Xankəndidə ajiotaj: separatçılar can, ruslar pul hayındadırlar

Aktual

11.08.2023 - 15:20

Həkimlər Klinikalar SEO Xidməti

Səxavət Məmməd: “Kürklərinə birə düşüb, bəziləri sərhədi gizli cığırlar vasitəsilə tərk etməyə çalışacaqlar, bəzilərini isə sülhməramlılar helikopterlərlə qaçıra bilərlər”

Birinci Qarabağ müharibəsi zamanı hərbi cinayətlər törətmiş, Xocalının Meşəli kəndinin onlarla azərbaycanlı sakininin qətliamını törətmiş Vaqif Xaçaturyanın həbsindən sonra Qarabağın ermənilər yaşayan hissəsində ajiotaj müşahidə edilir. Məlumatlara görə, separatçı xunta rejiminə xidmət etmiş, azərbaycanlıların qətliamlarında iştirak etmiş digər müharibə caniləri Rusiya sülhməramlılarının müvəqqəti nəzarətində olan ərazilərimizdən qaçmağa can atırlar. Ehtimal edilir ki, Azərbaycan tərəfindən haqqında cinayət işi başlanılmış, axtarışa verilmiş müharibə cinayətkarlarının bölgədən qaçışına Rusiya sülhməramlıları yardım göstərirlər və ya göstərəcəklər.  

Mövzu ilə bağlı AYNA-nın suallarını cavablandıran hərbi jurnalist Səxavət Məmməd deyib ki, Qarabağdakı cinayətkarların ərazidən qaçmağa çalışması barədə informasiyalar səhihdir. Onun sözlərinə görə, Meşəli canisi Vaqif Xaçaturyanın Laçın sərhəd-keçid məntəqəsində saxlanılması və Bakıya gətirilməsi Azərbaycanın əlində olan siyahıdakı digər caniləri qorxuya salıb:

- Təkcə Xaçaturyan yox, məndə olan məlumata görə, Birinci Qarabağ müharibəsində və İkinci Qarabağ müharibəsində hərbi cinayətlər törətmiş 720 nəfər erməni Azərbaycan tərəfindən axtarışdadır. Ermənistan mediası siyahıda 500 nəfərin olduğunu yazır, amma biz bilirik ki, say daha çoxdur. Aydındır ki, Azərbaycanın əlində bir siyahı var və o siyahıdakılardan kimlər sərhəd-keçid məntəqəsindən keçəcəksə, dərhal saxlanılacaq. Təbii ki, siyahıda olan cinayətkarlar hansısa yolla Qarabağdan çıxmaq istəyirlər.

Onlar özləri də yaxşı bilirdilər ki, Azərbaycan tərəfindən axtarışdadırlar. Amma o qədər rahat olublar ki, o qədər kimlərəsə arxayın olublar ki, İkinci Qarabağ müharibəsindən sonra da bölgədən qaçmayıblar. İndi o canilərdən biri - Xaçaturyan tutuldu. Bu, digərlərinin kürkünə birə salıb. Gördülər ki, hansısa təzyiq, beynəlxalq basqı Azərbaycanı yolundan döndərmir. Hazırda qaçmağın yollarını axtarırlar. 

Qaldı ki, Xaçaturyanın cinayətlərinə, bu adamla bağlı Azərbaycan tərəfində kifayət qədər dəqiq məlumatlar mövcuddur. İndi onun barəsində ictimaiyyətə açıqlanan məlumatlar tam deyil. 

- Məsələn, ictimaiyyət Xaçaturyan barədə nələrdən xəbərsizdir?

- Mediada bildirildi ki, Xaçaturyan Xocalının Meşəli kəndində qətliamın törədilməsinin iştirakçısı olub. 1996-cı ildən sonra qondarma rejimin "müdafiə naziri" Samvel Babayanın sürücüsü işləyib. Amma bunlarla bitmir. Xaçaturyan ötən əsrin 80-ci illərinin sonunda başlayan separatizm prosesinin bütün detallarını bilir. Meşəli cinayətindən tutmuş Xocalı soyqırımına qədər, ondan sonra baş verən cinayətlərin iştirakçısı olub. Ermənistan mediası da yazır ki, guya, Xaçaturyan 1996-cı ildən sonra Babayanın sürücüsü olub, guya ki, sadə erməni sakindir və s. Əslində isə Xaçaturyan dediyim kimi, bütün cinayətlərdə iştirak edib, bununla yanaşı, sonradan qondarma rejimin "müdafiə nazirinin" ən yaxın silahdaşı olub. Bu şəxs Babayanın bütün cinayətlərinə şərikdir. Birinci Qarabağ müharibəsi zamanı əsir düşən azərbaycanlıların başına gətirilən müsibətlərdə Xaçaturyanın iştirakı olub. Əsirlikdə olmuş şəxslər bu canini dəfələrlə əsir düşərgələrində gördüklərini, işgəncə verənlərdən birinin bu olduğunu söyləyiblər. Yəni ki, bütün proseslərin iştirakçısı Xaçaturyan olub. Bu cinayətkardan Azərbaycan səmərəli istifadə edə bilər və yəqin ki, edəcək. 

