Üç meymun və ya üzləşdiyimiz ədalətsizliklərin günahkarı yaponlardır

Cəmiyyət

17.11.2021 - 22:50

“Əgər mən şəri görmürəmsə, onun haqqında eşitmirəmsə və danışmıramsa, deməli ondan müdafiə olunmuşam”...

“Elmlər Akademiyası” metrostansiyasından çıxıb, bir yaxınımın məsələsi ilə bağlı üzü Apellyasiya Məhkəməsinə doğru tələsirdim. Yolu necə oldusa, səhv getmişdim. Nə vaxtsa yaxınlığından keçsəm də, həyəcandandır-nədəndir, ünvanı tam xatırlamırdım. İki nəfərdən yolu soruşdum. Ağsaqqal kişilər idi. Qəribədir, ikisi də getdiyim ünvanı biləndə əsəbi halda “xaraba qalsın oranı”, “daş düşsün oraya” dedi.

Yolu izah etdilər, hətta reaksiyaları ilə iştirak edəcəyim məhkəmə iclasındakı “xeyir-duanı” da verdilər. İnsanlarımız məhkəmələrin əlindən necə də yanıqlıdırlar, necə də hirslidirlər, İlahi...

Uzun illərdir, məhkəmələrdəki vəziyyəti oradakı “ədaləti” dadan da, dadmayan da təqribən bilir. Çox nadir hallarda əsəbini, enerjisini sıfırlayan insanların işlərinin nəticəsi olur, ondansa olmasa, yaxşıdır.

Hərdən şikayət edənlərə “niyə məhkəməyə müraciət etmirsən” qınağını edirik, amma heç də haqlı deyilik. İnsanlar bezib, yorulub, tükəniblər. Cəmiyyətdəki haqsızlıq elə məhkəmə iclaslarındakı hakimlərin verdiyi qərarla bəslənir. Bu, haradasa atmosferdə suyun dövriyyəsinə oxşayır. Su buxarlanır, bulud dolub yenidən yerə yağır, sonsuza qədər davam edən proses gedir. Ədalətsizlik, haqsızlıq da eyni dövriyyəni, nizamını belə qurub, olan bizə olub.

Tez-tez xəbər eşidirik: məhkəmə hakimlərinin işi araşdırılır... Bizi ümidləndirirlər. Bu yaxında yenə bir qrup hakimin fəaliyyətinə göz gəzdirilməli imiş. Bəli, göz gəzdirirlər, sonra da əl gəzdirirlər. Elə əl gəzdirirlər ki, biz həmin hakimin cəzasını yuxarıdakı Hakim verəndə - İlahi ədalət təcəlla edəndə bilirik. Məmləkətdə öləndən sonra qarğış və lənət ağacı əkdirən, rəhmətdən uzaq nə qədər məmur var - bu da sirr deyil.

Sıravi vətəndaş ölkədə “yaxşı həkim” və “yaxşı hakim” axtarışını hələ də dayandırmayıb. Misal üçün, elə mənim özüm yaxınıma gələn məhkəmə anonsu mesajında dərhal hakimin kimliyi ilə maraqlandım. İnternetdə həmin ismi araşdıranda mənə yol göstərən dayıların xeyir-duası kimi artıq vəziyyəti proqnoz etmişdim. Belə olmamalı idi...

İndi də məhkəmə binalarına COVID pasportu olmayanı buraxmırlar. Deməli, “sürünməkdən” çəkinən, get-gəllərə “yox” deyən insanların əzmini bir az da virusla “mübarizə” ilə sındırırlar. Ədalətsizlik də bonusunu belə qazandı, əhsən sizə.

Haqsızlıq, vicdansızlıq virusu ilə özünü korlamış bəzi hakimlərin koronavirusa yaxalanması niyə sizi bu qədər qorxudur? Pis insana belə ölüm arzulamaram, amma bu günədək virusdan dünyasını dəyişən məhkəmə hakimi görmədim. Onun öz virusu bəsidir, o, bizi öldürür, onu yox!

Yəqin çoxunuz, Buddizm simvollarını əks etdirən üç meymun təsvirini xatırlayırsız. Bizim cəmiyyətdə ləl-cəvahirat yığan, villa sayını artıranların çoxu həmin meymunların “hərəkətlər”i ilə varlanır.

Əslində həmin üç meymunun təsvirinin mənası belə yozulur: “Əgər mən şəri görmürəmsə, onun haqqında eşitmirəmsə və danışmıramsa, deməli ondan müdafiə olunmuşam”.

Amma təsvirdəki meymunlar gözü, qulağı, ağzını bağlamaları ilə bizə nəyisə andırırlar. Məlumat üçün deyim ki, həmin meymun təsvirləri  Yaponiyanın məşhur “Toshogu” sintoizm məbədi üzərindəki dünyaca məşhur incəsənət əsəridir. Deyilənə görə, 500-dən çox yaşı olan üç meymunun təsviri fransalı illüstrasiya ustası Hidari Jingoro tərəfindən həkk olunub.

Burada insan ömrünü təsvir etmək üçün meymundan istifadənin Konfutsinin "Davranış Kodu" ilə əlaqəli olduğu güman edilir. Hərdən düşünürəm ki, Konfutsinin bəxti onda gətirib ki, indiki zamanda yaşamayıb. Kişi çoxşaxəli davranış nümunələri içərisində lap başını itirmişdi.

Qayıdım meymunlara. Bir məqam da var, görməzlik, eşitməzlik və danışmazlıq - yaponların "şər" haqqında ideyasıdır. Təsvir olunan həmin meymunların özlərinin adları da var: qulaqlarını bağlayan Kikadzarunu, ağzını bağlayan İvadzaru, gözlərini bağlayan isə Midzaru kimi bilinir.

İndi sual oluna bilər ki, yapon makakalarının bizim insanlara və açdığım mövzuya nə dəxli var. Dəxil o qədər böyükdür ki... Bizim məhkəmələrdə çox hallarda baş verənlər, cəmiyyətdəki balansın pozulmasının təqsirkarları həmin yapon “şər”idir. Çünki bu gün haqsızlığa susan, göz yuman, qulağını bağlayan hər kəs təqsirkardır! Ən acınacaqlısı odur ki, bu davranışlar “başını aşağı sal, işini gör, başını ağrıtma” nəsihəti ilə bəzədilib təbliğ olunur. Şər, xəta başqa necə olmalıdır ki?

P.S. Bizim məhkəmə işində də təəssüf ki, “üç meymun” vardı. Danışdıq, özümüzü yorduq, ortaya fakt qoyduq, amma gərək olmadı. Bizi də ədalətsizliklə yükləyib yola saldılar. Nə yaxşı ki, yanılmadıq, buna hazır idik. Nə bilim, kaş ki, yanılardıq...

Müəllif: Raminə Eyvazqızı