"Bizim kimi neftdən asılı iqtisadiyyatlar üçün ciddi sınaq olacaq yaxın 1 il"
Son 2000 ildə bəşəriyyəti milyonlarla insan itkisinə məruz qoyan 4 ya 5 virus pandemiyası barədə məlumat günümüzə gəlib çatıb. Fəlakətin miqyasından asılı olmayaraq insan cəmiyyəti yox olmayıb. Bu dəfə də itkilərə rəğmən kabus aradan qalxacaq. Amma postvirus dövrünə ciddi hazırlaşmaq lazımdır.
Dünya iqtisadiyyatı üçün çətin dövr başlayacaq. İqtisadi tsikl pozulub, turizm şirkətləri, aviaşirkətlər, nəhəng futbol klubları, istehsalın kəskin şəkildə azalması nəticəsində böyük itkilərlə üzləşən real sektor ciddi maliyyə problemləri yaşayır və getdikcə bu problem daha da kəskinləşəcək. Nəticədə biznesin maliyyə sektoru qarşısında nəhəng həcmdə öhdəliklərini icra edə bilməməsi maliyyə böhranının dərinləşməsi riskini qaçılmaz edəcək. Doğrudur, hökumətlərin büdcə dəstəyi, xüsusilə də problemli aktivlərin, borc öhdəliklərinin alınması, vergi tətilləri və güzəştləri problemi xeyli dərəcədə yumşalda biləcək, amma tam aradan qaldırması real deyil.
İşsizlik dünyada yoxsulluğu və sosial gərginliyi daha dərinləşdirəcək. Hökumətlərin əhaliyə təqdim etdiyi sosial paket də gərginliyə nə qədər azaldıcı təsir etsə də, ev təsərrüfatlarının maliyyə sektoru qarşısında böyük həcmdə borc problemini (xüsusilə də ipoteka kreditlərilə bağlı) sonacan həll edəsi deyil. Çap maşınının gücü sonsuz deyil - əksinə böhran dövründə bu maşından hüdudsuz, dəqiq hesablama olmadan istifadə 80-ci illərdə olduğu kimi qlobal iqtisadiyyatı daha ciddi problemlə - yüksək inflyasiya riskilə üzləşdirir. Yüksək inflyasiya qlobal iqtisadiyyatı həmin dövrdə, təxminən 15 il inkişafdan saxladı. Problem o qədər kəskin idi ki, ABŞ-ın o zamankı FED rəhbəri Pol Volker inflyasiyanı ölkəsinin "1 nömrəli düşməni" adlandırmışdı.
Xüsüsilə də ağır borc yükü altında olan inkişaf etməkdə olan ölkələrin ciddi borc böhranı, defolt riskilə üzləşə biləcəyilə bağlı gözləntilər artmaqdadır. Yunanıstan və İtaliya kimi Avropa, Ukrayna kimi keçid ölkələrinin suveren borc probleminin postvirus dövründə bu ölkələrdə dərin böhran yarada biləcəyilə bağlı narahatlıqlar səslənir.
Artıq bir sıra beynəlxalq təşkilatlar ABŞ-da, avrozonda yaxın aylar dərin ressesiya proqnozlarını açıqlayıblar. Belə vəziyyətdə dünya əmtəə bazarında əlverişli qiymət konyukturunun formalaşacağına ümid bəsləməyə dəymir. Bizim kimi neftdən asılı iqtisadiyyatlar üçün ciddi sınaq olacaq yaxın 1 il.
Prosesləri izləmək və dəqiq diaqnozlar qoymaq belə çox azdır. Vacib islahatlar heç zaman gec deyil, "böhran qurtarsın, sonra baxarıq" baxışı kökündən səhvdir.
Hökumət yaxın dövr üçün iqtisadi islahatlar paketini parlament və vətəndaş cəmiyyətilə müzakirələr əsasında çox qısa müddətdə ortaya qoymalıdır.
Mərkəzi Bank, statistika orqanları əvvəlkinə nisbətən daha şəffaf hesabatlılığa malik olmalı, biznes və ev təsərrüfatlarının, xarici investorların etimadını qazandıra biləcək şəffaf və açıq qərarvermə mexanizmləri qurulmalı, büdcə dəstək paketinin xərclənməsində ictimai nəzarətə tam şərait yaradılmalı, atılan hər addımda biznes cəmiyyətinin rəyi istisnasız nəzərə alınmalıdır.
Büdcənin, xüsusilə satınalmaların şəffaflığının təmin edilməsi istiqamətində islahatların sürəti maksimum artırılmalıdır.
Zaman qısa, risk həddən artıq yüksəkdir. Bir məsələni dəqiq bilmək lazımdır - indi 2015-ci il deyil...