Ölkə rəhbərindən yeni sərəncam

Cəmiyyət

31.10.2019 - 17:47

Prezident Milli Məclisin qəbul etdiyi qanunu təsdiqləyib

 

Prezident İlham Əliyev “Uşaqların cinsi istismarı və cinsi zorakılıqdan müdafiəsi haqqında” Avropa Şurası Konvensiyasının təsdiq edilməsi barədə” Azərbaycan Respublikasının 2019-cu il 22 oktyabr tarixli 1681-VQ nömrəli Qanununun tətbiqi haqqında Sərəncam imzalayıb. AYNA dövlət başçısının rəsmi saytına istinadən xəbər verir ki, sərəncamda deyilir:

 

“Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 19-cu və 32-ci bəndlərini rəhbər tutaraq, “Uşaqların cinsi istismarı və cinsi zorakılıqdan müdafiəsi haqqında” Avropa Şurası Konvensiyasının təsdiq edilməsi barədə” Azərbaycan Respublikasının 2019-cu il 22 oktyabr tarixli 1681-VQ nömrəli Qanununun qüvvəyə minməsi ilə əlaqədar həmin Qanunun tətbiqini təmin etmək məqsədilə qərara alıram:

 

1. Azərbaycan Respublikasının Nazirlər Kabineti:

 

1.1. Azərbaycan Respublikası qanunlarının və Azərbaycan Respublikası Prezidentinin aktlarının “Uşaqların cinsi istismarı və cinsi zorakılıqdan müdafiəsi haqqında” Avropa Şurası Konvensiyasının təsdiq edilməsi barədə” Azərbaycan Respublikasının Qanununa uyğunlaşdırılması ilə bağlı təkliflərini beş ay müddətində hazırlayıb Azərbaycan Respublikasının Prezidentinə təqdim etsin;

 

1.2. Azərbaycan Respublikası Nazirlər Kabinetinin normativ hüquqi aktlarının həmin Qanuna uyğunlaşdırılmasını beş ay müddətində təmin edib Azərbaycan Respublikasının Prezidentinə məlumat versin;

 

1.3. mərkəzi icra hakimiyyəti orqanlarının normativ hüquqi aktlarının həmin Qanuna uyğunlaşdırılmasını nəzarətdə saxlasın və bunun icrası barədə beş ay müddətində Azərbaycan Respublikasının Prezidentinə məlumat versin;

 

1.4. həmin Qanundan irəli gələn digər məsələləri həll etsin.

 

2. 2007-ci il oktyabrın 25-də Lansarotedə imzalanmış “Uşaqların cinsi istismarı və cinsi zorakılıqdan müdafiəsi haqqında” Avropa Şurası Konvensiyasının 37-ci maddəsinə uyğun olaraq, Azərbaycan Respublikası tərəfindən səlahiyyətli orqan qismində Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyi müəyyən edilsin.

 

3. Azərbaycan Respublikasının Xarici İşlər Nazirliyi “Uşaqların cinsi istismarı və cinsi zorakılıqdan müdafiəsi haqqında” Avropa Şurası Konvensiyasının 37-ci maddəsinin ikinci hissəsinə uyğun olaraq, bu Sərəncamın 2-ci hissəsində müəyyən edilmiş səlahiyyətli orqan barədə Avropa Şurasının Baş katibinə bildiriş göndərsin.

 

4. Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi mərkəzi icra hakimiyyəti orqanlarının normativ hüquqi aktlarının və normativ xarakterli aktların “Uşaqların cinsi istismarı və cinsi zorakılıqdan müdafiəsi haqqında” Avropa Şurası Konvensiyasının təsdiq edilməsi barədə” Azərbaycan Respublikasının Qanununa uyğunlaşdırılmasını təmin edib Azərbaycan Respublikasının Nazirlər Kabinetinə məlumat versin”.

 

Qeyd edək ki, “Uşaqların cinsi istismardan və cinsi zorakılıqdan müdafiəsi haqqında” Avropa Şurası Konvensiyasının təsdiq edilməsi barədə Azərbaycan Respublikasının Qanununda deyilir:

 

“Azərbaycan Respublikasının Milli Məclisi Azərbaycan Respublikasının Konstitusiyasının 95-ci maddəsinin I hissəsinin 4-cü bəndini rəhbər tutaraq qərara alır:

 

“Uşaqların cinsi istismardan və cinsi zorakılıqdan müdafiəsi haqqında” 2007-ci il oktyabrın 25-də Lansarotedə imzalanmış Avropa Şurasının Konvensiyası Azərbaycan Respublikasının müvafiq bəyanatı ilə təsdiq edilsin”.

Müəllif: Ayna.az