Xanı kim və niyə devirdi – Dostumuz son şansını sınayacaq

Dünya

06.04.2022 - 18:48

Qarşıda isə iki seçim var: ya yenidən qələbə qazanmalı, ya da...

Xəbər verdiyimiz kimi, Pakistanın Baş naziri İmran Xan istefa verib. Bu barədə Pakistan hökuməti məlumat yayıb. Nazirlər Kabinetinin açıqlamasında bildirilib ki, üç ay ərzində növbədənkənar parlament seçkiləri keçiriləcək və yeni hökumət başçısı seçilənədək Baş nazir vəzifəsini İmran Xan icra edəcək.

Qeyd edək ki, Pakistanda bu günə qədər bir çox hökumət başçısının taleyi acı sonluqla yekunlaşıb. Benazir Buhuttonun qətlə yetirilməsi, Pərviz Müşərrəfin ömürlük həbsə məhkum edilməsi və s. bu qəbildəndir.

İddialara görə, Rusiyanın Ukraynaya hərbi təcavüzündən bir gün qabaq İmran Xanın Moskvaya işgüzar səfəri Qərb dairələrini ciddi şəkildə narahat edib və bundan sonra ABŞ Prezidenti Co Bayden onun devrilməsi istiqamətində hərəkətə keçib.

Daha bir iddia isə ondan ibarətdir ki, Bayden-Xan münasibətləri Əfqanıstan hadisələri fonunda pisləşib. Buna səbəb isə Amerikanın qoşunlarını Əfqanıstandan çıxarmaq və yeni nəqliyyat dəhlizi açmaq istəyinə İmran Xanın müsbət yanaşmaması olub.

Pakistan Qarabağ münaqişəsi və müharibəsi zamanı Azərbaycana dəstək verib, üstəlik ölkəmizin müstəqilliyini tanıyan ilk dövlətlərdən biridir. İmran Xanın rəhbərliyi dövründə də qarşılıqlı münasibətlər inkişaf edib və 44 günlük Vətən müharibəsində Pakistan Azərbaycana qardaş dəstəyi göstərib.

Görəsən, bu nəhəng islam ölkəsində baş verən hadisələr hansı dəyişikliklərə səbəb olacaq? İmran Xan yenidən Baş nazir seçilə biləcəkmi, yoxsa o da sələfləri kimi hakimiyyəti müxalifətə ötürməli olacaq?

Türkiyəli siyasi şərhçi və alim Girayalp Karakuş AYNA-ya şərhində deyib ki, İmran Xanın ABŞ-la münasibətlərində yaranan gərginlik buna səbəb olub: “Pakistanın Baş nazirinin ABŞ-a hərbi baza verməyəcəklərini, Rusiyaya qarşı tətbiq edilən sanksiyaları dəstəkləmədiyini, Qarabağ və Kipr məsələsində Türkiyənin yanında olduğunu deməsi onu Amerikanın hədəfinə gətirib. Pakistan 1947-ci ildə müstəqilliyini əldə etdikdən sonra davamlı hərbi çevrilişlərə məruz qalıb. Ölkənin qurucusu Məhəmməd Əli Cinnahın ölümündən sonra həm ordu, həm də mülki siyasətçilər arasında daim hakimiyyət bölgüsü problemi yaranıb”.

“Məlumdur ki, İmran Xanın sələflərindən fərqli olaraq, ordu ilə münasibətləri yaxşı olub. Lakin onun ABŞ-la pisləşən münasibətləri hərbçiləri narahat edirdi. Hətta Baş nazirin özü mətbuata müsahibələrində açıq şəkildə bildirirdi ki, Vaşinqton onu təhdid edir və müxalifətlə dərin təmas qurub. Baş verənlərin xüsusunda həm Xan, həm də müxalif dairələr tərəfdarlarını öz ətrafında daha sıx birləşməyə çağırırlar”, - deyə həmsöhbətimiz bildirib.

Onun sözlərinə görə, İmran Xanın iqtidara gəlişindən sonra Pakistanla Çin arasında da münasibətlər yüksəlməyə başlayıb: “ABŞ və NATO-nun Pakistanda ən azı kəşfiyyat və xüsusi təyinatlılar səviyyəsində bazaların yaradılması tələbi də onun tərəfindən rədd edildi. Hətta bu məqsədlə ABŞ Mərkəzi Kəşfiyyat İdarəsinin rəhbəri İslamabada səfər etsə də, qarşılıqlı anlaşmaya nail olunmadı. Eyni zamanda İmran Xan İstanbul-Tehran-İslamabad dəmir yolunun ərsəyə gəlməsində də mühüm rol oynayıb. Onun anti-Qərb ritorikası, Ukrayna-Rusiya böhranında Rusiyaya qarşı sanksiyalara qoşulmaması, ABŞ-ın hərbi baza tələblərinə biganə qalması, ABŞ-ın siyasi və iqtisadi embarqoları səbəbindən ortaya çıxan iqtisadi böhran daxildə müxalifətin mövqeyini gücləndirdi. Kəşfiyyatın rəhbəri Faiz Həmidin vəzifədən azad edilməsi isə daxili münasibətlər daha da kəskinləşdi”.

