Uşaqlar Quba şəhərində yerləşən sanatoriyada reabilitasiyadan keçəcəklər
Ukraynadan bir qrup uşaq Azərbaycana gətirilib. AYNA.AZ xəbər verir ki, bu barədə Ukraynanın Azərbaycandakı səfiri Yuri Husyev “Facebook” hesabında paylaşım edib.
Diplomat deyib ki, uşaqları Ukrayna-Azərbaycan Parlamentlərarası Əlaqələr üzrə İşçi Qrupunun rəhbəri, millət vəkili Əlibala Məhərrəmzadə və səfirliyin əməkdaşları qarşılayıb.
Səfər çərçivəsində uşaqlar Quba şəhərində yerləşən sanatoriyada reabilitasiyadan keçəcək, Azərbaycan mədəniyyəti ilə tanış olacaqlar.
Eyni zamanda azyaşlı qonaqlar Bakıdakı Ukrayna Mədəniyyət Mərkəzini ziyarət edəcək və paytaxtda gəzintyə çıxacaqlar.
Bu, müharibə dövründə Ukraynadan Azərbaycana istirahət və reabilitasiya üçün gələn doqquzuncu qrupdur.
Husyev səfərin təşkilində göstərilən dəstəyə görə Azərbaycanın rəhbərliyinə və xalqına, eləcə də xeyriyyəçilik fəaliyyəti ilə məşğul olan bir qrup şəxsə təşəkkür edib.
“Bu dəstək təkcə xalqlarımızın dostluğunun əsl təzahürü deyil, həm də Ukrayna-Azərbaycan strateji tərəfdaşlığının möhkəmlənməsinə mühüm töhfədir”, - deyə diplomat vurğulayıb.