Xalq yazıçısı barəsində deyilənlərə cavab verdi: “Cahil insanlar oxuyub...”

Cəmiyyət

01.07.2023 - 19:09

Natiq Rəsulzadə: “Səviyyəli, savadlı, alicənab insan sizcə, sosial şəbəkələrdə söyüş söyməlidir?”

Xalq yazıçısı Natiq Rəsulzadə sosial şəbəkələrdə haqqında yazılan fikirlərə etiraz edib. Yazıçı AYNA-ya göndərdiyi məktubunda qeyd edib ki, bir neçə gündür ünvanına həqarətlər yazılır.

“Mənim ünvanıma “vətənpərvərlər” tərəfindən müsahibəmdə sosial şəbəkələrdə bir çoxlarının səviyyəsiz danışmaqlarına, ədəbsiz sözlərinə, düşünülməmiş çıxışlarına garşı münəsibətimə sərt fikirlərin yazıldığını oxudum. Onlara cavab olaraq deyirəm: əsl vətənini, xalqını sevən ziyalı həmişə o xalqın içində olan kütlənin nöqsanlarını göstərməyə çalışır  və bununla həmin nöqsanları və neqativ halları aradan götürməyə cəhd göstərir”, - deyə Rəsulzadə qeyd edib.

Xalq yazıçısı bildirib ki, Mirzə Ələkbər Sabir, Mirzə Cəlil, Rusiyada Qoqol və s. böyük yazıçılar həmişə çalışıblar xalq arasında olan mənfi cəhətləri tənqid etməklə aradan götürsünlər: “Bəli, çox çətin bir işdir. Çünki onlara mane olan bir çox “ağzı göyçəklər” “vətənpərvərlər” buna qarşı çıxırlar. Bu yaxında “Facebook”da oxudum. Biri yazır: “Ailə başcısının namusu, qeyrəti necə qəbul edir ki, o ailəsini çimərliyə aparır. Orada axı onun arvadına özgə kişilər baxarlar”. Ona “züy tutan” digər birisi də yazır: “Qabaq bizim məhəllədən heç bir özgə kişi keçə bilməzdi!”. Bu nədir belə?! Nə cahillikdir bu?! Bəlkə 100 il əvvəllə qayıdırıq?! Sosial şəbəkələr, “Facebook” belə səviyyəsiz yazılarla doludur. Mən buna etiraz etmişəm. Müsahibəmdə nəzərdə tutduğum belə vətənpərvərlər”dir. Bu “patriot”ların arasında Mirzə Ələkbər Sabir yaşasaydı onu yaqin ki “niyə xalqı aşağalıyırsan” deyə qınayardılar”.

““Sarı mətbuat” mənim həmin müsahibəmi “hər bayram” təkrar dərc edir, çünki kütləni qıcığlandırmaq lazımdır ki, reytinqləri artsın. Cahil insanlar da oxuyub, cahilliklərini göstərirlər. Səviyyəli, savadlı, alicənab insan sizcə, sosial şəbəkələrdə söyüş söyməlidir? Sizcə, sosial şəbəkələr onun üçün yaranıb? Nəzərə alın, cahillik həmişə xalqı qeri çəkib. Nəsimi, Nizami, Füzuli, Üzəyir bəy, Qara Qarayev, Tahir Salahov, Rəşid Behbudov, Müslüm Maqomayev və yüzlərcə belə dahi sənətkarları olan xalqı heç kəs aşağılaya bilməz. Amma kütlədə olan cahil adamlara tərbiyə vermək də hər ziyalının borcudur. Və mən fəxr edirəm ki, cəmiyətdə hər zaman cahilliyə qarşı çıxan yazıçını, yəni məni böyük Heydər Əliyev 25 il evvəl “Əməkdar incəsənət xadimi” fəxri adına layiq görüb, bizim hörmətli Prezidentimiz İlham Əliyev də “Xalq yazıçısı” fəxri adı verib”, - deyə N.Rəsulzadə fikrini tamamlayıb.

Qeyd edək ki, Xalq yazıçısının müsahibəsində sosial şəbəkələr barədə dedikləri fikirlər şəbəkə istifadəçiləri arasında birmənalı qarşılanmayıb. N.Rəsulzadənin “Facebook” barədə mənfi fikirləri sosial şəbəkələrdə sərt tənqidə məruz qalıb.

Müəllif: Ayna.az