“ABŞ polis dövlətinə doğru gedir” – Amerikada yaşayan azərbaycanlı jurnalist

Dünya

06.06.2020 - 20:00

İsmayıl Cəlilov: Tramp istədiyi vaxt nümayişçilərin üzərinə ordu yeridə bilməz”

 

ABŞ-da qaradərili Corc Floydun polis tərəfindən qətlə yetirilməsi ilə başlayan etiraz aksiyaları davam edir. Yüzminlərlə insan hadisənin baş verdiyi Minneapolis şəhəri daxil olmaqla, paytaxt Vaşinqtona, hətta Ağ Evin ətrafına qədər yığışaraq ədalət və irqçiliyə son qoyulmasını tələb edir.

 

Bundan əlavə, demokratiya carçısı kimi tanınan ABŞ-da aksiyalar zamanı jurnalistlərə qarşı zorakılıq halları da baş verir. Məsələn, mayın 29-da canlı yayım zaman CNN telekanalının çəkiliş heyətinin saxlanılması böyük təəccüb doğurmuşdu. Lakin bu hadisədən sonra çox sayda jurnalistin hüquq mühafizə orqanlarının hücumuna məruz qaldığı ortaya çıxdı. Məlumatlarda jurnalistlərin rezin güllələrlə vurulması, üzərlərinə əl qumbaralarının atılması, onlara qarşı gözyaşardıcı qazlardan istifadə olunması və müxtəlif fiziki işgəncələr böyük əks-səda doğurdu.

 

Daha sonra yayılan məlumatlara görə, Pentaqon Vaşinqtona 1600 hərbçi cəlb edib. Lakin Birləşmiş Ştatların Müdafiə naziri Mark Esper ölkədəki genişmiqyaslı etirazları ləğv etmək üçün şəhərlərə ordu göndərilməsini dəstəkləmədiyini bildirdi: “Prezident Donald Trampın son vaxtlar ordunun nizam-intizamını pozmaq istəməsinə qarşıyıq. Pentaqondan yalnız son vasitə və ən təcili vəziyyətlərdə istifadə edilməlidir. Hal-hazırda biz bu vəziyyətlərdən birində deyilik. Mən bu çağırışın tərəfdarı deyiləm”.

ABŞ-da yaşayan azərbaycanlı jurnalist İsmayıl Cəlilov AYNA-ya baş verənlərdən danışıb. Bildirib ki, hazırda komendant saatına baxmayaraq, etirazlar davam edir: “Bu nümayişlər Amerikanın ən iri şəhərlərində də davam edir. Siyasətçilərin çağırışlarından sonra müəyyən dəyişiklik müşahidə olunur. İnsanlar kütləvi şəkildə küçələrə çıxsalar da, dinc yolla itaətsizlik göstəriblər (məsələn, əllərini qaldırıb yerdə oturublar), fəal şəkildə nümayişlər azalıb. İnsanlar polis tərəfindən həbs edilməyi gözləyərək, dinc yolla itaətsizlik və narazılıqlarını bildirirlər. Artıq bu hadisələr siyasi aləmi çalxalayıb. Çünki irqçilik hələ də Amerikanın qanayan yarası olaraq qalır və polis tərəfindən zorakılıq davam etməkdə olan, həll edilməmiş problemdir. 2014-cü ildə Missuri ştatının Fergüson şəhərindəki olaylar, ya da Merilendin Baltimor şəhərindəki olaylar son iri qiyamların nümunələridir. Lakin irqi və etniq azlıqlara qarşı aşırı polis zorakılığı demək olar ki, gündəmdən düşməyib. Nümayişçilərin tələbi problemi sistemli şəkildə həll etməkdir”.

 

“Bir şeyi yadda saxlamaq lazımdır ki, Amerikanın federalist quruluşu qəsdən belə yaranıb ki, bir polis qurumu olmasın. Burada 17985 polis qurumu var və bunların hamısı ayrı-ayrı bələdiyyələrin tabeçiliyindədir. Federal Təhlükəsizlik Xidməti vahid polisə bənzər struktur olsa da, qanunlara görə, yalnız məhdud səlahiyyəti var və adətən yerli hadisələrə qarışmaq haqqı, ixtiyarı yoxdur. Bütün bu polis qüvvələrinin maliyyəsi də, təlimləri də, zabitlərin psixoloji və ya başqa dəstəyi və hazırlığı da vahid qanunlarla yox, bir-birindən xeyli fərqlənən yerli qanunlarla idarə edilir və təbii ki, zəngin bələdiyyələrlə daha yoxsul bələdiyyələr arasında nəhəng maliyyə imkanları fərqi mövcuddur”, - deyə Cəlilov bildirib.

