Zooloq: “Sahibkarlar zooparklar üçün heyvanların balalarını zorla əllərindən alırlar, bu da heyvanları aqressivləşdirir”
Xəbər verdiyimiz kimi, bir neçə gün öncə Qubanın Cimi və İsmayıllının Tırcan kənd sakinləri ayıların hücumuna məruz qalmışdı. Ümumiyyətlə, ayıların və digər yırtıcı heyvanların kəndlərə basqınlar etməsi dağlıq rayonların hamısında baş verir. Son zamanlar isə belə halların sayı artıb.
Ayıların kəndlərə və orda yaşayan sakinlərə hücumları nə ilə əlaqədardır? Heyvanların qidalarının tükənməsi, qocalıb əldən düşməsi nəticəsində ov edə bilməməsi, yaxud mövsüm amili burada rol oynayırmı? İnsanlar bu təhlükələrdən necə qorunmalı, müvafiq dövlət qurumları hansı tədbirlər görməlidir?
Məsələni AYNA-ya şərh edən Bakı Dövlət Universitetinin (BDU) Zoologiya kafedrasının dosenti Sevinc Hümbətova yırtıcıların səbəbsiz yerə insanlara hücum çəkmədiyini deyib: “Adətən ayılar səbəbsiz yerə kəndlərə və ya insanlara hücum etmir. Lakin insanlar onlara hücum edəndə, yaxud özlərinə qarşı təhlükə hiss edəndə, hücum etməyə başlayırlar. Əsasən də, istirahət mərkəzlərində müştəriləri cəlb etmək üçün sahibkarların yaratdıqları mini zooparklar buna səbəb olan əsas amillərdəndir. Çünki sahibkarlar yaratdıqları zooparklar üçün, meşələrdə heyvanların balalarını zorla ələ keçirir və zooparklara salırlar. Belə olan halda da heyvanlar aqressivləşir və həmin ərazilərə hücum edir. Lakin ayıların aclıq səbəbi ilə kəndlərə hücum etməsi elmi cəhətdən reallığı əks etdirmir”.
Mərahim Nəsib