- Söhbət necə bir istifadədən gedir?

- Xaçaturyan son dərəcə ciddi informasiyalara malik şəxsdir. Onun törətdiyi cinayətlər öz yerində, Babayanın "sağ əli" olduğuna görə bütün məlumatlara malikdir. Mən araşdırma apardım, məlum oldu ki, harada əsirlər saxlanılıb, öldürülüb, işgəncələr verilib, əməyə cəlb edilib, hamısında Xaçaturyan iştirakçı olub. Babayanın siyasi gedişləri, rejim daxilində gedən prosesləri və s. hamısını bu cani bilir. Bu mənada, Xaçaturyan həm də informativ baxımdan önəmlidir. Çünki onun etirafları Azərbaycana xeyir gətirəcək. Eyni zamanda, cinayətlərin iştirakçısı olduğundan digər iştirakçılar, təşkilatçılar barədə məlumatlıdır. 

- Xaçaturyanın tutulmasından sonra ehtimal olunur ki, axtarış siyahısında olan cinayətkarlar qaçmaq istəyirlər. Onların Qarabağdan qaçışına Rusiya sülhməramlıları tərəfindən şərait yaradıla bilərmi?

- Dediyim kimi, siyahıda 720 nəfərədək caninin olduğu təxmin edilir. Onların hamısı olmasa da, böyük əksəriyyəti hazırda Qarabağda yaşamaqdadır. Bir hissəsi Ermənistanda yaşayır, Qarabağdakıların bəziləri ölüb, bir çoxları yaşlanıb. Bir hissəsinin Rusiyada, Qərb ölkələrində olduğu barədə informasiyalar mövcuddur. Lakin əsas çoxluq hazırda Qarabağdadır. Xaçaturyanın Azərbaycan tərəfindən saxlanılması digər canilərin Qarabağdan qaçış yolu axtarması ilə nəticələnib. Yəni ki, dediyiniz ehtimal doğrudur. Bəziləri sərhədi hansısa gizli cığırlar vasitəsilə tərk etməyə çalışacaqlar. Onları yaxalamaq mümkündür. Bir də Rusiya sülhməramlılarının vasitəsilə pul və ya hansısa informasiya qarşılığında qaçmağa çalışanlar olacaq.

Məncə, rus hərbçilər yaxşı pul qazanacaqlar. Ruslar pulla onları helikopterlərində Ermənistana qaçıra bilərlər. Yaxud da, vaxtilə və indi Rusiya ilə hansısa əlaqələrə malik şəxslər helikopterlərdə gedə bilərlər. Bəlkə də, artıq gedənlər olub. Azərbaycan bu məsələlərdə son dərəcə diqqətli olmalıdır, imkan verməməlidir ki, canilər Qarabağdan qaçıb canlarını qurtarsınlar.

Başqa bir məsələ Laçın sərhəd-keçid məntəqəsidir. Sərhəd-keçid məntəqəsi müxtəlif səbəblərdən bir neçə dəfə bağlanıb. Hesab edirəm ki, o məntəqə ümumiyyətlə, bağlanmamalıdır. Məntəqənin bağlanmaması Azərbaycanın xeyrinədir. 

- Məntəqənin açıq olmasının Azərbaycana hansı xeyiri var? 

- Birincisi, sərhəd postu açıq olanda Azərbaycan tərəfi faktiki olaraq erməni sakinlərlə işləmiş olur. İkincisi, orada yaşayan ermənilərlə bağlı ciddi informasiyalar əldə edir. Əsas məsələ isə ermənilər Azərbaycanın nəzarəti altında olduqlarını qəbul edirlər. Xankəndidə hələ ki, Azərbaycan bayrağı dalğalanmasa da, orada yaşayan ermənilər Laçından bayrağımızın altından keçməyə məcbur qalırlar. Nəzarəti hiss edirlər və bu nəzarəti daha çox hiss etdirmək üçün keçid məntəqəsinin açıq qalması daha yaxşıdır. Söhbət qanunsuz yüklərin daşınmasının qarşısını almaqdan gedirsə, onsuz da sərhəddə Azərbaycanın müvafiq orqanları xidmət göstərirlər, bu yüklərə imkan verilmir, qarşısı alınır.

Müəllif: Anar Bayramoğlu

Pin up casino Pin-up casino giriş