Xor-medianın diqqətinə: Paşinyanı söyməli yox, dəstəkləməliyik – AXI NİYƏ?!

Aktual

24.12.2023 - 10:21

Proseslərə daha praqmatik və qlobal baxmaq lazımdır, məsələ bu günlə bitmir

Şərq əlbəyaxa döyüş növləri ilə məşğul olan bir şəxs Şaolin monastırına gəlir və getdiyi yolda ən yüksək pilləyə nail olmaq üçün oranın şagirdi olmaq istədiyini bildirir. Ona başa salırlar ki, bu monastrda qalmaq üçün müəyyən hazırlıq kursu keçməli, sonda iri bir səbətdən suallar yazılmış bükülülərdən birini götürərək imtahan verməlisən.

Gənc adam Şaolin fəlsəfəsinə yiyələnmək üçün hər şeyə hazır olduğunu bildirir, soruşur ki, bəs bu imtahanda düşən suallara cavab vermək üçün nə qədər vaxt ayrılır. İzah edirlər ki, suala hazırsansa, o dəqiqə cavab verə bilərsən, deyilsənsə, sakit bir hücrədə istədiyin qədər fikirləşə bilərsən. Dağlara çıxan sonuncu tələbənin nə qədər fikirləşdiyini soruşanda, “14 ildir oradadır, biletinə düşən suala cavab tapa bilmir”, - cavabını alır. Kağız bükülüdə bir sual var idi – “Axı niyə?!”

Yaşadığımız dünyanın bütün pozitiv və neqativ hadisələrinə qiymət verərkən, əksər hallarda beynimizdə bir sual açıq qalır – Axı niyə?! Bu sual istənilən sahə ilə bağlı, özümüz istəsək də, istəməsək də, telekanallardan, ağıllı telefonlardan, radiolardan, reklam elanları vasitəsi ilə beynimizə yeridilən informasiya axını zamanı ortaya çıxır. Bəzən cavabını bilə-bilə əsəbimizdən, bəzən isə baş verənləri başa düşə bilməməyimizdən yaranır bu sual.

AYNA-nın oxucularının diqqətini ara-sıra ölkəmizdə və dünyada baş verən bu və ya digər hadisələrdə gözəçarpan qəribəliklərə yönəltmək üçün “Axı niyə?!” rubrikasına davam edirik.

Mənə elə gəlir ki, nəsə düz getmir bizim mətbuatda. Hansısa yolla vəsiqə əldə edib, qapı-qapı düşən jurnalistlərimizdən tutmuş, qələm əhlinin payına düşən evlərin başqalarına verilməsinə qədər KİV-lərimizdə olan problemlər barədə çox danışılır. Uzun müddət mediamızın bir dirijorun çubuğu ilə idarə edilə bilən xora çevrilməsinin günahını Prezident Administrasiyasının keçmiş ictimai-siyasi şöbəsinin müdiri Əli Həsənovda görmüşük. Əslində elə düz də düşünürdük. Mediada bu gün yaşanan xaosun və özbaşınalığın əsl səbəbkarı və banisi o idi.

Artıq Əli Həsənov 4 ildir ki, yoxdur, amma necə xor qurubsa, ondan sonra gələnlər də bu xora heç nə edə bilmədilər. Trollar da qalır, PA-dan gələn “dərin mənalı” tezislər də. Hətta, Həsənovdan sonra mediamızı ağ günə çıxaracağı sözünü verənlər əl-qolumuzu daha da bağlayan “Media haqqında” yeni qanun da qəbul etdilər. İndi MEDİA Agentliyi müəyyən edir ki, kim jurnalistdir, kim yox.

Nəticədə absurd vəziyyət yaranır: jurnalistikanın şirin balına yığılan dünənin uşaqları əsl jurnalistlərdir, amma Prezident tərəfindən “Əməkdar jurnalist” adı alan insanlar media reyestrinə düşmədikləri üçün dövlətin gözündə artıq tamhüquqlu jurnalist sayılmırlar...

Bu sahədə hər şey ya əvvəlki kimidir, ya da əvvəlkindən də bir az pisləşib. Heç Həsənovun qəzet satışını əngəlləmək üçün sinka-soska satdırdığı qəzet köşklərinin də sayı azalmayıb. Bütün dünyada KİV-lərin əsas dolanışıq mənbəyi olan qəzet satışı və reklam bazarı da düzəlməyib.

Gördüyü işlərə görə ondan heç xoşum gəlməsə də, baş verənləri görəndə, insanda avtomatik bir sual yaranır: hər şey belə davam edəcək və bir az da pisləşəcəkdisə, daha onda bu Əli Həsənova niyə dəyirdiniz ki? Oturmuşdu yerində və ən azından jurnalistləri tanıyır, loru dildə desək, kiminlə nəyi və necə danışmalı olduğunu yaxşı bilirdi. İndi isə kütləvi olaraq, atın qabağına ət qoyulur, itin qabağına ot…

Amma bu yazımın məqsədi Həsənov və post-Həsənov dövrünün mediasını müqayisə etmək deyil. Sadəcə, Şekspirin dili ilə desək “Danimarka krallığında nəsə düz getmir”.  Axı niyə belə hesab edirəm, izah edim.

