Gecə tarifləri gündüzdən fərqlənəcək: Daha ucuz və sərfəli

İqtisadiyyat

20.10.2020 - 23:07

Həkimlər Klinikalar SEO Xidməti

EMA direktoru: “Enerji şirkətlərinin özəlləşdiriləcəyi və ölkədə elektrik tədarükçüləri üçün rəqabətli bir bazarın meydana çıxacağı istisna deyil”

 

2022-ci ildən etibarən Azərbaycanda elektrik enerjisi üçün gecə və gündüz tarifləri tətbiq edilə bilər. Bu barədə ötən günlərdə yerli mətbuatda, hökumətdəki mənbələrə istinadən məlumat yayılıb. Bildirilir ki, kommunal xidmətlərin (elektrik, istilik, su və qaz) inkişafı üçün strateji yol xəritəsinə uyğun olaraq hazırlanan bir layihə aidiyyəti dövlət qurumlarına göndərilib.

 

Bu sənədə əsasən, elektrik enerjisi günün pik saatlarında nisbətən bahalı, “sakit” vaxtlarda - gecə nisbətən ucuz olacaq. Xəbərdə bir neçə il əvvəl Asiya İnkişaf Bankının bu layihənin Azərbaycanda inkişafı üçün 1 milyon dollar qrant ayırdığı qeyd olunur.

 

Enerji Mütəxəssisləri Assosiasiyasının (EMA) direktoru Rəsul Süleymanov AYNA-ya deyib ki, Azərbaycanda elektrik enerjisi üçün çoxtarifli ödəniş sisteminin tətbiqi məsələsi uzun zamandan bəri gündəmdədir: “Belə yanaşma gün, həftə, ilin fəsilləri ərzində elektrik stansiyalarının bərabər yüklənməsinə xidmət edir, həmçinin pik saatlarında elektrik enerjisinin yüksək olan dəyərini kompensasiya edir. Başqa sözlə, qeyd olunan yanaşma enerji istehsalı üçün elektrik stansiyalarında istifadə olunan yanacağa qənaət etməyə xidmət edəcək. Eyni zamanda, gecə saatlarında tarifləri, təxminən 3-4 qəpiyə endirmək və pik saatlarda istehlak olunan elektrik enerjisini, deyək ki, 15-17 qəpiyə qədər artırmaqla, əhalinin müxtəlif təbəqələri üçün maliyyə yükünü optimallaşdırmaq mümkündür”.

Alternativ enerji: Niyyət var, qanunverici baza yoxdur

İstehlakçılar üçün qənaətə - gecələr elektrik enerjisi tarifinin gündüzdəkindən bir neçə dəfə aşağı olması ilə nail olunur. Paltaryuyan və ya qabyuyan maşın kimi güclü elektrikli cihazlarını yalnız gecə saatlarında işə salmaqla böyük miqdarda qənaətə nail olmaq olar. Belə bir sistemə keçid elektrik tədarükçüləri və istehlakçıları üçün çox əlverişli olacaq avtomatik sistemlərin istifadəsini nəzərdə tutur, lakin yeni sistemlərin tətbiqi üçün uyğun texnologiyalar tələb olunur.

 

“Bu işi ən son texnologiyalar olmadan görmək mümkün deyil. Hazırkı sistemdəki mövcud avtomatik nöqtələrin sayı belə bir məlumat həcminin və cədvəl sıxlığının öhdəsindən gələ bilməyəcək. Bu məsələni həll etmək üçün fiber optik kabellər çəkmək, abunəçidən məlumatların geri bildiriş yolu ilə ötürülməsi ilə qəbul etmək üçün qovşaqlar yaratmaq lazımdır və bu, olduqca bahalı bir prosesidr. Buna görə, ilk növbədə, 5G şəbəkələrinin növbəti nəslinin tətbiqini gözləmək lazımdır. İkincisi, bunun üçün əlbəttə, çoxtarifli sayğaclara ehtiyac var. Onların ünvanlara kimin hesabına quraşdırılacağı hələ bəlli deyil, bəlkə də baha başa gələn missiyanı dövlət öz üzərinə götürəcək. Hələlik açıq qalan suallar çoxdur”, - deyə Süleymanov bildirib.

 

Mütəxəssisin fikrincə, maliyyələrin sosial diferensiallaşdırılması kontekstində “tarif setkası” çevik olmalıdır ki, imkanlı vətəndaşlar tarifin yüksək olduğu bir vaxtda elektrik enerjisindən daha çox istifadə etsinlər: “Nisbətən imkansız təbəqələr isə məişət texnikasını gecə 23.00-dan sonra işlətməklə xeyli qənaət edə bilərlər. Əslində, müasir sayğaclar əhalinin elektrik istehlakının miqdarını, demək olar ki, 8 fərqli tariflə hesablamağa imkan verir. Bu səbəbdən, günün vaxtından asılı olaraq yanacağa qənaət etmək və elektrik stansiyasının səmərəliliyini təmin etmək üçün elektrik enerjisinə endirilmiş və ya artırılmış tariflər tətbiq etmək mümkündür. Əhali üçün "şənbə", "bazar", "axşam", "gecə", "qış", "yay" və digər tarifləri təqdim edilə bilər. Bildiyiniz kimi, abunəçilər tərəfindən enerji istehlakının piki axşam saatlarında, enerjinin daha bahalı ola biləcəyi, minimum istehlakın isə enerjinin daha ucuz ola biləcəyi vaxtlarda baş verir”.

 

EMA direktoru 2022-ci ilə qədər enerji şirkətlərinin özəlləşdiriləcəyini və ölkədə elektrik tədarükçüləri üçün rəqabətli bir bazarın meydana çıxacağını istisna etmir: “Bəlkə də gələcəkdə istehlakçılarla, hətta rayonlar üzrə ayrı-ayrı müqavilələr bağlanacaq və çox güman ki, tariflər şəhərlər və kəndlər üçün fərqli olacaq. Ancaq bu, əlbəttə ki, bir zamanlar Ukraynanın, Polşanın, indi isə Rusiyanın qarşılaşdığı, olduqca çətin bir işdir. Lakin, ümumiyyətlə, bu sistemə keçid üçün cəhdlər istehlakçılar üçün yüksək tariflərə səbəb olur, çünki bu işlər yüksək xərclərlə müşaiyət olunur. Məsələn, bir abonent üçün 5G bağlantısı olan bir sayğac quraşdırmanın dəyəri ən azı 400-500 dollar və ya 700-800 manat təşkil edəcək. 2 milyon istehlakçı üçün bu, baha başa gələn bir işdir. Ancaq xərclər özünü ödəməlidir. Necə? Əlbəttə ki, yalnız bir yol var - daha çevik bir ödəmə cədvəlinə keçidlə tarifləri qaldırmaq, beləliklə imkanı zəif olan təbəqənin pula qənaət etməsinə şərait yaratmaq. Axşam tarif artarsa, əsas maliyyə yükü məhz bu vaxt işləyən sahibkarlıq subyektlərinin üzərinə düşəcək - bizim vəziyyətimizdə bunlar kafe, restoran və s. iqtisadi fəaliyyət subyektləridir. Müvafiq olaraq, tarifin fərqləndirilməsi xidmət sektorunda qiymət artımına səbəb ola bilər”.

 

Qeyd edək ki, hazırda ölkədə bir əhali qrupu üçün 1 kVt/saat elektrik enerjisinin dəyəri ayda 300 kVt /saata qədər istehlak ilə 7 qəpikdir və 300 kVt/saatdan çox istehlakla 11 qəpikdir.

Müəllif: Tanya Samsonova