və ya sevgilimiz dənizdir
Xəzərin dəli dalğaları sahilə vurduqca ləpələrdə artıq xatirəyə çevrilən doğma səsi eşidirəm. "Xəzri pəncərəni bağlayıram, soyuq olar".
"Xəzri" kəlməsi uşaqlıq xatirələri Bakı ilə bağlı olmayanlara yad olsa da, poeziyaya bağlananlara tanışdır. Necə?
"Bəlkə də, bir xəyalımış, mavi sular naxış-naxış" söyləyən Nəbi Xəzrinin Xəzər ətirli misralarından. Şair nəğmələr dünyasında daha çox "Sevgilimiz dənizdir" deyib, "Dənizi hədiyyə verirəm sənə" ilə xatırlanır.
Ancaq onun təbirincə desək, mənim xatirə dalğalarımda anamın "mətbəx qeydləri" Nəbi Xəzrini başqa misralarla da xatırladır mənə. Onun dilindən eşitdiyim "Dərələr" canlanır beynimdə:
"Dağa qısılıb yatar,
Mışıl-mışıl dərələr.
Dərələr, dərələr
Yaşıl-yaşıl, dərələr".
Həmin şirin xatirə dalğalarına daldıqda bu dəfə onun həzin səsindən başqa misraları duyuram:
"Nar ağacı, nar çiçəyi,
Bir ulduzdur hər ləçəyi".
Bu misralardan sonra, bəlkə də, təsəvvürünüzdə təbiət şairi obrazı yarana bilər. Ancaq Nəbi Xəzri təbiətin paklığından doğan saf sevgini "dalğaların sözləri ilə" dilə gətirirdi:
"Ulduzların gözləri ilə
Gördüm səni gecəyarı,
Dalğaların sözləri ilə
Dindi könül arzuları".
O, sadəcə vüsalı deyil, doğma qəlblərin ayrılığını da incə duyğularla ifadə edirdi:
"Gecə şirin-şirin mürgüləyəndə
Seyr edər ay səni, kəhkəşan səni.
Mən səhər küləyə "əsmə” deyəndə
Kim isə oyadar yuxudan səni".
Və həmin misralarla yazdığı şeiri "Ayrı sahillərin eyni dalğası" adlandırmaqla bir vuran qəlblərin nə qədər başqa sahillərə yan alsalar belə, həmişə bir olduqlarını hiss etdirir. Eyni dalğada olanlar üçün ən gözəl ümidin isə elə birgəlik olduğunu da...
"Sənsiz günəşsizdir bu göy, bu torpaq
Hər nəyi istəsən, al məndən, gözəl.
Tək ümid qoy qalsın
Ümid – bir dünyalıq gülüşlərindir
Tək ümid qoy qalsın
O, ani, əbədi görüşlərindir".
Və sonda dənizə deyil, göylərə baxanda ürəyimdəki duyğularım Nəbi Xəzrinin misraları - "dalğaların sözləri ilə"danışır:
"Gecələr sakitcə axan ulduzlar
Göylər çəmənində naxışlarındır.
Gecələr sakitcə axan ulduzlar
Göylər çəmənində naxışlarındır.
Hardasa gözümə baxan ulduzlar
Ulduz yox, həsrətli baxışlarındır".
Günel Natiqqızı,
AYNA üçün