Zeynəb Xanlarovanı öldürmək istəyənlər - İşin arxasındakı şəxs və maraqlar

Mədəniyyət

23.05.2020 - 10:31

Bu münasibətlə Əli Həsənova və onun sirk mediasına mən də bir hədiyyə vermək istəyirəm

 

Bədənimiz su və yeməklə, şüurumuz isə suallarla böyüyür. Bir insanın sağlam bədənə sahib olması üçün düzgün qidalanması nə qədər vacibdirsə, onun sağlam şüura sahib olması üçün düzgün suallara cavab tapması da o qədər vacibdir. Mən bu prinsipə əsaslanaraq daim yeni suallar axtarır, sonra da bu suallara cavablar tapmağa çalışıram. Elə indiki mövzumuzla bağlı da bir xeyli suallar tapmışam və indi onlara cavablar axtarıram.

 

Niyə məhz Zeynəb Xanlarova? Hər şey necə başladı? Onun nüfuzuna xələl gətirməklə nəyə nail oldular? Zeynəb xanımın ölümündə kimlərin hansı maraqları var? Bu və digər suallara birlikdə cavab tapacağıq...

 

Bəlkə də hər şey daha əvvəldən başlamışdı. Biz isə yalnız internetin bizə yaratdığı imkanlardan yararlanaraq bu virtual arxivdə gizlənən gerçəklər əsasında təhlillər aparmalı olacağıq. Elə bu arxivə qovuşmuş ANS telekanalının məşhur süjeti hadisələrin başlanğıcı kimi görünür. Bu süjetdə Zeynəb Xanlarova incəsənət xadimlərinə verilən fəxri adların Fatma Abdullazadə tərəfindən müəyyən məbləğə satıldığını dilə gətirir.

Həmin vaxt Fatma Abdullazadə Prezident Administrasiyasının Humanitar siyasət məsələləri şöbəsinin müdiri vəzifəsində çalışırdı və 1-ci dərəcəli dövlət müşaviri idi. Yəqin ki, bu təqdimat sizə Əli Həsənovu da xatırladır. Əli Həsənov da 1-ci dərəcəli dövlət müşaviri idi və Prezident Administrasiyasının İctimai-siyasi məsələlər şöbəsinin müdiri vəzifəsində çalışırdı. İşin başında Əli Həsənov dayanırdı, Fatma Abdullazadə ikinci dərəcəli işləri görürdü, buradakı fəhlə sinfində isə mədəniyyət sahəsi üzrə Əbülfəs Qarayev yer alırdı. Rüşvət üçün işlək bir sistem qurulmuşdu və ötür-ötürlə ciblər dolur, hər yerindən duran da sənət və xalq fəxri ad sahibi olurdu. Belə çirkin bir sistemə ancaq Zeynəb Xanlarova etiraz edə bilərdi. Etdi də.

 

Ardından Zeynəb Xanlarovanın guya “uşaq pulu”nu kəsdirməsi ilə bağlı xəbərlər yayıldı. Elə Əli Həsənovun idarəetməsində olan media qurumlarında və onun şəxsi göstərişi ilə yazılmış yazılarda Zeynəb Xanlarovanın “uşaq pulu”nun verilməsinin dayandırılmasında hansı rol oynamasına dair ən əsaslı dəlil kimi “xalq arasında yayılan pıçapıç” göstərildi. Başqa cür ola da bilməzdi. Çünki “uşaq pulu”nun ləğvi ilə bağlı hər hansı qanun Milli Məclisdə müzakirəyə belə, çıxarılmamışdı və Zeynəb Xanlarova bu barədə heç bir ifadə işlətməmişdi.

 

Üzərindən çox keçmədi ki, Zeynəb Xanlarova Milli Məclisdə Məhəmməd Əmin Rəsulzadənin məzarının Türkiyədən Azərbaycana köçürülməsini təklif etdi. 10 Dekabr 2010-cu il tarixli iclasda bu təklifi verən Zeynəb Xanlarova, görünür, kimlərinsə kəskin qəzəbinə tuş gəlmişdi. Çox keçmədi ki, Zeynəb Xanlarovanın 1991-ci ildə Azərbaycanın müstəqilliyinin əleyhinə səs verməsinə dair xəbərlər tirajlandı. Lakin “Azərbaycanın Dövlət Müstəqilliyinin bərpası haqqında” Bəyannamə 30 avqust 1991-ci il tarixində səsverməyə qoyulmadan, birbaşa qəbul edilmişdi.

18 oktyabr 1991-ci il tarixində isə “Azərbaycanın Dövlət Müstəqilliyi haqqında” Konstitusiya Aktı Milli Məclisdə səsverməyə çıxarılmışdı və burada iştirak edən 258 nəfərin hamısı müstəqillik aktının lehinə səs vermişdi.

Hamının gözü önündə nəhəng bir həqiqət ola-ola satılmış media qurumlarının xain göstərişlər əsasında tirajladığı xəbərlərlə Zeynəb Xanlarovaya böhtan atıldı və oxuyanlar sorğu-sualsız inandılar. Məhz buna görə şüurun inkişafı üçün sualın əhəmiyyətindən bəhs etdim. Kortəbii inanmaq – sorğulamaq qabiliyyətinin çatışmazlığı kütləvi qüsurumuz olsa gərək ki, bəlkə də bu səbəbdən bütün dünyaya və bütün bəşərə töhfə vermək gücünə malik elm və mədəniyyət adamı yetirməmişik.

