"Xalxın uşağı" sindromu və "əziyyətim hədər getdi" şüvəni...

Cəmiyyət

30.05.2022 - 18:44

Övladları faciəyə sürükləyən şərt: ya indi – ya heç vaxt, ya hər şey – ya heç nə!

Bu günlərdə imtahanlardan sonra gənclər arasında intihar hadisələri yenidən aktuallaşmağa başlayıb. Bu intiharların səbəbi bir sıra hallarda dəqiq bilinməsə də, iddialara görə, imtahandan aşağı bal toplayanlar arasında bununla barışa bilməyənlər son çıxış yolunu həyatları ilə vidalaşmaqda görürlər. Bütün bunlar baş verərkən əksər hallarda valideynlər qınanır, uşaqların onların psixoloji təzyiqləri altında intihar etdiklərinə dair fikirlər səsləndirilir.

Bununla yanaşı, gedən müzakirələrdə Dövlət İmtahan Mərkəzini (DİM) qınayanlar da az deyil. Onların fikrincə, imtahanlar, xüsusilə də universitetə qəbul imtahanları olduqca çətindir. Bu barədə elə valideynlərin də narazılıqları ilə tez-tez qarşılaşmaq olur. İmtahana hazırlaşan övladının çəkdiyi əziyyəti bəzi hallarda ürək ağrısı ilə dilə gətirir, imtahanın bu qədər çətin olmamalı olduğuna dair fikirlər səsləndirirlər.

Müəllim, təhsil eksperti Qoşqar Məhərrəmov mövzu ilə bağlı AYNA-ya şərhində deyib ki, ümumulikdə imtahana münasibət dəyişməlidir: “Övladlarımızı həyatın müxtəlif çətin məqamlarına öyrətməli, hazırlaşdırmalıyıq. Həyat onsuz da asan deyil. Biz bu gün rəqabətin yüksək olduğu bir dünyada yaşayırıq. Övladlarımıza yardımsevərliyi, əməkdaşlığı, komanda işini və s. öyrətməliyik. Lakin onlar həyatın müxtəlif məqamlarında bir çox hallarda güclü rəqabət olduğunu da başa düşməlidirlər. Anlamalıdırlar ki, biz çatmaq istədiyimiz məqama gecikdiyimiz zaman həmin yeri başqaları tutur. Bu, həyatın acı reallığıdır”.

“Ona görə də uğurlu insanlar hər zaman qeyd edirlər ki, onları çətin dövrlər yetişdirib. Asan dövrlər, münbit şərait isə cılız insanlar yetişdirir. Adətən kasıb, məhrumiyyətləri çox olan insanların uşaqları güclü, çox zəngin insanların isə cılız övladları olur. Bunu mütləq bir qayda kimi demək çətin olsa da, bir çox hallarda bu, belə olur”, - deyə həmsöhbətimiz bildirib.

Onun sözlərinə görə, imtahan özlüyündə stresli, çətin bir proses olsa da, bu gün maksimum baldan 30-40 faizini toplayanlar da universitetə qəbul ola bilirlər: “İmtahan, əlbəttə, stress faktorudur, çətindir. Hər bir imtahanda müəyyən qədər çətinlik olur. Amma nəzərə almaq lazımdır ki, Dövlət İmtahan Mərkəzinin iddiası budur ki, imtahanlarda orta məktəb proqramından kənara çıxmırlar. Bunun paralelində digər reallıq da budur ki, maksimum baldan – 700 baldan 200-300 bal toplayan da universitetə qəbul ola bilir”.

“Bəs niyə bəzi hallarda arzuolunmaz hallar yaşanır?” sualını cavablandıran müəllimin fikrincə, bu, valideynlərin, eləcə də abituriyentlərin imtahana düzgün olmayan yanaşmalarının nəticəsidir: “İctimai qınaq, uşaqların üstündəki təzyiq, "xalxın uşağı" sindromu,"çəkdiyim əziyyət hədər oldu" kimi fikirlər xoşagəlməz hallara aparan əsas problemlərdir. Həssas insanlar gözlədiklərinin əksi ilə qarşılaşdığında bununla barışmaqda, alternativləri sınamaqda çətinlik çəkirlər”.

“Məsələn, həmişə sınaqlarda 650 yığan bir abituriyent imtahanda 550 yığdığında bununla barışmırsa, qeyd olunan xoşagəlməz halla üz-üzə dayanır. Çünki o, heç zaman əksini düşünməyib. Buna görə, övladlarımıza öyrətməliyik ki, həyatda hər zaman hər şey bizim planladığımız kimi olmur”, - deyə ekspet söyləyib.

O, bu gün universitetə qəbulun heç də çətin olmadığı düşüncəsindədir: “Əsas problem valideynlərin uşaqları yetişdirmə tərzindədir. 600-dən yuxarı bal toplamaq çətin ola bilər, amma bu gün universitetə qəbul olmaq çox asandır. Çünki qeyd etdiyim kimi, 200-300 balla da universitetlərə qəbul mümkündür. Övladlarımızı özgüvənli böyütməliyik. Əksi olduğu zaman – onları mükəmməlliyyətçi, “ya hər şey, ya heç nə” düşüncəsi ilə böyütdüyümüzdə onlar gözlədiklərindən fərqli məqamla qarşı-qarşıya qaldıqlarında alternativləri düşünə, qəbul edə bilmirlər və xoşagəlməz hallar yaşanır”.

“Buna görə düşünürəm ki, insanların hər zaman alternativləri olmalıdır. Bu zaman insanda bir rahatlıq yaradır. Məsələn, “bu il olmasın, gələn il olsun” məntiqi ilə yanaşma onları daha xoşbəxt, dözümlü edər. Bu, təkcə ali məktəbə qəbul olmaq məsələsində deyil, digər məsələlərdə də belə olmalıdır. Əks halda onlar gələcək həyatlarında digər seçimlərində də çox ciddi problemlər yaşayacaqlar. Mükəmməlliyyətçi olmaq, insanın özünə qarşı tolerant davranmaması zamanı təbii ki, çoxlu stress, travmalar yaşanacaq. Ona görə düşünürəm ki, əsas məsələ övladların yetişdirilmə tərzi, valideynlərin övladlarını dəstəkləyib-dəstəkləməməsi, onlardan gözləntilərini ifadə etmə tərzi, yaxşı kommunikasiya qurmalarıdır. Bunlar olmadığı zaman bəsit imtahan belə, böyük işgəncəyə çevrilə bilər”, - deyə Məhərrəmov vurğulayıb.

Müəllif: Banu Çiçək