Zelenski: “Ukraynanın cəbhədə təşəbbüsü ələ keçirmək şansı var”

Dünya

22.04.2024 - 09:44

“Bu gün Ukraynanın uzaqmənzilli silahlara və hava hücumundan müdafiə sistemlərinə ehtiyacı var”

“Kiyev ona lazım olan silah sistemlərini alacağı təqdirdə Ukrayna Silahlı Qüvvələrinin cəbhədə təşəbbüsü ələ keçirmək şansı var”. AYNA xarici mediaya istinadən bildirir ki, bu sözləri Ukrayna Prezidenti Volodimir Zelenski Amerikanın NBC telekanalına müsahibəsində bildirib.

Ukrayna lideri bu sözləri aprelin 20-də ABŞ Konqresinin Nümayəndələr Palatası Ukraynaya 60 milyard 800 milyon dollar məbləğində yardım paketini təsdiqlədikdən sonra bildirib.

Zelenski qeyd edib ki, bu gün Ukraynanın uzaqmənzilli silahlara və hava hücumundan müdafiə sistemlərinə ehtiyacı var.

Ukrayna Prezidenti ümid edir ki, ABŞ Konqresi ölkəsinə yeni vəsaitin ayrılmasını təsdiqlədikdən sonra Amerika administrasiyası Ukrayna ordusuna təcili olaraq cəbhəyə lazım olan silah və texnikanı tez bir zamanda göndərəcək.

“İndi vəziyyəti sabitləşdirmək və təşəbbüsü ələ keçirmək şansımız var. Ona görə də həqiqətən bu silah sistemlərinə sahib olmalıyıq”, - Zelenski vurğulayıb.

Müharibənin mümkün bitmə vaxtı barədə danışan Zelenski qeyd edib ki, hər şey Ukrayna ordusunun nə qədər tez yardım almasından asılıdır.

Müəllif: Ayna.az