MDB Müdafiə Nazirləri Şurasının 2020-ci il üçün İş Planı açıqlanacaq

Xəbərlər

30.10.2019 - 13:33

Bakıda MDB Müdafiə Nazirləri Şurasının növbəti iclası keçirilir

 

Oktyabrın 30-da Bakıda Müstəqil Dövlətlər Birliyinə (MDB) üzv ölkələrin Müdafiə Nazirləri Şurasının növbəti iclası işə başlayıb. Müdafiə Nazirliyinin (MN) mətbuat xidmətindən AYNA-ya verilən məlumata görə, iclasda Azərbaycanın Müdafiə naziri general-polkovnik Zakir Həsənov, Rusiyanın Müdafiə naziri ordu generalı Sergey Şoyqu, Belarusun Müdafiə naziri general-leytenant Andrey Ravkov, Qazaxıstanın Müdafiə naziri general-mayor Nurlan Yermekbayev, Özbəkistanın Müdafiə naziri general-mayor Bahodir Kurbanov, Tacikistanın Müdafiə naziri general-polkovnik Mirzo Şerali, Qırğızıstan Silahlı Qüvvələrinin Baş Qərargah rəisi general-mayor Rayimberdi Duyşenbiyev və MDB İcraiyyə Komitəsinin sədri – icraçı katib Sergey Lebedev iştirak edirlər.

 

Əvvəlcə iclas iştirakçıları xatirə şəkli çəkdiriblər. İclasda Şura üzvləri MDB ölkələrinin 2025-ci ilədək hərbi əməkdaşlıq konsepsiyalarını və MDB üzvü olan dövlətlərin Müdafiə nazirliklərinin 2025-ci ilədək radiasiya, kimyəvi və bioloji vəziyyətlə əlaqədar birgə monitorinq və qiymətləndirmə sisteminin hazırlanmasına dair əsas istiqamətləri nəzərdən keçirirlər.

 

Bundan başqa, iclasda “Beynəlxalq Ordu Oyunları-2019”un yekunları, MDB ölkələrinin silahlı qüvvələri üçün zabit kadrlarının hazırlanması, “Elmə başlanğıc” İnnovativ Elmi İdeyalar Beynəlxalq Festivalının keçirilməsi və II Dünya müharibəsində Qələbənin 75 illiyinin qeyd olunmasına hazırlıq məsələləri müzakirə olunur. Eyni zamanda, Birlik ölkələrinin 2019-cu ildə hərbi əməkdaşlığının inkişafının nəticələrinin yekunları müzakirə edilir. İclasda MDB Müdafiə Nazirləri Şurasının 2020-ci il üçün İş Planı açıqlanacaq. Bundan başqa, iclasda cari hərbi əməkdaşlıq və qarşıda duran digər məsələlər də diqqət mərkəzində olacaq.

Müəllif: Ayna.az