Oxuduğum kitabların sonuncu sətirləri kimisən - bitirmək istəmirəm...
və ya öndə addımlamaq arzumuza doğru yüyürməklə bəzən xoşbəxtliyimizin də üstündən adlayıb keçirik
Eyni yolun yolçusu, eyni qatarın sərnişiniyik. Səhərlər üşüdüyümüz stansiyalar eynidir, axşamlar evə tələsdiyimiz yollar. Mindiyimiz vaqonlara da evimizin divarları kimi öyərşmişik. Elektron bələdçinin səsi də heç dəyişmir, elə hey təkrarlanır.
Sənin rəngli dünyanın ağ və qarası, mənim qaranlığımın çilçırağı, ikimizə isə aid boz, bəzən də çalarını belə, seçə bilmədiyimiz toz-dumanla doludur hər tərəf indi və üzbəüz dayansaq da, bir-birimizi görə bilmirik. Çünki sənin gözünü zillədiyin uzaqlarda mən yoxam, mənim eynəyimi taxıb səni axtardığım yaxınlarda sən görünmürsən.
Dəyişməyən bir şey də var: sən gecədən yarımçıq qalan yuxuna laylay demək üçün qulağını musiqiyə söykəyib mürgüləyirsən, mənsə darıxmamaq üçün kitab vərəqləyirəm. Ancaq nə qədər darıxsam da, həmin oxuduğum kitabların sonuncu sətirləri kimisən - bitirmək istəmirəm.
Ətrafdakı səslər də kəsilmir, biri pıçıltı ilə telefonla danışır təzəcə tanış olduğu sevgilisiylə, başqası işə gecikdiyi üçün müdirinə bər-bəzəkli bəhanələr uydurur. Bütün bunların hamısını da səssiz gecələrdəki qurbağa qurultusu kimi aydınca eşidirik. Özümüzü isə nə görürük, nə eşidirik. Heç duymuruq da.
Hərdən sən üzünü çevirib ətrafa boylanırsan, boysırası ilə ötüb keçən ağaclara, yöndəmsiz tikilən bahalı villalara, kasıb komalara tamaşa edirsən. Mən qarşı pəncərəyə söykənib yeni ucaldılan binaları sayıram. İki üzü var axı bu şəhərin. Biz də ayrı-ayrı tərəflərində axtarırıq bir-birimizi.
Ancaq insanları çoxaldıqca, çiyinlərində hər gün çoxmərtəbəli binalar tikildikcə bu şəhər də qocalır, beli bükülür. Asta-asta yeriyir daha, bir əlində çomaq, birində təsbeh, gözlərində də eynək gəzdirir, ahıl veteranlar kimi müharibə xatirələrini danışmaqdan başqa heç nədən zövq almır. Uşaqlığı müharibə illərinə düşənlərin yaddaşı kimidir, hər küncündə bir mərmi paslanıb qalmış.
Bir də bu şəhərin varlıları fikirdən, kasıbları dərddən ölür. Ancaq bizim kimi onların da hər ikisi ömür boyu axtarışdadır: varlılar kasıbların pulunu ələ keçirməyin, kasıblar da həmin pulları varlılardan oğurlamağın yollarını axtarırlar.
Biz isə üstündə dayandığımız yolun özünü tapa bilmirik. Səhər və axşam soyuqdan dişlərini sıxıb üşüyən köhnə stansiya ilə qoca şəhərin ucu-bucağı görünməyən mərmər platformaları boyunca qaçan insanların, gündüzlər qalaq-qalaq işlərin arasında itib-batırıq. Hərdən lap yaxınlaşırıq, nəfəsimizdən də yaxın oluruq bir-birimizə, elə nəfsimizdən də.
Lap büdrəyib çiynimə də toxunursan, yıxılmamaqçün qolumdan yapışırsan, sonra məni də itələyib keçirsən ən qabaq cərgəyə. Öndə addımlamaq arzumuza doğru yüyürməklə bəzən xoşbəxtliyimizin də üstündən adlayıb keçirik.
Qəflətən arxada, izdihamın lap sonundakı ən axırıncı adamın adını qışqırıb, səni səslədiyini isə eşitmirsən. Beləcə növbəti qatarın da qapıları bağlanır və çıxıb gedəndən sonra anlayırsan qayıtmağın dəyərini...
Xəzər Əlizadə
AYNA üçün