Siyasi şərhçi hesab edir ki, bütün bunlar təsadüfi deyildi və bəlli mərkəzdən idarə olunurdu: “İmran Xan hazırda 1989-cu ildə Benazir Buhuttonun və 2006-cı ildə Şövkət Əzizin üzləşdiyi aqibəti yaşayır. Həmin dövrlərdə onlara qarşı da etimadsızlıq səsverməsi təşkil olunmuşdu. Lakin o zaman onlar bundan ustalıqla yayına bildilər. İmran Xanı qarşıda hansı perspektivlər gözləyir, o, hansı aqibəti yaşayacaq - bunlara yaxın zamanlarda ayınlıq gələcək”.

“İmran Xanın Ukrayna böhranı öncəsi Moskvaya səfəri Qərbdə ciddi etirazla qarşılanıb. Düzdür, rəsmi İslamabad iddia edir ki, bu görüşdə Cənubi Asiya ilə bağlı müzakirələr aparılıb. Lakin onun bu səfəri Ukrayna müdaxiləsi öncəsi Rusiya üçün simvolik əhəmiyyət kəsb edirdi. ABŞ iddia edir ki, Xanın hakimiyyətdən uzaqlaşdırılmasında maraqlı deyil. Lakin onlar regionda ən yaxın müttəffiqi olan Pakistanın Moskva və Pekinlə yaxınlaşmasından narahatdırlar. Bu, bir faktdır ki, Pakistanda baş verənlərdə Amerikanın dolayı iştirakı var. Bu əsnada Vaşinqtonun rəsmi olaraq hansı bəyanatlar verməsinin isə heç bir əhəmiyyəti yoxdur”, - deyə Karakuş fikrini yekunlaşdırıb.

Azərbaycanın sabiq dövlət müşaviri, professor Qabil Hüseynli də oxşar fikirdədir. O AYNA-ya açıqlamasında İmran Xanın son dövrlər Pakistan liderlərinə xas olmayan müstəqil siyasət yürütdüyünü və bunun Ağ Evin xoşuna gəlmədiyini söyləyib: “ABŞ öz qoşunlarını Əfqanıstandan çıxarmaq və yeni nəqliyyat dəhlizi yaratmaq niyyətində idi. Bu planın həyata keçirilməsinə isə İmran Xan imkan vermədi. Onun siyasəti bir qədər fərqliydi. O, çoxvektorlu, proqnozlaşdırıla bilən, ardıcıl xarici siyasətin tərəfdarı idi. Beynəlxalq münasibətlər sistemində bunu aydın şəkildə ortaya qoyurdu. Bir tərəfdən Rusiya ilə, digər tərəfdən Çinlə münasibətlər yüksəlirdi. Türkiyə ilə münasibətlərə isə xüsusi önəm verirdi”.

“Vaşinqton anlayırdı ki, artıq İmran Xanla münasibətləri korlanıb və Baş nazir onun Pakistan planlarının qarşısında əsas maneədir. Bundan sonra ona qarşı təzyiqlər gücləndirildi. Şübhəsiz ki, müxalifətə dəstək vermək və Xan tərəfdarlarını ondan qoparmaq da bu ssenarinin tərkib hissəsi idi. Əminliklə söyləmək olar ki, bu gün Pakistanda baş verənlərdə Amerikanın “barmağı” var”, - deyə müsahibimiz qeyd edib.

Analitikin fikrincə, hazırda İmran Xanın qarşısında iki seçim var: “Ya növbədənkənar seçkilərdə üstünlük qazanaraq yenidən qələbəsini təmin etməli, ya da hakimiyyəti müxalifətə ötürməlidir. Qeyd etdiyim kimi, ABŞ və Qərbin istədiyi ikinci variantdır. Lakin onlar bunu açıq şəkildə dilə gətirmirlər. Bütün hallarda İmran Xanla da körpüləri yandırmaq istəmirlər”.

“Hesab edirəm ki, Xan yenidən seçkilərdə qalib gələcək. Çünki onun Pakistanın daxilində ciddi nüfuzu var. Onun iqtidara gəlişindən sonra İslamabad müstəqil siyasət yürütməyə başlayıb. Azərbaycan və Türkiyə ilə münasibətlərə də xüsusi önəm verib. İkinci Qarabağ müharibəsində ölkəmizə açıq dəstəyini nümayiş etdirib. Təbii ki, biz çox arzulayardıq ki, o, yenidən Baş nazir seçilsin. Hər halda buna böyük ümidlər var. Bütün hallarda Pakistan xalqı doğru seçim etməlidir və bu seçimin nəticələrinə Azərbaycanda da hörmətlə yanaşılacaq”, - deyə Hüseynli vurğulayıb.

Müəllif: Azər Niftiyev