:

El bilir, uşaqlıqdan o, naxələf olmayıb

Ürəyimə damıb ki, oğlum tələf olmayıb.

Əslində, doğru imiş bu düşündüklərim. Bu dəfə mən yox, Vətən qucaq açdı sənə. Vətənin göz yaşlarını dindirdiyin üçün səninlə qürur duyur anan. “Gözdən öpmək ayrılıq salar” deyə bir də ayrılmamaq üçün gözlərindən yox, tətik çəkən əllərindən öpürəm, gözünə qurban...”.

Bir də heç səsini duymadığın doğmandan da xəbərim var sənə. Təəccüblü olsa da, onu səndən başqa heç kim duymaz indi. Onun məsum ürəyini dindirən sənin sevgindir. Bu, körpənin səsidir:

“Ata... adını yazmağı öyrənəndə əlimdən tuta bilməyəcəksən, bilirəm. Əllərimiz qovuşmasa da, əslində əlimi ilk tutan sən oldun. Vətəni dar gündə atmayanda tutdun əlimdən. Bilirəm, hər qarışında iz qoyduğun Vətən torpağında ilk addımımı atanda sən sevinəcəksən, ata...”

Bilirsən, ey Cənnətin mərd sakini, məncə, bu həyatın qayəsi, mayası sevgidir. Çünki yalnız sevgi ilə yoğrulanlar çevrilir Vətən sevdalısına. Vətən sevdalısı olan sənə sevdalı olan bir qəlb boylanır ardınca. “Gedirəm, gəlməsəm, yada sal məni” deyib ruhunu əmanət etdiyin qəlb.

O qəlbin həyəcanlı ürək döyüntülərindən xəbərim var sənə:

“O axşam ayrılanda “Gedirəm, gəlməsəm, qalacaq sevgim, bəlkə də gözlərin dolacaq mənsiz” misraları ilə “yada sal məni” demişdin. Getdiyin gündən bəri ruhunu əmanət etdiyin bu misralar ən titrək, əziz hiss kimi qəlbimə hopub. Sənsiz bahar səssiz gəlir mənə. Amma hər gecə gözlərimə bir ümid dolur. Bu ümid ruhunun dolaşdığı dünyada qovuşacağımız ümididir. Bilirəm, bu yaz şehli yasəmənlərin sirdaşına “Oxu, bülbül, bəlkə yarım oyansın” desəm də, o, səni cənnət yuxusundan oyandıra bilməyəcək. Ancaq bunu bil ki, ruhumun hər zərrəsində yaşayan sevgin ən əziz əmanətim kimi həmişə mənimlədir...”.

Bax belə, əziz dost, Cənnətin mərd sakini. Sənin üçün darıxan, səsini eşidəndə dili karıxan bir balaca qəlb də var. Bəlkə baş tacı, bəlkə də şıltaq gülüşü dərd əlacı dediyin balaca bacın. Amma onun dilindən mən danışacam səninlə. Onun səsi mən olacam. Çünki mən də sənin tanımadığın doğmanam. Bəlkə də heç vaxt  üzünü görə bilmədiyin balaca bacın. Qardaşların qayğısı fərqli olduğu kimi bacıların sevgisində də fövqəladə sehr var. İndi o sehrin gilələnib yanaqlara süzülərək adını səsləmək üçün titrəyən dodağında donduğunu görürsən. Həmin balaca bacın sənə təşəkkür üçün yenə gözünü göy səmalara dikib. İllərdən bəri qara buludların arasında gizlənən ulduz doğmalarını sezən qızın səmasını aydınlatdın sən. Vətən səmasındakı qara buludları yox etdiyin gündən doğmalarıma daha da yaxınlaşdım. Və artıq sən də hər gecə ulduza dönən doğmalarımdan birinə çevrildin.

Deyəsən, məktubum yetişdi - göydə ən parlaq ulduz təbəssüm edir...

Günel Natiqqızı

AYNA üçün

Müəllif: Ayna.az