"Təəssüf ki, təhsillə bağlı arzuları bətnində olan 8 aylıq körpəsi kimi doğulmadan dəfn olundu"
31 avqust 2019-cu ildə Berlində yaşadığı otağın pəncərəsindən (binanın 4-cü mərtəbəsindən) naməlum şəraitdə yıxılaraq rəhmətə gedən 32 yaşlı, 8 aylıq hamilə qadının nəşi bu gün Berlindən Bakıya yola salınıb.
AYNA xəbər verir ki, bu barədə İnteqrasiya Mərkəzi məlumat verib.
"Qadının həyat yoldaşı ilə söhbət zamani məlum oldu ki, ölümündən bir neçə gün əvvəl, sevinərək mənə Bayreuth Universitetində PHD fəlsəfə doktoru adını qazandığını bildirən xanım o imiş. Berlindən oraya köçmək qaydaları, bu işin orada yaşamaq imkanı əldə etmək üçün imkan verəcəyi ilə bağlı suallar yazmışdı. Bu gün baxdım ki, dərhal cavab vermişəm və xahiş etmişəm ki, əmək müqaviləsini imzalasın, sonra digər məsələləri müzakirə edək. Təəssüf ki, təhsillə bağlı arzuları bətnində olan 8 aylıq körpəsi kimi doğulmadan dəfn olundu", - deyə İnteqrasiya Mərkəzinin rəhbəri Əlövsət Əliyev qeyd edib.
Həyatını itirmiş qadının 10 yaşlı oğlu anasının onunla bağlı ümidlərini doğrultmağa çalışacağını deyib: "Oğlu ilə xeyli söhbət etdim. Bu hadisədən sonra həkim olmağa qərar verib, "bu, həm də anamın arzusu idi" dedi. Həm də bildirdi ki, anamın mənimlə bağlı bütün arzularını bilirəm və hamısını icra etməyə çalışacağam".
"Kifayət qədər mükəmməl təhsil alan belə həmvətənlərimizə Azərbaycanın elm ocaqlarında yer tapılmamasına təəssüflənir, belə hadisələrin təkrar olunmamasını arzu edirəm.
Məhrumənin yaxın qohumlarına dərin hüznlə baş sağlığı verirəm. Allah rəhmət eləsin", - deyə İnteqrasiya Mərkəzinin rəhbəri əlavə edib.