Vaşinqtondan Tiflisə xəbərdarlıq: “Bu, demokratik dəyərlərlə bir araya sığmır”

Dünya

02.05.2024 - 14:53

“Bu qanun və hakim “Gürcü arzusu” Partiyasının anti-Qərb ritorikası ölkəni təhlükəli yola salır”

“Xarici agentlər” haqqında qanun Gürcüstanı təhlükəli yola salır və demokratik dəyərlərə uyğun gəlmir. AYNA xəbər verir ki, bu barədə ABŞ-ın Tiflisdəki səfirliyinin “Facebook” səhifəsində yayımlanan bəyanatında deyilir.

“Bu qanun və hakim “Gürcü arzusu” Partiyasının anti-Qərb ritorikası ölkəni təhlükəli yola salır. Hökumətin bəyanatları və hərəkətləri Avropa İttifaqı (Aİ) və NATO-ya üzvlüyün əsasını təşkil edən demokratik dəyərlərlə bir araya sığmır və Gürcüstanın Avro-Atlantik inteqrasiya yoluna xələl gətirir”, - deyə diplomatik missiya vurğulayıb.

Səfirlik həmçinin Tiflisdə dinc nümayişçilərə, o cümlədən jurnalistlərə qarşı zorakılığı pisləyib.

Bundan əvvəl ABŞ Dövlət Departamentinin Mətbuat Xidmətinin rəhbəri Metyu Miller bildirib ki, “Xarici agentlər” haqqında qanun Gürcüstanın Aİ və NATO-ya daxil olmaq arzularını təhdid edir. Onun fikrincə, bu qanun layihəsinin qəbulu Gürcüstanda vətəndaş cəmiyyətini sarsıdacaq.

Qeyd edək ki, Gürcüstan Parlamenti “Xarici agentlər” haqqında qanun layihəsini səs çoxluğu ilə ikinci oxunuşda qəbul edib. Müxalifətin ölkə boyu tüğyan edən etirazlarına baxmayaraq, parlament mübahisəli qanun layihəsini qəbul edib. Hüquq-mühafizə orqanlarının əməkdaşları aksiyalarda onlarla insanı saxlayıblar.

Müəllif: Ayna.az