Ədalət uğrunda mübarizə aparan azərbaycanlılar Mark Zukerberqə ünvanlanan flaşmob hazırlayıblar
“Facebook” sosial şəbəkəsinin çoxsaylı istifadəçiləri, erməni tərəfinin xeyli sayda şikayətləri səbəbindən, haqsız olaraq bloklanan populyar Azərbaycan qrupu “Azeri Home Chef”-in gələcək taleyindən ciddi şəkildə narahatdırlar. Mövcud olduğu bir il ərzində qrup 50 min nəfər Azərbaycan mətbəxinin və mədəniyyətinin sevənlərini və pərəstişkarlarını birləşdirdi və cəmiyyət tərəfindən keçirilən çoxsaylı yarışmalar istifadəçilər arasında böyük populyarlıq və rəğbət qazandı.
“Azeri Home Chef” markasının “Facebook” qrupunun yaradılmasından çox əvvəl ortaya çıxdığını çox az adam bilir. İdeyanın müəllifi, həm brendin, həm də qrupun yaradıcısı, “Turizmə və milli mətbəxə dəstək” İctimai Birliyinin həmtəsisçisi, “ArtiShok” agentliyinin qurucusu Fəxrəndə Həsənzadə 2016-cı ildə Azərbaycanda həvəskarlar arasında böyük bir mükafat fondu olan ilk kulinariya müsabiqəsini keçirdi. Məşhur həmyerlimiz Stalik Xankişiyev bu müsabiqənin münsiflər heyətinin fəxri üzvü idi.
Qarabağda Vətən müharibəsi başlayandan bəri qrupun təsisçiləri və fəalları baş verənlərdən kənarda qala bilməzdilər və informasiya sahəsində Azərbaycan Ordusunun və xalqının fəal dəstəyinə qoşuldular.
“Şəxsən mən və bütün qrup idarəçiləri üzvlərin icma normalarını pozmamasına və ümumi qəbul edilmiş qaydalar çərçivəsində hərəkət etməsinə diqqət yetirmişik. Qrup üzvlərindən heç biri özlərinə ədəbsiz ifadələr işlətməyi rəva görmədilər və qadağan edilmiş çağırışlar etmədilər. Həqiqəti insanlara çatdırdıq və əlbəttə ki, qrupumuz haqqında çoxlu şikayət göndərməyə başlayan erməni istifadəçiləri bunu bəyənmədilər”, - deyə Fəxrəndə Həsənzadə AYNA-ya danışıb.
Nəticədə, qrup bu vəziyyətdə “seksual zorakılıq və istismar” kimi absurd bir bəhanə ilə blok edilib və silinib. Ədalət uğrunda mübarizə aparanlar vaxt itirmədən, Azərbaycan seqmentindəki ən populyar “Facebook” qrupunu xilas etməyə başlayıblar və hətta Mark Zukerberqə ünvanlanan bir flaşmob çəkdiriblər.
“Çox təsirli idi. Hətta, yad insanlar da mənə yazdılar, köməklərini təklif edərək, dəstəklərini ifadə etdilər”, - Həsənzadə bildirib.
Flaşmobun ardından qrup üzvlərindən biri - Mələk Mollazadə “change.org” platformasında bir gün ərzində 500-dən çox imza toplayan bir petisiya hazırlayıb. Müraciətdə “Facebook”un “Azeri Home Chef” qrupunu heç bir araşdırma aparmadan sildiyi vurğulanır. “Gəlin bu haqsızlığı dayandıraq!” – petisiya müəllifi çağırış edir.
Qrup üzvləri əllərini aşağı salmır və ümidlərini itirmirlər. Müharibə dövründə qrupun qurucusu, Füzuli şəhərinin sakini Fəxrəndə Həsənzadə həmfikirləri ilə birlikdə dayanmadan xeyriyyə işləri görüb, şəhid ailələrini və ehtiyacı olan hərbçilərin ailələrini ziyarət edib, yeddi dəfə cəbhəyə gedib, orada əsgərlərlə görüşüb, onların döyüş ruhuna dəstək olub və “Azeri Home Chef” qrupunun fəalları tərəfindən xüsusi olaraq əsgərlərimiz üçün hazırlanan ləzzətli ev yeməklərinə onları qonaq edib. Bu menyuya Qarabağ kətəsi də olmaqla, digər milli şirniyyat və yeməklər daxil idi.
Fəxrəndə Həsənzadənin bu missiyasına böyük həvəslə Bakıda yerləşən Mixail Arxangel Kilsəsinin üzvləri də qoşulublar: əsgərlərimiz üçün ev yeməyi və xəmir xörəkləri hazırlayıblar. Son səfərlərindən birində Suqovuşan kəndinin azad edilməsi uğrunda döyüşlərdə iştirak etmiş əsgərləri ziyarət ediblər.
“Döyüş xatirələri ilə dolu çox isti bir görüş idi. Hər yerdə bizi ləzzətli çay və böyük sevgi ilə qarşıladılar. Ön cəbhədə uşaqlarımızın böyük birliyini gördüm, hamısı orada qardaş kimidir. Özüm də şahidi olduğum kimi, ordumuzun heç bir şeyə ehtiyacı yoxdur, amma buna baxmayaraq, əsgərlər diqqət və qayğılarımızdan çox məmnun qaldılar”, - Həsənzadə qeyd edib.
Cəbhə bölgəsinə səfərlər zamanı onu həmfikirləri və “Azeri Home Chef” qrupunun üzvləri Zaur Şumilov, Sevda Axundova, Qasım Qasımov müşayiət ediblər. Qrupun digər bir üzvü İradə Həsənova öz kafesini cəbhəçilər və cəbhə bölgəsi sakinləri üçün əşyaların toplanması və qəbulu mərkəzi kimi istifadəyə təqdim edib.