“Oğul” sənədli filminin təqdimatı keçiriləcək

Mədəniyyət

23.02.2022 - 18:04

Film Qarabağ münaqişəsi zamanı itkin düşən hərbi əsir Natiq Qasımovun axtarışından bəhs edir

Böyük Britaniyanın “Broken Pot Media” şirkətinin istehsalı olan “Oğul” sənədli araşdırma filmi 1992-ci ildə Dağlıq Qarabağ münaqişəsi zamanı itkin düşən hərbi əsir Natiq Qasımovun axtarışından bəhs edir.

AYNA xəbər verir ki, filmin ilk təqdimatı fevralın 28-də Nizami Kino Mərkəzində olacaq. Tədbirdə yaradıcı heyətlə yanaşı, Natiq Qasımovun ailəsi də iştirak edəcək.

Filmin rejissoru və ssenari müəllifi Karan Sinq üç il ərzində Ermənistan, Azərbaycan, İtaliya, Böyük Britaniya və Rusiyada şahidlərlə söhbət edib. Natiq Qasımov erməni zabitləri tərəfindən dindirilən zaman italyan müharibə fotoqrafı Enriko Sarsini də orada olub. Filmdə fotoqrafın müsahibəsi də yer alır. 30 ilə yaxın vaxt keçməsinə baxmayaraq, ana oğlunun sağ olduğuna və qayıdacağına inanır.

Filmin görüntü rejissoru Simon Stanforddur. 46 dəqiqəlik filmdə faktın bərpası üçün azərbaycanlı aktyorların ifasından da istifadə olunub.

 

Müəllif: Ayna.az