Şuşa xalçalarının Ermənistanda sərgisinin keçirilməsi ilə bağlı <font color=red> BƏYANAT</font>

Mədəniyyət

18.02.2021 - 12:54

Mədəniyyət Nazirliyi: “Bu sərgi ermənilərin növbəti oğurluğu və qeyri-qanuni mənimsəməsidir”

 

““Armenpress.am saytının məlumatına görə, fevralın 20-də Ermənistanın Tamanyan adına Milli Memarlıq Muzey-İnstitutunda Şuşa Xalça Muzeyindən ötən ilin noyabrın 1-də çıxarılan xalçaların sərgisi keçiriləcək. Sərgidə təqdim olunacaq “Arsax” adlandırılan xalçalar Vətənimizin ayrılmaz hissəsi olan Qarabağa məxsus milli irs nümunələrimizdir. Bu sərgi ermənilərin növbəti oğurluğu və qeyri-qanuni mənimsəməsidir”. AYNA xəbər verir ki, bu fikirlər Azərbaycanın Mədəniyyət Nazirliyinin Şuşa xalçalarının Ermənistanda sərgisinin keçirilməsi ilə bağlı bəyanatında əksini tapıb.

 

Bəyanatda daha sonra deyilir: “Ermənistanın Azərbaycanın beynəlxalq səviyyədə tanınımış əraziləri daxilindən mədəni irs nümunələrimizin qanunsuz çıxarılması, daşınması, digər ölkə ərazisinə gətirilməsi kimi əməlləri UNESCO-nun “Silahlı münaqişə zamanı mədəni mülkiyyətin müdafiəsi haqqında” 1954-cü il Haaqa Konvensiyası və onun İkinci protokolunun 19-cu maddəsinə və “Mədəni mülkiyyətin qanunsuz olaraq ölkəyə gətirilməsi, ölkədən çıxarılması və mülkiyyət hüququnun qanunsuz olaraq başqasına verilməsinin qadağan olunması və qarşısının alınmasına yönəldilmiş tədbirlər haqqında” 1970-ci il Konvensiyasının 11-ci maddəsinə əsasən beynəlxalq hüququn pozulmasıdır və bununla bağlı bütün məsuliyyət Ermənistan Hökumətinin üzərinə düşür”.

 

Bununla yanaşı, qeyd edilir ki, xalça elə nadir sənət nümunələrindəndir ki, toxunduğu bölgənin tarixini, o ərazidə yaşayan xalqa mənsubluğu barədə mühüm məlumatlar mənbəyidir: “Xalçalarımızın erməniləşdirilməsində mənfur qonşularımızın əsas məqsədlərindən biri də Qarabağın tarixini saxtalaşdırmaqdır. Əsrlər boyu burada toxunan xalçalardakı kompozisiya, naxışlar və rəng həlli Qarabağın məhz Azərbaycanın qədim mədəniyyət mərkəzlərindən biri olduğunu bir daha sübut edir. Xalçaçılıq sənəti qədimdən bəri Azərbaycan xalqının bəşəriyyətə miras qoyduğu nadir irs nümunələrindən biridir. Təsadüfi deyil ki, 2010-cu ildə Azərbaycan xalçasının toxunması ənənəvi sənəti UNESCO tərəfindən bəşəriyyətin qeyri-maddi mədəni irsi kimi tanınmışdır. Bu ənənə xalqımızda o qədər dərin köklərə bağlanmışdır ki, Azərbaycanın hər bir bölgəsində geniş yayılmış və inkişaf etdirilmişdir. Tarixən Azərbaycanda 8 əsas xalçaçılıq məktəbi fəaliyyət göstərmiş və hər biri öz naxış və boyaları ilə bir birindən fərqlənmişdir. Xalçaçılıq ənənələrinin məhz Qarabağ ermənilərində yayılmasının da səbəbi odur ki, bu sənət Azərbaycan icmasından mənimsənilmişdir”.

 

“Tarixən, ermənilər xalça toxuculuğu ilə deyil, xalça ticarəti ilə məşğul olmuş, ticarət prosesində Azərbaycan xalçalarını erməni xalçaları kimi təqdim edərək yalan məlumatları dünyaya yaymağa cəhd etmişlər. XIX əsrdə Qarabağda tədqiqatlar aparmış Y.Zedgenidze bütün müsəlman əhalinin xalçaçılıqla məşğul olduğunu, Qarabağda toxunan xalçaların kəmiyyət və keyfiyyətinə görə bütün Qafqazda birinci yer tutduğunu, ermənilərin isə bu sənətlə məşğul olmadığını, əksinə, xalçaçılıq sənətinə “arzuolunmaz iş” prizmasından yanaşdıqlarını yazır. Beləliklə, Ermənistan Hökumətinin himayəsi ilə nümayişkaranə şəkildə Tamanyan adına Milli Memarlıq Muzey-İnstitutunda Şuşa Xalça Muzeyindən qeyri-qanuni çıxarılan xalçaların sərgisinin keçirilməsi Ermənistanın bu sahədə tərəfdaş olduğu və öhdəlik götürdüyü beynəlxalq Konvensiyalara hörmətsizliyinin bariz nümunəsidir və bu yanaşmaya UNESCO tərəfindən münasibət bildirilməlidir. Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi bu məsələ ilə əlaqədar UNESCO ilə lazımi hüquqi prosedurları həyata keçirəcək”, - deyə sənəddə vurğulanıb.

Müəllif: Ayna.az