Güclü külək səbəbindən yanğın sürətlə yayılır: dünən alov Afinaya çatıb
Yunanıstanda dəhşətli meşə yanğınları davam edir. Güclü külək səbəbindən yanğın sürətlə yayılır və dünən alov Afinaya çatıb. Hakimiyyət artıq ən azı 11 şəhər və kəndi boşaltmalı olub. Bu barədə AYNA BBC-yə istinadən bildirir.
May ayından bəri Yunanıstanda yüzlərlə meşə yanğını baş verib. Yunanıstanda yay yanğınları tez-tez baş verir, lakin elm adamları iqlim dəyişikliyi ilə əlaqəli qeyri-adi isti və quru havanın yanğınların daha tez-tez və intensiv olmasına səbəb olduğunu deyirlər.
Könüllülərin dəstəyi ilə 500-dən çox yanğınsöndürən, 17 təyyarə və 15 helikopter bazar günü günortadan sonra paytaxtın 35 km şimalında Varnava yaxınlığında baş verən növbəti yanğınla mübarizə aparır.
Dünən yanğın cənuba doğru yayılıb və bir neçə yerdə, o cümlədən Qrammatiko kəndi, qədim Marafon şəhəri, Nea Makri dənizkənarı bələdiyyəsi və Afinanın şimalındakı Penteli dağında yanğın başlayıb. Güclü külək yanğının yayılmasına kömək edib.
Hökumətdən bildirilib ki, Baş nazir Kiriakos Mitsotakis yanğınla mübarizəyə nəzarət etmək üçün tətildən Afinaya qayıdıb.
Səlahiyyətlilər cümə axşamına qədər gücləndirilmiş yanğın xəbərdarlığı edib və meteoroloqlar "çox çətin bir həftə" xəbərdarlığı edib.