“Qaçqınların əksəriyyəti öz vətənlərinə yaxın yerdə - Avropada yaşamaq istəyir”
Ağ Ev ukraynalı qaçqınların ABŞ-a getmək istəməməsinin səbəbini açıqlayıb. ABŞ hesab edir ki, ölkəyə daxil ola biləcək ukraynalı qaçqınların əksəriyyəti öz vətənlərinə yaxın yerdə - Avropada yaşamaq istəyir.
AYNA xarici mediaya istinadən bildirir ki, bu sözləri Ağ Evin kommunikasiyalar üzrə direktoru Keyt Bedinqfild jurnalistlər üçün keçirdiyi brifinqdə deyib.
“Biz hesab edirik ki, qaçqınların əksəriyyəti ölkələrinə yaxın yerdə qalmaq istəyirlər. Onlar əsasən, Avropada qalmaq istəyirlər. Ancaq biz 100 min ukraynalı qaçqını qəbul edə bildiyimizi demişik və bunu təmin etmək üçün səy göstəririk", - Ağ Ev rəsmisi vurğulayıb.
Qeyd edək ki, martın ortalarında Ağ Evin mətbuat katibi Cen Psaki ABŞ-ın ukraynalı qaçqınları yerləşdirməyə hazır olduğunu bəyan edib. Onun sözlərinə görə, dövlətlər tərəfdaşları ilə birlikdə belə insanlara dəstək tədbirləri nəzərdən keçirir. Eyni zamanda, fevralın sonunda Psaki bildirib ki, Vaşinqton öz tərəfdaşları ilə əlaqə saxlayır və qaçqınların əksəriyyətinin Avropa ölkələrində yerləşdiriləcəyini gözləyir.