“İbtidai icma quruluşunda” yaşayanlara rəsmi cavab: “Yağış yağanda işıqların sönməsi normaldır”

Cəmiyyət

05.09.2019 - 16:06

Camaat isə deyir ki, “Yay aylarında belə hallar yaşanırsa, payız-qış fəslini özünüz düşünün”

 

Bir neçə gün əvvəl yağan aramsız yağışlar paytaxt və rayonlarda ənənəvi problemləri yenidən gündəmə gətirib – küçələri su basması, rayon yollarının keçilməz hala düşməsi, təsərrüfatlara ziyan dəyməsi və s. Eləcə də camaatın işıq dərdi...

 

Belə ki, AYNA-ya müraciət edən Ağdaş rayonunun Yuxarı Ləki, Orta Ləki, Aşağı Ləki, Hapıtlı, Ovçulu kəndlərinin sakinləri deyirlər ki, cüzi yağış yağıb, külək əsən kimi, sakinlər elektrik enerjisi üzünə həsrət qalırlar. Son günlər yağan aramsız yağışlardan sonra da eyni vəziyyət meydana çıxıb.

 

“Hər dəfə yağış yağanda işıqlar kəsilir və saatlarla işıq üzünə həsrət qalırıq. Belə hadisələr tez-tez təkrarlanır. Dəfələrlə rayonun işıq idarəsinə müraciət etsək də, hər dəfə səlahiyyətli şəxslər transformatorun partladığını deyirlər. Və guya başlayırlar partlayışın harda baş verdiyini axtarmağa”, - deyə şikayətçilər bildirirlər.

 

Sakinlərin sözlərinə görə, kəndlərə elektrik enerjisi ilə təmin edən transformatorlar Sovet dövründən qalıb: “Adi təbiət hadisəsi baş verən kimi sıradan çıxır. Yay aylarında belə hallar yaşanırsa, payız-qış fəslini özünüz düşünün. Köhnə, xarab olmuş transformatorlara bir əncam çəkmələri üçün dəfələrlə müvafiq qurumlara müraciət etsək də, hər dəfə axtarış getdiyini deyirlər. Biz faktiki olaraq ibtidai icma quruluşunda yaşayırıq”.

 

AYNA əməkdaşı yaranmış problemə aydınlıq gətirmək üçün “Azərişıq” ASC-nin mətbuat xidmətinin rəhbəri Tanrıverdi Mustafayev ilə əlaqə saxlayıb. O, bu barədə ilk dəfədir eşitdiyini deyib: “Bu günə qədər sözügedən ərazidən bizə heç vaxt şikayət daxil olmayıb”.

T.Mustafayev onu da qeyd edib ki, yağış yağıb, külək əsəndə işıqların kəsilməsi normal haldır: “Biz özümüz ciddi fəsadlar baş verməsin deyə, qabaqlayıcı tədbirlər görmək məqsədi ilə belə hallarda işıqların kəsilməsi ilə bağlı tapşırıqlar veririk. Doğrudur, işıqlar bir neçə saat ərzində söndürülür, lakin dərhal problem aradan qaldırılır”

 

“Buna baxmayaraq, mən dəqiq fakt olmadan dəqiq heç nə deyə bilmərəm. Çünki hadisənin hansı saatlarda, hansı məkanlarda, hansı günlərdə olduğunu dəqiq araşdırmaq lazımdır”, - deyə ASC sözçüsü əlavə edib.

Müəllif: Mərahim Nəsib