“Abxaziya və Cənubi Osetiyanı geri qaytarmaq, Avropaya inteqrasiya niyyətindəyik”

Dünya

27.05.2024 - 09:48

Kobaxidze: “Bizim arzumuz 2030-cu ilə qədər abxaz və osetin qardaş və bacılarımızla birlikdə vahid və güclü Gürcüstanda yaşamaqdır”

Gürcüstan Abxaziya və Cənubi Osetiyanı geri qaytarmaq, ölkənin ərazi bütövlüyünü bərpa etmək və 2030-cu ilə qədər Avropa Birliyinə daxil olmaq niyyətindədir. AYNA gürcü mediasına istinadən bildirir ki, bu barədə ölkənin Baş naziri İrakli Kobaxidze deyib.

“Bizim arzumuz 2030-cu ilə qədər abxaz və osetin qardaş və bacılarımızla birlikdə vahid və güclü Gürcüstanda yaşamaqdır. Vahid və güclü Gürcüstan 2030-cu ildə Avropa ailəsinin tamhüquqlu üzvü olmalıdır!” – deyə Baş nazir həmvətənlərini Müstəqillik Günü münasibətilə təbrik mesajında yazıb.

Bu arada, Gürcüstanın Aİ ilə münasibətləri parlamentin Rusiya qanunlarına bənzər “Xarici agentlər” haqqında qanununu qəbul etməsi ilə pisləşib. Mənbələr “Financial Times”a bildiriblər ki, qanun qüvvəyə minərsə, Aİ ölkənin üzvlük müraciətini dondura bilər.

Abxaziya və Cənubi Osetiyanın Gürcüstana qaytarılması ilə bağlı da irəliləyiş yoxdur. Respublikalar 1990-cı illərin əvvəllərində “müstəqilliklərini” elan etdilər. 15 ildən artıqdır ki, onlar BMT-nin heç bir ölkəsi tərəfindən tanınmayıb. Gürcüstan 2008-ci ilin avqustunda qoşun yeridərək Cənubi Osetiya üzərində nəzarəti bərpa etməyə cəhd etdikdən sonra hər şey dəyişdi. Rusiya vəziyyətə müdaxilə etdi. Moskvanın “sülhün tətbiqi əməliyyatı” və Tiflisin Gürcüstana qarşı hərbi təcavüz adlandırdığı beş günlük müharibədən sonra Kreml Cənubi Osetiya və Abxaziyanın “müstəqilliyini” tanıdı. Bundan sonra Venesuela, Nikaraqua, Nauru və Suriya da eyni addımı atdılar. Rusiya da öz hərbi bazalarını özünü elan etmiş qondarma respublikaların ərazisində yerləşdirdi.

2022-ci ildə Cənubi Osetiyadakı silahlı münaqişənin ildönümündə Rusiya Təhlükəsizlik Şurasının sədr müavini Dmitri Medvedev bildirib ki, həmin hadisələr və Ukraynadakı hazırkı müharibə “Rusiyaya qarşı yönəlmiş vahid proses və ümumi plandır”. Onun sözlərinə görə, Qərb və ilk növbədə ABŞ “qonşuları vasitəsilə” ölkədə “vəziyyəti qızışdırmaq” istəyir.

Medvedev həmçinin qeyd edib ki, Gürcüstan NATO ilə yaxınlaşmağa doğru addım atacağı təqdirdə Abxaziya və Cənubi Osetiya Rusiyaya birləşdirilə bilər. Birinci respublikanın hakimiyyət orqanları “müstəqilliyi” qorumaqla Rusiya Federasiyası və Belarusla İttifaq dövləti çərçivəsində qarşılıqlı əlaqədə olmaq istədiklərini bildirdilər. Öz növbəsində Cənubi Osetiya “rəhbərliyi” Rusiyaya birləşmək üçün “referendum” keçirməyə hazırlaşırdı, lakin sonra onu ləğv etmək qərarına gəldi. Gürcüstanın özü bu yaxınlarda bəyan etdi ki, NATO-ya inteqrasiya ölkənin xarici siyasətində prioritet olmaqda davam edir.

Ötən ilin avqustunda ABŞ, Böyük Britaniya, Fransa, Albaniya, Yaponiya və Malta birgə bəyanatda Moskvanı Cənubi Osetiya və Abxaziyanı gürcüstana geri qaytarmağa çağırmışdı. Onlar qeyd ediblər ki, 2008-ci ilin avqustunda Rusiyanın Gürcüstana təcavüzü Kremlin qonşu ölkələrlə bağlı siyasətində hazırda Ukraynada müşahidə olunan daha ​​aqressiv tendensiyaya səbəb olub.

Müəllif: Ayna.az