 

Müsahibimiz aksiyalar zamanı baş verən polis zorkalığından da danışıb: “Zorakılıq var idi və indi də var. Amma son gecənin hadisələri onun səviyyəsinin azaldılmasına işarə edir. Polis tərəfindən jurnalistlərin qəsdən hədəfə alınması halları geniş müzakirə edilir. Polisin cəzasızlıq hissi, açıq-aydın jurnalistlərə hücumları, yəqin ki, islahatlara çağırışlarla nəticələnəcək. Diqqəti buna da çəkmək istəyirəm ki, zorakılığın böyük hissəsi sağçı ağdərili milliyətçilər tərəfindən törədilib və nümayişçi azlıqları gözdən salma səbəbləri ilə edilib. Bu barədə həm Minneapolis şəhərinin meri, başqa siyasətçi və rəsmilər, həm də nümayişçilərin özü dəfələrlə danışıb. Dünən “Twitter” sağçı ağların bir qrupunun hesabını bağlayıb. Onlar “Antifa” (solçuların qruplaşması) adından hesab açaraq, zorakılığa, polislərə qarşı silahlardan istifadə etməyə çağırıblar. Dinc yolla nümayiş keçirmək, hökumətə və dövlətə etiraz bildirmək, hər birimizin haqqıdır. Dinc nümayişçilərin qarşı tərəfdən provokasiyaya çəkilməsi, demokratik cəmiyyətin dəyərlərini təhrif edir”.

 

“O ki, qaldı səslənən şüarlara, bu, Tramp hakimiyyəti əleyhinə yox, Trampın özünün əleyhinədir. Yəni, nümayişçilərin hökuməti devirmək kimi məqsədləri yoxdur. Trampın irqçi tvitlərinə və bəyanatlarına qarşıdırlar. O, tez-tez irqçilərə səslənir, onların istifadə etdikləri leksikondan istifadə edir və bununla da üstüörtülü olsa da, onları dəstəklədiyini göstərməyə çalışır. Buna ABŞ-da “dog whistle messaging” deyirlər. Yəni, “yüksək tezliklərdə çalınan fit”. Ki, bunu yalnız itlər eşidə bilər, adi insan diapazonunda olan səslər yox. Trampın imicinə vurulacaq zərbə də artıq çoxdan vurulub. Zənnimcə, ona səs verməkdə qərarlı adamların fikri dəyişməyəcək, onun əleyhinə olan elektoratın fikri isə bundan sonra heç dəyişməyəcək. Ortada qalan və indiyədək fikrini formalaşdırmayan qruplar da var və güman edilir ki, bu son olaylar Trampı bəzilərinin gözündən sala bilər, amma bəzilərini də Trampı dəstəkləməyə təşviq edə bilər. Yəni, hər şey şəxsi əqidədən asılıdır”, - jurnalist vurğulayıb.

 

Cəlilov şəhərlərə ordu yeridilməsi məsələsinə belə münasibət bildirib: “Milli Qvardiyanı (National Guard) ABŞ ordusundan ayırmaq lazımdır. MQ ştat qubernatorunun tabeçiliyindədir və rezervistlərdən ibarətdir. ABŞ ordusu isə Prezidentə tabedir. Prezident MQ-ya və ştatın qubernatoruna əmr verə bilməz. Ştatın qubernatoru da ABŞ ordusuna əmr verə bilməz. Bir sözlə, sistem mürəkkəbdir. 1807-ci ildən bəri istifadə edilməmiş qanun var ki, ABŞ Prezidentinə ABŞ ordusunu ölkəyə yeritmək haqqını verir. Lakin bunu etmək üçün uzun-uzadı prosedur var, buraya Konqress də aiddir. Yəni, Prezident öz istəyi ilə qəfildən ordu yeridə bilməz. Yeganə istisna paytaxt Vaşinqtondur - heç bir ştata aid olmayan federal inzibati vahiddir. Ona görə də biz Vaşinqtonda daha çox ordu mövcudluğu gördük. Lakin Prezident Tramp dəfələrlə diktator meyllərini göstərib və qanunun incəliklərini anlamadığını və anlamaq niyyətində olmadığını nümayiş etdirib. Dəfələrlə boş bəyanatlar verib ki, sonra onun komandası bu bəyanatları yavaş-yavaş sıfıra endirib”.

 

“Gözləntilər budur ki, Amerika xalqı bir araya gəlib (hər hansı başqa problemlə üzləşdiyimiz zaman kimi) bu məsələdə bir konsensus əldə edəcək. Proses mürəkkəbdir. Lakin nümayişçiləri və vicdanlı amerikalıların hamısını birləşdirən bir amil var - biz anlayırıq ki, irqçilik nəhəng və davam edən problemdir, nəticədə həll edilməlidir. Mənim müşahidəm budur ki, güc strukturlarına 9-11 hadisələrindən sonra həddindən artıq çox səlahiyyət verilib və bu cür səlahiyyətlər Amerikanı polis dövlətinə aparıb çıxara bilər. Artıq bu cür geniş səlahiyyətlər demokratik idarəçilik prinsipləri ilə toqquşmağa başlayır”, - İ.Cəlilov əlavə edib.

Müəllif: Mərahim Nəsib