Bu, separatizmin təşviqi və Ermənistan-Azərbaycan münaqişəsinin qızışdırılmasıdır
“Uydurma və qondarma seçkilər ciddi reqressiya və əks-məhsuldar addımdır. Qanunsuz marionet rejimi ləğv edilməli və tərksilah edilməlidir. Bu, Qarabağda yaşayan ermənilərin və azərbaycanlıların birgə yaşaya biləcəyi davamlı sülhü təmin etməyin yeganə yoludur”.
Bu barədə Azərbaycan Prezidentinin köməkçisi, Prezident Administrasiyasının Xarici siyasət şöbəsinin müdiri Hikmət Hacıyev “X” sosial şəbəkəsində (keçmiş “Twitter”) yazıb.
Bu da düzgündür. Çünki Azərbaycanın Qarabağ iqtisadi rayonunda hakimiyyəti ələ keçirmiş və çoxu bizim dövlətin qanunları ilə yaşamağa hazır olan on minlərlə ermənini girov saxlayan xunta rəhbərləri ilə danışıqlar aparmaq mümkün deyil. Necə ki, hava yollarının sərnişinlərini, bank müştərilərini və ya başqa bir şeyi girov götürərək tələblərinin ödənilməsini tələb edən terrorçularla danışıqlar apara bilməzsən.
Rəsmi Bakı dəfələrlə Qarabağ ermənilərinin inteqrasiyasının müxtəlif formalarını təklif edib, lakin onların hamısı şənbə günü yeni lider seçən bu xüsusi xunta tərəfindən əngəllənib. Təbii ki, baş verənlər Azərbaycan Respublikasının Konstitusiyasının, qanunlarının, beynəlxalq hüququn norma və prinsiplərinin kobud şəkildə pozulmasıdır – bu, məqsədyönlü təxribatdır və Hacıyevin sözlərinin doğruluğunu bir daha sübut etdi.
Nəzərə almaq lazımdır ki, Bakı dəfələrlə erməni tərəfinə belə oyunların onun üçün müsbət nəticə verməyəcəyi barədə xəbərdarlıq edib. Hər halda Xankəndindəki şouya Azərbaycan Xarici İşlər Nazirliyindən sərt reaksiya gəldi. Daxili İşlər Nazirliyi bəyanat yayaraq beynəlxalq ictimaiyyəti Qarabağda keçirilən bu qondarma “seçkiləri” qəti şəkildə pisləməyə çağırıb.
İlk reaksiya verənlər Türk Dövlətləri Təşkilatı, o cümlədən Türkiyə oldu. Sonra Ukrayna, Moldova, Böyük Britaniya, Pakistan və bir sıra digər dövlətlər də daxil olmaqla mənfi münasibətlər oldu.
Yazı hazırlanarkən bu məsələ ilə bağlı Rusiya və ABŞ-dan heç bir açıqlama verilməmişdi. Və əgər Rusiya ilə bağlı hər şey aydındırsa, o, Qarabağ separatçıları arasında keçirilən seçkiləri tənqid edə bilmir, çünki, özü Ukraynanın müvəqqəti işğal olunmuş ərazilərində eyni şou nümayiş etdirir. Amma ABŞ Dövlət Departamentinin susqunluğu suallar yaradır.
Bununla əlaqədar olaraq, ABŞ dövlət katibi Entoni Blinkenin sentyabrın 7-də ABŞ Dövlət Departamentinin saytında dərc olunmuş bəyanatını müqayisə üçün xatırlatmaq istəyirəm. ABŞ-ın Ukraynanın Rusiya tərəfindən müvəqqəti işğal olunmuş ərazilərində qondarma beynəlxalq müşahidəçilər də daxil olmaqla, saxta “seçkiləri” dəstəkləyən şəxslərə qarşı sanksiyalar tətbiq edəcəyi açıq şəkildə ifadə edilib. Blinkendən Xankəndindəki “seçkilər”lə bağlı eyni sözləri eşitmək dürüst və ədalətli olardı.
Eyni zamanda, artıq Avropa İttifaqının (Aİ) xarici siyasət xidmətinin rəsmi nümayəndəsi Nəbilə Massralının da mövqeyini eşitmişik. Və eşitdiklərim məni şoka saldı. Bəli, Aİ “Xankəndidə keçirilən qondarma “prezident seçkiləri”nin heç bir konstitusiya və hüquqi normalara uyğun olmadığını” qeyd etdi. Azərbaycanın ərazi bütövlüyünə və suverenliyinə hörmətlə bağlı ifadələr bu bəyanatın məntiqi davamı olardı. Yaxud bütün digər ölkələri və təşkilatları bu “seçkiləri” tanımamağa və onların təşkilatçılarını qınamağa çağırışı səslənməli idi.
Lakin Aİ tərəfindən belə bir şey elan edilmədi. Əvəzində isə Azərbaycanda sadəcə olaraq hiddət doğuran fikirlər səsləndi: “Eyni zamanda, Aİ Qarabağ ermənilərinin Bakı ilə konstruktiv danışıqlar aparmağa qadir və hazır olan faktiki rəhbərlik ətrafında cəmləşməsini vacib hesab edir. Aİ bu prosesi dəstəkləməyə sadiqdir”.
Bu isə Qarabağ xuntasına açıq dəstəkdir. Bu, separatizmin təşviqidir. Bu, Ermənistan-Azərbaycan münaqişəsinin qızışdırılmasıdır.
Xankəndinin Aİ-nin xarici siyasət xidmətinin nümayəndəsinin bu çıxışlarını bir növ indulgensiya kimi qəbul edəcəyi bəlli idi. Və belə də oldu.
“Beynəlxalq təşkilatların bəyanatları onların bizim hüquqlarımızı, seçki prosesini və onun nəticələrini tanımasını nəzərdə tutur, xüsusən də onlar bizim hakimiyyət orqanları ilə danışıqlarda iştirak etməyə hazır olduqları halda”, - deyə bu yaxınlarda “dövlət naziri” rolunu oynamış Artak Beqlaryan deyib.
Bax belə. Aİ və digər xarici qüvvələrin dəstəyi ilə Xankəndidə hakimiyyəti ələ keçirən xunta ağlın səsini eşitmək istəmədiyini və Azərbaycan qanunlarına hörmət etmədiyini nümayiş etdirir. Bu, o deməkdir ki, H.Hacıyevin yazdıqlarının əməli surətdə həyata keçirilməsi ləngiməməlidir - qanunsuz marionet rejimi ləğv olunmalı, tərksilah edilməlidir.