“Ukrayna ordusunun iranlı təlimatçıları məhv etmək təcrübəsi var”

Dünya

18.05.2023 - 10:24

Lukaşenko Belarus torpağında İran PUA-larının istehsalına niyə icazə versin?

İran hakimiyyəti yəqin ki, digər dövlətlərin sanksiyalarından və təzyiqlərindən yayınmaq üçün pilotsuz təyyarələrin istehsalını Belarusa keçirmək istəyir. Bunu “Azadlıq” radiosuna Ukrayna Silahlı Qüvvələrinin Hərbi Hava Qüvvələri Komandanlığının sözçüsü Yuri İqnat deyib.

Onun sözlərinə görə, Rusiya müstəqil olaraq pilotsuz təyyarələr istehsal edə bilər: “Məsələn, “Lancet”. Çox güclü olmasa da, yenə də Ukrayna hava hücumundan müdafiəçilərinin və Müdafiə Qüvvələrinin cəbhə xəttindəki qoşunlarının əsəbləri ilə oynaya bilir bu dronlar”.

“Planer, mühərrik, pərvanə, döyüş başlığı düzəltmək problem deyil, başqa bir məsələ “Şahed”ə daxil olan texnoloji avadanlıqdır, lakin GPS naviqasiya bloku, idarəetmə bloku var və Rusiya bunu öz ərazisində düzəldə bilməz. Əslində, bu mallar üçün – ikili təyinatlı və yüksək texnologiyalı məhsullar – onların bu cür məhsulların alınmasının qarşısını almaq üçün sanksiyalara nəzarət etmək pis olmazdı”, - deyə İqnat vurğulayıb.

Ukrayna Milli Müqavimət Mərkəzinin (CNS) Belarusdakı mənbələrinə istinadən verdiyi məlumata görə, hazırda Belarusda İrana məxsus “Şahed” tipli pilotsuz təyyarələrin istehsalının qurulması imkanları nəzərdən keçirilir. Qeyd olunur ki, Qomel Radio Zavoduna Rusiya FSB və Belarus DTK-nın təşkil etdiyi İrandan işçi qrupu səfərdə olub.

Bildirilir ki, iranlı mühəndislər sistemli şəkildə kamikadze dronların istehsalının qurulması imkanlarını müzakirə ediblər. Bildiyiniz kimi, artıq bu zavodun bazasında dronların istehsalı tamamlanıb.

"İran PUA-larının tamhüquqlu istehsalının Belarusda yerləşdirilməsi Rusiyaya İrandan pilotsuz təyyarələrin daşınması ilə bağlı logistik problemləri həll etməyə kömək edəcək", - deyə CNS qeyd edib.

Hər kəs bilir ki, İran Ukraynaya qarşı müharibə üçün Rusiyaya öz qatil dronlarının tədarükündə iştirakını hər cür inkar etməyə çalışır. Və bu halda Tehranın hasilatı başqa ölkəyə ötürməklə bu xoşagəlməz biznesdə iştirakını hansısa formada daha effektiv maskalamaq istəyi başadüşüləndir.

Ancaq sual olunur: Belarus rəhbərliyi burada özünü necə apara bilər? Lukaşenkonun bu işdə də ləkələnməsi, yəni bütün dünyanın gözü qarşısında Ukrayna əleyhinə dosyesinə neqativlik əlavə etməsi necə olacaq? Ona Belarus torpağında İran PUA-larının istehsalı üçün zavod lazımdırmı?

AYNA mövzunu tanınmış əcnəbi ekspertlərlə müzakirə edib.

Belaruslu politoloq, “Siyasi Sfera” Siyasi Araşdırmalar İnstitutunun direktoru, Böyük Vitovt Universitetinin (Litva) baş elmi işçisi Andrey Kazakeviç:

“Bu məsələ ilə bağlı hələlik dəqiq məlumat yoxdur. Ona görə də bu mövzunu ancaq hipotetik şəkildə müzakirə etmək olar. Belarusun irimiqyaslı dron istehsalını yerləşdirmək üçün nə qədər imkana malik olduğu bəlli deyil.

Düşünürəm ki, Belarus hakimiyyəti ən azı imic problemlərindən narahatdır. Əsas məsələ maliyyə mənfəəti və təhlükəsizlik riskləri baxımından belə istehsalın nə dərəcədə əsaslandırıla biləcəyidir. Qomel Ukrayna sərhədinə çox yaxın yerdə yerləşir və orada belə bir zavod Ukraynanın zərbələri üçün asan hədəf ola bilər.

Bundan əlavə, Rusiya ordusu üçün PUA istehsalının yaradılması Qərbin əlavə sanksiyalarına səbəb ola bilər ki, bu sanksiyalar artıq Belarus iqtisadiyyatına çox ağır zərbə vurur.

Ancaq belə layihələri istisna etmək olmaz. Birincisi, Belarus hakimiyyəti Rusiya ordusu üçün silah istehsal etməyə, təmir etməyə və modernləşdirməyə hazır olduğunu bəyan etdi. İkincisi, 2022-ci ildə Belarusla İran arasında əlaqələr həqiqətən də intensivləşib.

Amma istənilən halda, belə mümkün layihə Belarus hakimiyyəti üçün asan olmayacaq - nə iqtisadiyyat və texnologiya baxımından, nə də təhlükəsizlik təhdidləri nöqteyi-nəzərindən”.

Kiyev Yaxın Şərq Tədqiqatları Mərkəzinin direktor müavini Sergey Danilov:

“Lukaşenko bəzi qırmızı xətləri keçməkdən qorxur, ehtimal ki, yanlışdır. Belarus əvvəldən Rusiyanın Ukraynaya təcavüzünün ortağı olub. Müəyyən bir andan Belarusun hərbi-sənaye kompleksi də qismən Rusiya müdafiə kompleksi üçün işləməyə başladı. Belarus müxalifətinin liderləri iddia edirlər ki, “Batka”nın artıq manevr azadlığı yoxdur və o, yalnız Putinin forvaterində hərəkət edir.

Bununla belə, Lukaşenka daim Rusiya-Belarus tərəfdaşlığından kənarda onun üçün mövcud olan sahələrdə əlaqələrini genişləndirməyə çalışır. Belarusun xarici siyasətinin İran vektoru da istisna deyil. İran ilə Belarus arasında daimi siyasi əlaqələr (xüsusən də hərbi-texniki əməkdaşlıq sahəsində) mövcuddur.

İranın moped tipli PUA-larını yığmaq ehtimalı olan Qomel radio zavodu hazırda ən yaxşı vəziyyətdə deyil. Lukaşenko bu cür istehsalın işə salınmasını təkcə Rusiyaya kömək kimi deyil, həm də öz ehtiyacları üçün bu silah növünü əldə etmək və yarımçıq istehsalı canlandırmaq üçün bir yol hesab edir.

Ukrayna sərhədinin düz altındakı Qomeldə dinc Ukrayna şəhərlərini atəşə tutmaq üçün bu cür məhsulların istehsalına başlamaq planları, məsələn, “Belarus partizanları” və ya adı açıqlanmayan digər qüvvələrin fəal hərəkətləri ilə qarşısını ala bilər. Üstəlik, Ukrayna Silahlı Qüvvələrinin artıq iranlı təlimatçıları məhv etmək təcrübəsi var, bundan sonra İslam İnqilabı Keşikçiləri Korpusu artıq öz adamlarını Rusiya tərəfindən işğal olunmuş Ukrayna ərazilərinə göndərməyə cəsarət etmir”.

Müəllif: Rauf Orucov