“Vəziyyət kritikləşir, Rusiya ilə danışmalıyıq” - Milli Məclisdə Laçın yolu ilə bağlı TƏKLİF

Aktual

24.02.2023 - 14:10

Deputat: “Biz bu iki məsələni tamamilə həll etməliyik. Ona görə ki, vəziyyətin getdikcə kritikləşməsi göz qabağındadır”

Milli Məclisin bu gün keçirilən iclası Xocalı soyqırımında həlak olanların xatirəsinin yad ediməsi ilə başlayıb. Parlamentin sədri Sahibə Qafarovanın sədrliyi ilə keçirilən iclasda gündəlikdən olan məsələlərin müzakirəsindən əvvəl deputatlar cari məsələlərlə bağlı fikirlərini səsləndirib, təkliflərini irəli sürüblər.  

Deputatdan narazılıq: “Vətəndaşı necə çölə ata bilərsən ki...”

Deputat Fazil Mustafa Bakıda qeydiyyatsız yaşayan vətəndaşlarla bağlı problemi qabardıb. Millət vəkilinin sözlərinə görə, sənədsiz evlərdə, gecəqondularda yaşayan çox sayda insan var.

Deputat qeyd edib ki, insanların qeydiyyat məsələsi, bölgələrə qayıdışı kimi məsələlərə diqqət edilməlidir: “Vətəndaşı necə çölə ata bilərsən ki, get Bakıda yaşamaq hüququnu rəsmiləşdir?! Bakıda daimi qeydiyyatı olmayanlara deyirlər ki, qohumlarınızın evində qeydiyyata düşün, ya da çıxın gedin. Hesab edirəm ki, hansısa yolla bu məsələ yoluna qoyulmalıdır”.

“5-6 mərtəbədən hündür binalar tikilməsə yaxşıdır”

Deputat Naqif Həmzəyev isə bina tikintisindən danışıb və bildirib ki, 5-6 mərtəbədən hündür binalar tikilməsə yaxşıdır: “Düşünürəm ki, binaların zəlzələ izolyatorları ilə tikilməsi tələbi də qoyulmalıdır. Biz hansı faciələrin yaşandığını gördük, Türkiyədə baş verən zəlzələdə nələrin yaşandığının şahidi olduq. Aidiyyəti qurumlar bu məsələyə nəzarəti artırmalıdırlar. İnanıram ki, şirkətlər pul qazanmaq naminə vətəndaşların faciəsinə yol açmayacaq”.

“Forma-88”in ödənişli olmasından narazılır: “Bu məbləğ hansı meyarlar əsasında müəyyənləşib?”

“Bu gün əlilliyin qiymətləndirilməsi ilə bağlı bir sıra şikayətlər mövcuddur. İmtinalarda əsas səbəblərindən biri kimi tibb müəssisələri tərəfindən göndərilən “Forma-88” adlı sənədin düzgün doldurulmamasıdır. Hazırda ödənişli əsaslarla göstərilən tibbi xidmətlərin siyahısı və tariflər təsdiq edilərkən “Forma-88” də ödənişli xidmət növlərinə daxil edilib. Xidmət haqqı da təxminən 41 manat təşkil edir. Mənə aydın olmayan məqamlardan biri də özəl sektordan heç də fərqlənməyən bu məbləğin hansı meyarlar əsasında və nələrə istinad edilərək müəyyənləşdirilməsidir”.

Bu sözləri isə deputat Afət Həsənova deyib. Əlillik təyinatı zamanı tibb müəssisələrində “Forma-88”in ödənişli olmasından şikayətlənən millət vəkili qeyd edib ki, ödənişli tibbi xidmətlər siyahısında aztəminatlı ailələrin hansı formada nəzərə alınması sual olaraq qalır: “Bu, istər-istəməz haqlı narazılıqlara yol açır. Məncə, tibbi xidmətlərdən ödənişsiz yararlanmaq hüququna malik olan şəxslərin siyahısına yenidən baxılmalıdır”.

Millət vəkili: “Orda bizim gömrüyümüz və sərhəd xidmətimiz olmalıdır”

Deputat Vahid Əhmədov isə Laçın yolu ətrafında baş verənlərdən danışıb. Millət vəkili xatırladıb ki, azərbaycanlı ekofəallar 75 gündür ki, Laçın-Xankəndi yolunda aksiya keçirirlər: “Bu günlərdə ermənilər atəşkəs rejimini 15 dəfə pozdu, altı rayondakı mövqelər atəşə tutuldu. Hesab edirəm ki, problem kifayət qədər ciddiləşir.

"Bir neçə gün əvvəl Haaqa Məhkəməsində qəbul olunan qərar da ikili standartların növbəti təzahürüdür. Ona görə də Azərbaycanın atmalı olduğu addımlar var. Birincisi, Laçın yolunda hüquqi mexanizmlərin bərqərar olması üçün Rusiya tərəfi ilə danışıqlar aparmalıyıq. Orda bizim gömrüyümüz və sərhəd xidmətimiz olmalıdır ki, Qarabağ ərazisinə silah-sursat daşınmasın”.

Deputat ikinci problem kimi  Rusiya sülhməramlılarının məsuliyyət zonasındakı separatçı erməni silahlı birləşmələrinin hələ də qalmaqda olmasını göstərib: “Biz bu iki məsələni tamamilə həll etməliyik. Ona görə ki, vəziyyətin getdikcə kritikləşməsi göz qabağındadır".

Deputat hesab edir ki, Laçın yolu ilə bağlı Azərbaycan Rusiya tərəfi ilə danışıqlar aparmalıdır: “Münhen Konfransı çərçivəsində keçirilən müzakirələri gördük, dövlət başçısının Qarabağla bağlı bəyan etdiyi prinsipial mövqeyin şahidi olduq. Amma onu da görürük ki, Ermənistan rəhbərliyi hər dəfə danışıqlarda bir mövqe nümayiş etdirir, danışıqlardan sonra fərqli mövqe sərgiləyir. Ona görə də Rusiya ilə danışmalıyıq, məsələni yoluna qoymalıyıq”.

Müəllif: Anar Bayramoğlu