Zelenski ilə Si Cinpin arasında telefon danışığı olacaq

Dünya

31.03.2023 - 12:25

“Çin Xarici İşlər Nazirliyinin nümayəndələrinin ukraynalı həmkarları ilə daim təmasdadırlar”

Çin rəhbəri Si Cinpinlə Ukrayna Prezidenti Volodimir Zelenski arasında telefon danışığı ola bilər. AYNA xəbər verir ki, bu barədə “Financial Times” qəzetinə müsahibəsində Çinin Avropa İttifaqındakı daimi nümayəndəsi Fu Konq deyib.

Diplomat Çin Xarici İşlər Nazirliyinin nümayəndələrinin ukraynalı həmkarları ilə daim təmasda olduqlarını qeyd edib və liderlər arasında teıefon danışığının istisna edilmədiyini söyləyib.

Bundan əvvəl Avropa Komissiyasının rəhbəri Ursula fon der Leyen bildirmişdi ki, Ukrayna münaqişəsi Avropa İttifaqı ilə Çin arasında münasibətlərin gələcək taleyini müəyyən edəcək. Onun sözlərinə görə, Çin hakimiyyətinin Ukrayna münaqişəsində necə mövqe tutması Avropa İttifaqı ilə Çin arasında münasibətlərdə müəyyənedici faktora çevriləcək.

Xatırladaq ki, fevralın 24-də Çin Ukraynadakı münaqişənin sülh yolu ilə həlli üçün 12 bənddən ibarət planı dərc edib. Pekinin əsas təklifləri sülh danışıqlarının bərpası və hərbi əməliyyatların dayandırılmasıdır. Çin tərəfləri BMT Nizamnaməsinə hörmət edərək bütün ölkələrin suverenliyinə hörmət etməyə və “soyuq müharibə” zehniyyətindən əl çəkməyə çağırıb.

Müəllif: Ayna.az