Yuxarıda adını çəkdiyim xor bu gün başqa bir dirijorun çubuğu ilə idarə edilir, amma ya bu dirijor nəyisə düz etmir, ya da bilə-bilə edir. Söhbət son zamanlar mediamızda Ermənistan hakimiyyətinin Rusiyaya necə xəyanət etməsindən, Moskvanın sədrliyi ilə keçirilən MDB iclaslarından uzaqlaşmasından, KTMT-yə demarş etməsindən və s. kimi həvəslə dərc edilən yazılardan gedir.

Məlumdur ki, ümumi tendensiya Ermənistanı, Paşinyan hakimiyyətini rusların gözündən salmaq, bədnam qonşularımızın “böyük qardaşlarına” necə xəyanət etdiklərini göstərmək üzərində qurulub. Yəni, erməni həmişə ona çörək verənə xəyanət edib və bizim yaşadıqlarımızı bu gün başqa bir formada ruslar yaşayırlar.

Burası düzdür, amma, məsələyə bir az qlobal baxmaq lazımdır axı. Məsələ bu günlə bitmir. Onsuz da Ermənistan hakimiyyəti özü-öz siyasəti ilə ruslarla arasını çox əla şəkildə vurur.

Zənnimcə, biz bu məsələdə erməniləri tənqid və ifşa etmək yox, dəstəkləməliyik. Hamımız bilirik və ən azı tariximizdən bizə verilən dərslərdən görmüşük ki, regionda Rusiya və İranla bizim maraqlarımız yalnız situativ olaraq üst-üstə düşə bilər. Qlobal mənada, ruslardan və farslardan bizə xeyir gəlməyib və gəlməyəcək də.

ABŞ-da seçkilər bitəcək və bu gün gərgin olan münasibətlər yenidən öz məcrasına düşəcək. Paşinyan hakimiyyəti isə Rusiyanı regiondan çıxarmaq da olmasa, heç olmasa təsirini azaltmağa çalışır. Biz bu işdə, əgər dövlət və Cənubi Qafqaz regionunun maraqlarından baxırıqsa, onları dəstəkləməliyik. Çünki regionda ruslar zəifləyirsə, İran da zəifləyir. Müqəddəs yer boş qalmır. ABŞ uzaqdadır və regionda Qərbin maraqlarının ifadəçisi Türkiyə olacaq. Ruslar zəifləyən kimi Ankara ticarət, turizm və digər rıçaqlarla onların yerini tuta bilər.

Gürcüstanda Türkiyənin mövqeyi güclüdür, Azərbaycanda isə təbii olaraq çox güclüdür. Qalır bir Ermənistan. Oradan da ruslar çıxarılsa, məsələ bitir. Bunu Rusiyanı regiondan çıxarmaq istəyən ermənilər də bilir. Elə ona görə Fransanı bu regiona soxmaq istəyirlər. Amma Fransa da Ermənistan sərhədinə Türkiyə qədər yaxın deyil.

Yəni, qlobal mənada biz Rusiyanın regiondan çıxarılmasına, Türk dünyasının nəzarətində olan Böyük İpək Yolunun bərpasına çalışmalıyıq. Mən politoloq deyiləm və ola bilər ki, dediklərim analitiklər üçün bayağı səslənsin. Amma ümumi konturlar aydındır axı.

Bizim hakimiyyət də, Allaha şükür, bunları başa düşür və bu istiqamətdə işləyir. Və belə bir şəraitdə mediamız kiminsə dirijor çubuğu ilə Ermənistanın, Paşinyan hakimiyyətinin Rusiyaya xəyanət etməsinə görə sanki narahatlıq keçirir, özümüz də istəmədən bizi Moskvanın maraqlarının ifadəçisinə çevirir.

Pyotrdan başlayaraq Rusiya ilə münasibətlərin bizə verdiyi minus və plyuslar ortadadır. Bu gün biz ya müəyyən dairələrdə ruspərəstlərin söz sahibi olduğuna görə, ya da bilməyərəkdən, tariximizdən dərs götürə bilmirik.

Heç kim Rusiyaya müharibə açmağı təklif etmir, amma yavaş-yavaş Moskvanın regionda zəifləməsi və onun yerini Türkiyənin tutmasına çalışmalıyıq.

Biz neynirik? Xaçmaz kimi etnik baxımından təhlükəli olan şimal regionunda hansısa rus dili mərkəzi açılır, BDU-da “Rusiya mərkəzi” yaradılır. Mediamız da bunları müsbət bir xəbər kimi yaymaqda davam edir.

Və nəzərə alınmır ki, bütün bu tədbirlər Rusiyanın yumşaq desantı sayılan “Rossotrudnuçestvo”nun patronajı və iştirakı ilə keçirilir. Bu təşkilatın sədri isə bizim hamımıza yaxşı bəlli olan, “20 yanvar” faciəsinin günahkarlarından biri Yevgeni Primakovun eyni adı və soyadı daşıyan nəvəsidir. Yeri gəlmişkən, nəvə Primakov Rusiyanın Ukraynaya qarşı müharibəsini və təcavüzünü dəstəklədiyi üçün bütün Aİ ölkələri, Kanada, Ukrayna və İsveçrənin “qara siyahı”sına düşən bir şəxsdir.

“Dövlət və dövlətçilik” şüarlarını əsas tutaraq hayqıran reyestrli mediamız bütün bunları nəzərə almalıdır. Elə dirijor da çubuğunu düz yelləməlidir. Əlavə şərhə ehtiyac varmı? Məncə, yox. Bəs sizcə?

Müəllif: Yoldaş Mircəfər