Hara Türk ayağı dəyib - mən həmin yerdən gəlmişəm

Mədəniyyət

18.05.2022 - 16:39

Eldar Nəsibli Sibirel - 70

Bu gün çağdaş Azərbaycan ədəbiyyatının görkəmli nümayəndəsi, hamımızın əzizimiz, "Bura Qazaxdır, oğlum" şeiri ilə Qazağın xəritəsinin sözlə rəsmini çəkən şair Eldar Nəsibli Sibirelin 70 yaşı tamam olur.

Həyatın keşməkeşli yolları ömür boyu Eldar Nəsiblini təqib etdi. Sovetlərin məhvedici istəklərinin qurbanına çevrildi Eldar Nəsibli Sibirelin ailəsi. Uzaq, soyuq Sibirə sürgün olundular. 70 il öncə may ayının 18-də Sibirin sərt təbiətində bir şair oğlan göz açdı dünyaya. Adına Eldar dedilər. Elə adına layiq yaşadı. Elin, Vətənin dar günündə qələmini silaha çevirdi Eldar Nəsibli Sibirel:

Mən köhnə kişiyəm, bala,

Nuh adlı sirdən gəlmişəm.

Hara Türk ayağı dəyib,

Mən həmin yerdən gəlmişəm.

Uzaq Sibirdən Azərbaycanın ən ucqar sərhədi olan Qazağa kimi bir tale yaşadı Eldar Nəsibli Sibirel. Şəhid qəbirləri and yeri, səngərlər qibləgahı oldu:

Bu dağlar tərs, avand yerim.

Qayalar sapand yerim.

Hər Şəhid qəbri - and yerim...

Gör neçə pirdən gəlmişəm?!

Doğrunu yazdı, xəbisdən uzaq gəzdi:

Sibirel, əyrilər əyəmməz səni,

Bədxahlar, xəbislər öyəmməz səni.

Öyrənə-öyrənə bəyənməz səni,

Köçürə-köçürə alim olanlar.

Qədim Türk boylarının genetik xüsusiyyətlərini ömür yolunun kredosuna çevirdi. Seçdiyi yol həm onun şəxsiyyətinə, həm ömür yoluna, həm də oxucusuna baş ucalığı, üz ağlığı gətirdi:

Azmamışam duman, çəndə,

Aç oxu tarixi məndə.

Şəhidə qəbri sinəmdə

Qazan türk oğlu türkəm mən.

Şairlər haqqın yer üzünə göndərilmiş Söz Elçiləridir. Şairlər taleyini hansısa şeirlərində mütləq qələmə alırlar. Olacağı da, ölümü də əvvəldən bilir şairlər - Haqdan gələn səslə. Ölümünü yuxuda görmüşdü Eldar Nəsibli. Vətən yollarında öləcəyini də bilirdi. İlahi verginin ən böyük sübutudur Eldar Nəsibli Sibirel:

Sən - gözümdə ağaran dan,

Damarımda qaynayan qan.

Gəlmişəm yolunda qurban

Olam, yurd yeri, yurd yeri.

12 il öncə yurd yeri ilə görüşə gedəndə qəzaya düşdü. Yurdun yollarında bu dünya ilə vidalaşdı.

Çap olunmayan şeirləri, bir də əziz xatirəsi qaldı bizlərə. Bir gün eşitdim ki, Sibirelin çap yolu gözləyən şeirləri yazı masasının üstündə qalıb - sahibi olmayan övladlar kimi. Bu haldan "Azərbaycan Sənaye Korporasiyası" Açıq Səhmdar Cəmiyyətinin baş direktoru, "Qazax" Xeyriyyə İctimai Birliyinin üzvü  Kamran Nəbizadə (Kamran müəllim 2017-ci ildə 107 saylı Qazax Seçki Dairəsindən seçilən millət vəkili idi) xəbər tutdu. Dərhal oğlu Alı  ilə əlaqə saxladı. Sibirelin sonuncu kitabını onun adına, yaradıcılığına layiq şəkildə çap etdirdi. Kamran müəllim Sibirelin 65 yaşına "Seçilmiş əsərlər" kitabını hədiyyə etdi. O kitab həm Eldar Nəsiblinin ruhuna, həm Azərbaycan ədəbiyyatına, həm də bütün qazaxlılara ən böyük ərmağan oldu - söz ərmağanı, kitab ərmağanı, ölməzlik ərmağanı. Bu dünyada bir söz yaşar, bir də əməl. Eldar Nəsibli Sibirel sözü ilə, Kamran Nəbizadə əməli ilə ölməzlik qazandı.

Bu gün ayrılığın təntənə ilə, bizlərin isə üzüntü, kədərlə qeyd etdiyimiz bir doğum günüdür - Eldar Nəsibli Sibirelin doğum günü. Yaşasaydı, bəlkə də, ən böyük salonlarda anşlaqla qarşılanan yubiley tədbiri düzənlənəcəkdi Eldar Nəsiblinin şərəfinə. Tale, qismət deyilən bir həqiqət var. Tale Eldar Nəsibliyə 70 yaşını Şıxlıda - doğma yurdda Sovetlər tərəfindən min bir əziyyətlərə məruz qalmış doğmaları ilə birgə, dünyanın yenə o başında - Göy üzündə, bizdən çox uzaqda qeyd etməyi qismət etdi. 70 yaşınız mübarək olsun, yurd ünvanlı Eldar müəllim.

Böyük ehtiramla: Səbinə Yusif, "CARÇIOGLU GROUP" MMC-nin mətbuat xidmətinin rəhbəri, Azərbaycan Jurnalistlər Birliyinin və "Qazax" Xeyriyyə İctimai Birliyinin üzvü

Müəllif: Ayna.az