“Zağlı-Zeyvə” yatağında yeni kompressor stansiyasının açılışı olub

İqtisadiyyat

23.09.2019 - 18:29

15 ətraf kənd üzrə 1250 abonentin təbii qazla təchizatı təmin olunacaq

 

Birləşmiş Millətlər Təşkilatının İnkişaf Proqramı (BMTİP) və Azərbaycanın Dövlət Neft Şirkəti (ARDNŞ) Azərbaycanda onşor neft quyularından metan emissiyalarını 20 faizədək azaltmaq üçün səmt qazının yığımı üzrə yeni müasir texnologiyanı quraşdırmaqla iqlim dəyişikliyi ilə mübarizədə öz müştərək layihələrindəki mühüm bir hadisəni qeyd edib.

 

AYNA xəbər verir ki, bu gün Siyəzəndə Azərbaycan Dövlət Neft Şirkətinin (SOCAR) əməliyyatçısı olduğu “Zağlı-Zeyvə” yatağı ərazisində səmt qazının yığılması məqsədi ilə quraşdırılmış kompressor stansiyasının açılış mərasimi olub.

 

Kompressor stansiyası SOCAR və BMT İnkişaf Proqramının Azərbaycan Nümayəndəliyi tərəfindən birgə həyata keçirilən “Azərbaycanın yanacaq istehlakı sektorunda karbon emissiyalarının azaldılmasını təmin edən Milli Fəaliyyət Planları” (NAMA) layihəsi çərçivəsində inşa edilib.

 

Spesifik vəzifəsi SOCAR-ın İqlim Dəyişikliyinin Təsirlərinin Azaldılması Strategiyasını dəstəkləməkdən ibarət olan NAMA layihəsinin 3-cü komponenti çərçivəsində SOCAR-ın “Siyəzənneft” NQÇİ-nin Zağlı-Zeyvə yatağı pilot ərazi olaraq seçilib və burada səmt qazının yığılması məqsədilə birgə işlər görülüb.

 

Ərazidəki 3 qaz yığım məntəqəsində yeni kompressor və separator avadanlıqları, soyuducu sistemlər və onlayn nəzarət sistemi quraşdırılıb, ümumi uzunluğu 32 km olan əsas qaz boru xətti çəkilib. 2 il ərzində davam etmiş layihənin icrası nəticəsində ildə 6,8 mln. kubmetr səmt qazının yığılması planlaşdırılır.

Layihənin başlıca özəlliyi yığılacaq səmt qazının emal olunduqdan sonra əhalinin istehlakına yönəldilməsidir. Beləliklə, 15 ətraf kənd üzrə 1250 abonentin təbii qazla təchizatı təmin olunacaq.

 

Bu günə kimi bu işlərin görülməsinə Qlobal Ətraf Mühit Fondunun maliyyə dəstəyi ilə 1 milyon dollar məbləğində vəsait yatırılıb ki, bu da ki, BMT-nin İnkişaf Proqramının 2016-cı ildən bəri ARDNŞ ilə birgə Azərbaycanda həyata keçirdiyi Milli Fəaliyyət Planları (NAMA) layihəsi çərçivəsində reallaşıb.

 

Açılış mərasimində BMTİP-nin Azərbaycan ofisinin rəhbəri Alessandro Frakassetti  və ARDNŞ-in Prezidenti Rövnəq Abdullayev yeni qaz yığımı avadanlığını istismara buraxmaq üçün simvolik start düyməni basıblar.

 

Tədbirdə  SOCAR-ın ekologiya üzrə vitse-prezidenti, layihənin rəhbəri Rəfiqə Hüseynzadə və  Azərbaycanın Ekologiya və Təbii Sərvətlər Naziri cənab Muxtar Babayev də iştirak ediblər.

