Zəfər dili

Cəmiyyət

08.11.2022 - 13:26

Məndən, səndən, ondan, bizdən başlayır Vətən

Baş verənlərin məğzini anlamaq üçün onu daha dərindən hiss edənlərdən öyrənmək istəyi dilimizə bu ifadəni salır: "Bəs, onun öz dilindən eşitmisən?" Çünki hadisələrin mərkəzində olanlar baş verənləri ən yaxşı duyanlar olur.

Elə bu səbəbdən Böyük Qələbəmizi bizə Zəfər yaşadanların dilindən dinləyəcəyik. Ancaq sözsüz, qürurla, təmkinlə, sərtlik və sevginin vəhdətindən doğan dillə - Zəfər dili ilə.

Qələbəyə aparan yolun başlanğıcından Zəfər Gününə kimi olan yolu iki qəhrəmanımızın dilindən eşidəcəyik.

27 sentyabr, 2022-ci il. Auditoriyada Zəfər Gününü qazandıran, şəhadətə qovuşan qəhrəmanların Anım Günüdür. Həmin qürurlu günləri özündə əks etdirən videoçarx nümayiş olunur. Hər kəs susaraq fəxr hissi ilə videonu izləyir. Ancaq auditoriyada danışan bircə nəfər var. Üzümü həmin səs gələn tərəfə çevirirəm. Qazimiz sözü və səsi ilə deyil, qələbəni yaşatdığı ruhu və gözü ilə danışır. Fikrimi cəmləyib üzündən gözümlə dediklərini oxumağa çalışıram.

Birinci epizod. Birinci cümlə. Müharibənin başlandığını əks etdirən görüntüyə baxan arxayın baxışlar və fəxarət dolu təbəssüm deyir:

- Nəhayət, haqq savaşımız başlayır!

İkinci epizod. İkinci cümlə. Güllə səsləri. Dərindən nəfəs aldıqdan sonra gözlərini qorxu ilə deyil, qürurla yumub müharibə meydanına qayıdaraq deyir:

- Nigaran qalma, sizi savaş meydanlarından qorumaq üçün mübarizə aparıram, qayıdacam.

Üçüncü epizod. Üçüncü cümlə. Güllə səslərini top səsləri əvəz edir. Bu dəfə müharibə xatirələrinə boylanan baxışlarda fəxrlə yanaşı, dost itkisinin kədəri duyulur. Üz cizgiləri sevinclə bərabər təəssüf hissi ilə deyir:

- Mənim üçün çətin olsa da, dostum gözümün önündə gözlərini əbədi yumdu...

Dördüncü epizod. Dördüncü cümlə. Şuşanın işğaldan azad olunduğu gün. Yenidən fəxarət dolu baxışlar və bütün ağrıları yox edən təbəssüm deyir:

 - Vətənimizə qayıtdıq. Şuşa bizimlədir!

Son cümlənin nidasını isə Zəfər dilində danışan növbəti qəhrəman deyəcək...

4 noyabr, 2022-ci il. Zalda Böyük Zəfər Günü qeyd olunur. Gözlərim yenə Zəfər dilində danışan qəhrəmanı axtarır.

Şanlı Dövlət Himnimiz səslənir. Birinci cümlə. Zalda  dalğalanan üçrəngli bayrağa sevgi ilə baxan gözlər deyir:

- Üçrəngli bayrağınla məsud yaşa!

Bir dəqiqəlik sükut. İkinci cümlə. Sükutu öz məğrur duruşu ilə dilləndirən qəhrəmanımız deyir:

- Səni bu dünyada itirsəm də, əbədi yaşayacaqsan, dostum. Vətən sağ olsun!

Çıxış vaxtı. Üçüncü cümlə. Tribunada dayanıb zalda olan gənclərə böyük ümidlə baxaraq deyir:

- Məndən, səndən, ondan, bizdən başlayır Vətən, onu sevin!

Dördüncü, sonuncu cümlə. Xatirələrini yada salaraq Qələbəni yaşayaraq yaşadan mavi donlu bayrağı öpüb gözləri üstünə qoyan baxışlara köksündən çıxan zəfər coşğusu da dillənərək uca səslə deyir:

- Qarabağ Azərbaycandır!

Müəllif: Günel Natiqqızı,

AYNA üçün

Müəllif: Ayna.az