 

Hadisələr bu minvalla davam etdi. Zeynəb Xanlarova Milli Məclisdə müəllimlərin, həkimlərin maaşının azlığından şikayətləndi, ardınca onun hərbçilərin maaşının artırılmasına dair qanunun əleyhinə səs verməsi ilə bağlı şayiələr yayıldı. Zeynəb Xanlarova Milli Məclisdə Rasim Balayev nümunəsi ilə aktyorların, mədəniyyət xadimlərinin maddi çətinliklərindən gileyləndi, bir müddət sonra onun hansısa bölgəyə yol çəkdirməsinə mane olmasına dair şayiələr dildən-dilə dolaşdı.

 

Zeynəb Xanlarova Milli Məclisdə dənizlərin məmurlar tərəfindən hasarlandığını, Xəzərin xalqın əlindən alındığını, daha sonra Altıağacda tikilən məmur villalarının həyətinə su çəkmək üçün kəndlərə gedən suların kəsildiyini dedi, ardınca Nardaran camaatının Zeynəb Xanlarovanın evinə hücum etməsi ilə bağlı yalanlar tirajlandı. Zeynəb Xanlarova mitinqdə polislər tərəfindən döyülən vətəndaşlar üçün etiraz etdi, onları döymək yox, dinləmək gərəkdiyini dedi, bir az sonra evində işləyən ustaların pulunu verməməsi, seçiciləri ilə görüşməməsi, onları dinləməməsi ilə bağlı söz-söhbətlər eşidildi.

 

Nümunələr çoxdur. Daha nələr demədilər ki!? Zeynəb Xanlarovanın etirazlarını, tənqidlərini, haqq səsini gizlətdilər, ona atılan böhtanlar isə manşetlərdə oxunma rekordları qırdı. Kütlənin hər deyilənə sorğu-sualsız inanması işbazlar üçün əla fürsət idi. Onların çirkin əməllərini ifşa etməyə çalışan bir adama atıla biləcək ən ağır böhtanları atdılar və kütləni inandırdılar.

 

Bu münasibətlə Əli Həsənova və onun sirk mediasına mən də bir hədiyyə vermək istəyirəm. Onların növbəti xəbəri üçün fövqəladə bir başlıq məndən ərməğan olsun: “Qarabğı da ermənilərə Zeynəb Xanlarova verib!” Yazsınlar, camaat onsuz da inanacaq.

 

Bütün bunlar niyə başqa birinə deyil də, məhz Zeynəb Xanlarovaya qarşı planlandı? Məgər Milli Məclisdə tənqidi fikirlər səsləndirən başqa millət vəkilləri ya da müstəqil media qurumlarında iriçaplı məmurları sərt tənqid edən başqa vəzifə sahibləri yox idimi? Əlbəttə, var idi. Amma onların heç biri Zeynəb Xanlarova qədər tanınmırdı, sevilmirdi. Zeynəb Xanlarova elə bir şöhrətin və sevginin ünvanı idi ki, onun bir cümləsi milyonları qəzəbləndirməyə bəs idi. Ən uğurlu plan bu sevgini alt-üst etməklə başlayacaqdı. Maddi sıxıntılar içində üzülən, övladı üçün gecə-gündüz işləyən, vətəni üçün ölməyə hazır bir kütləni hansı üsullarla Zeynəb Xanlarovadan döndərə bilərdilərsə, hamısına əl atdılar. Onun nüfuzuna xələl gətirməklə onun ən böyük silahını – qazandığı şöhrət və sevgini əlindən almağa çalışdılar.

 

İndi isə Zeynəb Xanlarovanın ölüm xəbərini tirajlayırlar. Bu, ilk deyil. Bundan əvvəl də gah Amerikaya köçdüyünü, ölkədən qaçdığını, gah da vəfat etdiyini dedilər. Onlar nə istədilər, dedilər. Əminəm ki, ruhi-əsəb dispanserinin həkimləri belə, bu qədər səfsətə, bu qədər cəfəngiyyat, bu qədər yalan, bu qədər qeyri-adi nağıllar eşitməyiblər. Amma sözün əsl mənasında bir para dəlinin səhnəsinə tamaşaya durmuş bu xalq hər cür boşboğazlıq eşitdi, hər növ sarsaqlıq gördü. Fərq onda idi ki, həkimlərin içində ruhi-əsəb xəstələrinə inanan heç kəs olmurdu. Bu dəlilərə isə bu xalqın içində inananlar çox oldu.

 

Zeynəb Xanlarova isə onlara heç vaxt cavab vermədi. Onların olduğu səviyyəyə enmədi. Bu, olduqca möhtəşəm bir ibrət idi! Onlar uçurum ətəklərindən boğazları yırtılana qədər qışqırdılar, bağırdılar, çığırdılar, amma onların səsi zirvəyə çatmadı. Nəhayət, onlar Zeynəb Xanlarovanın ölümünü ancaq öz uydurduqları çirkin oyunlarda, yaşadıqları iyrənc xəyal dünyalarında görə bilərlər. Çünki bu xalqın tarixində sənəti ilə, yaratdıqları ilə əbədi ömür qazanıb Zeynəb Xanlarova. Onlar özləri isə bu xalq üçün də, bu tarix üçün də çoxdan ölüblər.

Müəllif: Orxan Bahadırsoy