 

Tədbirdə açılış nitqi ilə çıxış edən Frakassetti bunları deyib: “İstixana qaz emissiyaları bu gün dünyanın bir çox ölkələrində, o cümlədən iqtisadiyyatın enerji ehtiyatlarına söykəndiyi Azərbaycan kimi bir ölkədə ciddi bir təhlükədir. Bu gün quraşdırılan müasir avadanlıqlar istixana qaz emissiyalarını kifayət qədər azaltmaq, eyni zamanda Azərbaycanın əhalətlərində həssas icmaları təmiz yanacaqla təchiz etmək potensialına malikdir. Biz inanırıq ki, maksimum təsiri təmin etmək üçün belə layihələrə dəstək göstərilməli və onların tətbiq dairəsi genişləndirilməlidir”.

 

SOCAR-ın ekologiya məsələləri üzrə vitse-prezidenti Rəfiqə Hüseynzadə isə öz növbəsində bildirib ki,  bu,  ekoloji layihədir: “Bu müqavilədə 3 komponent iştirak edir. Komponentlərdən biri enerji səmərəliliyi, digəri isə enerji səmərəliliyinin nəqliyyatda istifadəsidir. Müqavilənin son mərhələsi isə alçaqtəzyiqli qazları yığıb əhalinin istifadəsinə verməkdir. Bütün qurğular BMT tərəfindən quraşdırılıb. 32 kilometr borunun çəkilməsi isə SOCAR tərəfindən həyata keçirilib. Burada, əslində 6 kompressor, 3 stansiyadır. Bu stansiyada gündə 2 500 kubmetr qaz yığırıq. Digərində 12 500 kubmetr, üçüncüsündə isə 5 500 kubmetr qaz yığıb istifadəyə verilir. Ümumilikdə, ayda 583 000 kubmetr qaz yığılıb istifadəyə veriləcək. Kompressorlar işə salınan kimi bu gündən 2-3 kəndə qaz veriləcək".  

Xatırladaq ki, BMT-nin İqlim Məsələləri üzrə bu ilki zirvə toplantısı bu gün Nyu Yorkda öz işinə başlayır. Bununla əlaqədar  ölkələrin neft hasilatı ilə bağlı Paris Sazişi üzrə öz üzərlərinə götürdükləri öhdəliyin əsas özəyi kimi neft və qaz sənayesində metan emissiyalarını aradan qaldırmaq üçün təsirli tədbirlərin görülməsi tələb olunur.

 

Sənaye mütəxəssislərinə və ekoloqlara xam neftlə yanaşı hasil olunan təbii qazın bir növü olaraq səmt qazı kimi məlum olmaqla, metan qazı havaya buraxıldıqda ətraf mühitə mənfi təsir göstərdiyi üçün çox vaxt arzuolunmaz məhsul hesab edilir. Bu həmçinin metanın qiymətli yanacaq mənbəyı olaraq havaya buraxılıb israf edildiyi səbəbindən də baş verir.

 

Siyəzəndə, Azərbaycanın şimal hissəsində bəzi yüksək ərazilərdə 2,000 hektarlıq sıx meşəliklərə doğru uzanan neft çıxarma sahələrində tərkibində 80 faiz metan olan səmt qazı illər boyu yığılmamış qalıb. Buna görə də metanın havaya uçması və emissiyası bu gün artmaqda olan problemdir. Hər gün atmosferə buxarlanan 20,000 kub metr qaz ildə 7 milyon kub metr qaz itkisi ilə nəticələnir. Eyni zamanda, Siyəzənin ətraf kəndlərindəki ailələrdə qaz təchizatı yoxdur və qaz olmadığı təqdirdə, qida hazırlama, isitmə və digər məişət ehtiyacları üçün ağ neftdən, kömürdən və meşələrdən daşınan odundan istifadə olunur.

 

BMTİP-GEF layihəsi çərçivəsində Siyəzəndə quraşdırılan və səmt qazının toplanmasına xidmət edən yeni texnologiyaların ətraf mühitə daha böyük fayda verəcəyi, o cümlədən təbii qaz mövcud olmadıqda isitmə və qida hazırlama üçün icmaların odundan asılılığını səbəbindən meşələrin qırılması hallarını azaldacağı gözlənilir.

 

Vəfa Fərəcova

Müəllif: Ayna.az