Vətən müharibəsindən sonra üzə çıxan faktlar – Prezident konkret ünvan göstərir

Siyasət

03.05.2022 - 10:22

Deputat: “Rusiya hər zaman regional münaqişələrdən təzyiq aləti kimi istifadə edib”

Politoloq: “Ermənistanı silahlandırmaqla heç nəyə nail ola bilmədilər”

Prezident İlham Əliyev ADA Universitetində “Cənubi Qafqaz: İnkişaf və əməkdaşlıq” mövzusunda beynəlxalq konfransda çıxışı zamanı bəyan edib ki, 44 günlük Vətən müharibəsi dövründə Ermənistan Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatındakı (KTMT) tərəfdaşlarından istifadə edərək onları da münaqişəyə cəlb etməyə çalışıb: “Ermənistanda Qarabağdakı müharibəyə Rusiyanın müdaxilə edəcəyinə dair böyük gözləntilər vardı, amma belə olmadı. Çünki Azərbaycan öz ərazisində vuruşurdu. Həmin təşkilatın mandatı iştirakçı ölkələrin yalnız öz ərazisində xarici təhlükəyə qarşı müdafiəsini nəzərdə tutur”.

Dövlət başçısının sözlərinə görə, müharibə dövründə Rusiya Ermənistana silah tədarükünü davam etdirib: “Biz Rostovdan, Mozdokdan bütün yolları izləyirdik. Biz gürcü dostlarımızdan hava məkanlarını bağlamalarını istədik, onlar bunu etdilər. Biz gürcü dostlarımızdan Rusiyadan Ermənistana Gürcüstan vasitəsilə silah daşımalarında istifadə oluna bilən yerüstü yolunu da bağlamağı istədik, bunu da etdilər, ona görə onlara minnətdarıq. Xəzərsahili ölkələrin hamısına Rusiyadan silah yüklü təyyarələri Ermənistana buraxmamaları üçün məktub göndərdik. Bu məktubları Qazaxıstana, Türkmənistana, İrana göndərdik. Təəssüflə bildirməliyəm ki, həmin təyyarələr Ermənistana sözügedən ölkələr üzərindən uçurdu”.

Ölkə rəhbərinin açıqlamasını AYNA-ya şərh edən Milli Məclisin Beynəlxalq münasibətlər və parlamentlərarası əlaqələr komitəsinin üzvü Rasim Musabəyov deyib ki, Rusiya hər zaman regional münaqişələrdən öz xeyrinə istifadə etməyə çalışıb: “Prezident İlham Əliyev çox düzgün vurğuladı ki, 44 günlük Vətən müharibəsində Azərbaycana qarşı ciddi təzyiqlər olub. Bəzi qonşu ölkələr müharibə dövründə Azərbaycana olan münasibətini aydın şəkildə ortaya qoyub. Heç şübhəsiz ki, bu, ölkə başçısı səviyyəsində ifadə olunursa, o deməkdir ki, Azərbaycan öz torpaqlarının azadlığı uğrunda apardığı müharibə dövründə ona olan münasibəti unutmayıb və unutmayacaq”.

“O ki qaldı Rusiyaya, Moskva hər zaman çalışıb ki, Qarabağ münaqişəsindən öz maraqları naminə istifadə etsin. Mövcud şəraitdə nəqliyyat xətlərinin çəkilməsi Rusiyanın da maraqlarına cavab verir. Çünki bu, onun özünə də lazımdır. Onlar belə hesab edirlər ki, münaqişə 20 il də uzana bilər, daha çox da. Postsovet məkanında münaqişələr həmişə Kreml üçün təzyiq vasitəsi olub və onlar çalışıblar ki, bu münaqişələr bitməsin. Mümkün qədər daha çox davam etsin”, - deyə həmsöhbətimiz bildirib.

