“Sevginin ünvanı” - AzTV serial çəkdi - VİDEO

Mədəniyyət

27.03.2023 - 18:49

Dəhşətli ailə dramı, məhv olmuş talelər...

“Azərbaycan Televiziya və Radio Verilişləri” QSC yeni seriala start verir. AYNA xəbər verir ki, QSC-nin İctimaiyyətlə əlaqələr və sosial media şöbəsinin məlumatına görə, “Sevginin ünvanı” adlı yeni serial bu gündən etibarən yayımlanacaq.

Real hadisələr əsasında çəkilən serialda əsas mövzu narkomaniya və erkən nikahla mübarizədir. Serialın baş qəhrəmanı Bəsti təkcə adını deyil, bütün həyatını dəyişdirir, qarşısına qoyduğu ən böyük məqsədə - ali təhsil almaq arzusuna çatır. “Həyat acılı-şirinli günlərdən ibarət bir gündəlikdir” - bu həqiqəti qəhrəmanların hər biri dərk edərək, məhz sevginin həyatın mənbəyi olduğunu anlayır. Həyat sevgi ilə başlayır, məhz o maneləri dəf etməyə kömək edir, yaşamağa güc verir. Amma elə yanlışlıqlar, elə səhvlər var ki, onlar insanın həyatını büsbütün məhv edə bilər və baş qəhrəmanların biri eynən belə səhvin qurbanı olur.

1 aydan çoxdur çəkilişləri davam edən serial 10 bölümdən ibarət olacaq. Serialda narkomaniya, erkən nikah, gender qeyri-bərabərliyi və qadınlara qarşı şiddət kimi problemlərə toxunulur.

Serialın rejissoru Zaur Zeynal, ssenaristi Leyla Qədirzadə, prodüseri Nicat Həsənlidir. Layihənin rəhbəri isə Həmid Əsədzadədir.

“Sevginin ünvanı” serialının ilk bölümü bu gün saat 15:00-da, təkrarı isə axşam saat 21:00-da AzTV-də yayımlanacaq. Serialın müntəzəm efir vaxtı isə hər həftənin bazar günü saat 19:00 olacaq.

Serialın anonsunu təqdim edirik:

Müəllif: Ayna.az