Deputatın sözlərinə görə, Ermənistan rəhbərliyi mövcud şəraitdə reallığı nəzərə almağa məhkumdur: “Bu reallığı nəzərə almadan məğlub Ermənistanla heç kim danışıqlar aparmayacaq. Paşinyanın bu məsələdə əsas ümidi Rusiyaya idi. Lakin bu gün Rusiya kifayət qədər təhlükəli bir yola qədəm qoyub. Bu yol onu hara aparacaq, hansı nəticələr doğuracaq - bunu digərləri kimi, Paşinyan da bilmir. Bu baxımdan məcburdur ki, alternativ yollar fikirləşsin. Əks halda ölkəsini yenidən bataqlığa sürükləyəcək. 44 günlük Vətən müharibəsində Azərbaycanın tarixi qələbəsi ilə bu münaqişə başa çatıb. Post-müharibə dövründə isə Paşinyan məntiqli və ardıcıl siyasət yürütməlidir. Həm Azərbaycanla, həm də Türkiyə ilə münasibətləri bərpa etməklə Ermənistanın regional iqtisadi layihələrdə iştirakına şərait yaratmalı, bununla da Ermənistanı ağır iqtisadi fəlakətnə xilas etməlidir. Əks halda bu onun üçün aruzolunan nəticələrə gətirib çıxarmayacaq”.

“Paşinyan Azərbaycanla ikitərəfli danışıqlara hazır olmalıdır, sərhədlərin müəyyənləşməsi ilə bağlı müvafiq komissiya yaratmalıdır. İrəvan unutmamalıdır ki, danışıqların gələcəyi Azərbaycanla əldə edilən razılaşmalardan asılı olacaq. Bu baxımdan kənardan təkliflər gözləmək ənənəsinə son qoymalıdır. Belə olarsa, daha qısa müddətə nəticə əldə etmək mümkün olacaq”, - deyə Musabəyov vurğulayıb.

Politoloq Fərhad Məmmədov da öz növbəsində AYNA-ya deyib ki, Prezident İlham Əliyev bununla bağlı dəfələrlə ortaya qəti mövqe qoyub: “Hələ o zaman dövlət başçısı bəyan edirdi ki, Ruisya İran və digər ölkələr üzərindən Ermənistanı silahlandırır. Əlavə edirdi ki, bu, Ermənistanı məğlubiyyətdən xilas etməyəcək. Belə də oldu və 44 günlük Vətən müharibəsində tarixi zəfər əldə etdik. Baxmayaraq ki, müharibədən öncə cənab İlham Əliyev rəsmi İrəvana xəbərdarlıq edir, onları xoşluqla Azərbaycan torpaqlarını tərk etməyə çağırırdı, amma onlar bundan düzgün nəticə çıxarmadılar. Bu tarixi şansan istifadə etmədilər və nəticədə acı məğlubiyyətə uğradılar”.

“Məlumdur ki, Azərbaycan hər zaman müstəqil siyasət yürüdüb və heç bir kənar dövlətə qarşı təzyiq aləti olmayıb. Cənab Prezidentin yenidən bu məsələni gündəmə gətirməsi həm də Ermənistanı silahlandıran ölkələrə bir mesajdır”, - deyə müsahibimiz söyləyib.

Əlavə edib ki, həmin ölkələrin Ermənistanın silahlanmasına yardım etmələri heç nəyi dəyişmədi: “Müzəffər Ali Baş Komandan İlham Əliyevin və Azərbaycan Ordusunun qətiyyəti nəticəsində biz doğma torpaqlarımızı işğaldan azad etdik. Bu qələbə yeni tarixi reallıqlar yaradıb. Mövcud şəraitdə isə Ermənistan rəhbərliyi bu reallığa uyğun addımlar atmalıdır. Brüssel danışıqları zamanı Paşinyan üzərinə öhdəlik götürdü ki, aprel ayının sonuna qədər müvafiq komissiya yaradacaq. Lakin o, bunu etmədi və əldə olunan razılaşmalardan boyun qaçırmağa çalışır”.

“Unutmaq lazım deyil ki, Paşinyan qeyri-müəyyən və proqnozlaşdırıla bilməyən siyasətçidir. O istəyir ki, danışıqlar Azərbaycanla Ermənistan arasında deyil, Rusiyanın iştirakı ilə üçtərəfli formatda davam etdirilsin. Münaqişəni uzatmaq Ermənistanın da maraqlarına cavab vermir”, - deyə Məmmədov fikrini yekunlaşdırıb.

Müəllif: Azər Niftiyev