Həcc ziyarətinə getmək istəyən qadınların diqqətinə: <font color=red> TƏLƏYƏ DÜŞMƏYİN</font>

Cəmiyyət

16.09.2019 - 16:58

"Bir neçə ildir ki, belə bir tələb yoxdur, artıq istənilən yaşda qadın yanında məhrəmi olmadan Həcc ziyarətinə gedə bilər"

 

Şəriət qaydalarına görə, müsəlman qadın evdən bayıra tək çıxmamalıdır. O cümlədən də Həcc ziyarətinə tək getməməlidir. Mütləq yanında ona məhrəm sayılan bir kişi olmalıdır. Bu şəxs onun həyat yoldaşı, atası və ya qardaşı ola bilər.

 

Ancaq elə qadınlar var ki, həyat yoldaşı vəfat edib və ya ayrılıb, həmçinin heç ailə həyatı qurmayıb. Eləcə də, atası, qardaşı və ya Həccə getməyə maddi imkanı yoxdur. Səudiyyə Ərəbistanı da bu vəziyyəti nəzərə alaraq qaydalarda dəyişiklik edərək, 45 yaşından yuxarı qadınların Həcc ziyarətinə tək getmələrinə icazə verib. Ancaq yaşı 45-dən aşağı olan qadınların yanında mütləq məhrəmi olmalıdır. Əks halda, Səudiyyə həmin şəxsin Həccə getməsi üçün viza vermir.

 

Bu məlumatları Həcc ziyarəti ilə bağlı kiçik araşdırma apararkən əldə etdik. Danışdığımız ilahiyyatçılar, həmçinin Həccdə zəvvarlara bələdçilik edən din xadimləri belə dedilər. Ancaq Həcc ziyarətinə gedən zəvvarlarımızın bir neçəsindən öyrəndik ki, onlar Azərbaycandan cavan qızların da Həcc ziyarətinə tək getdiyinin şahidi olublar.

 

Maraqlıdır ki, həmin qadınlar, yəni yanında məhrəmi olmayan xanımlar hansı şərtlər altında Həcc ziyarətinə aparılır? Səudiyyə Ərəbistanı onlara necə viza verir?

 

Bəzi mənbələrdən öyrəndiyimizə görə, Qafqaz Müsəlmanları İdarəsi (QMİ) tərəfindən həmin qadınların Həccə tək gedən kişilərlə dini nikahı kəsilir. Çünki Səudiyyə Ərəbistanında dövlət nikahından çox dini nikahın olması əsas sayılır. Və təbii ki, QMİ-nin bəzi “işbazları” bunu müəyyən pul müqabilində gizli şəkildə həyata keçirirlər. Ziyarətdən qayıtdıqdan sonra isə nikahı pozurlar. Əldə etdiyimiz məlumata görə, bəzi “zəvvarbaşılar” bu “problemi” həll etmək məqsədilə qadınlardan 300, 500 ABŞ dolları tələb edirlər.

AYNA-ya danışan ilahiyyatçı Əkrəm Həsənov bildirib ki, İslam dininə aid kitablarda “hiylə” adlı bir hissə var. Və bütün bu məsələlər həmin bölmədə ətraflı açıqlanır: “Ziyarət məqsədi ilə insanların aldadılması da hiylədir. İkincisi, burada rüşvət faktoru da var ki, rüşvət böyük günahdır. Rüşvət alanlar da, verənlər də lənətlənib. Üçüncüsü, Qafqaz Müsəlmanları İdarəsində, həqiqətən də belə bir əməllərə yol verilirsə, digər dövlət qurumları bu məsələyə müdaxilə etməlidir”.

Image result for ilahiyyatçı əkrəm həsənov

“İslam dininə görə, qadın məhrəmi olmadan Həcc ziyarətinə getməməlidir. Ancaq bu formada nikah kəsmək, siğə bağlamaq fahişəliyə yol açan əməllər hesab olunur. Həmin qadınların da Həccə getməsinin nə qədər doğru olması suallar yaradır. Bu əməllə razılaşan qadın rüşvət vermiş olur, bununla da bir yaxşı əməlinə bir pislik qatır. Qadın, həqiqətən də inanclıdırsa, buna yol verməməlidir. Şəriətdə buyurulanın əksini etmək qəbul olunmur. Bu üsulla Həccə gedənlərin ziyarətinin qəbul olunub-olunmaması Allaha məxsus məsələdir, ancaq məntiq baxımından qəbul hesab edilmir”, - deyə ilahiyyatçı qeyd edib.

 

Ə.Həsənov onu da deyib ki, əgər Həccə tək getmək üçün 45 yaşın tamam olmasını gözləmək buyurulursa, belə də etmək lazımdır: “Nəyə görə 45 yaş məhdudiyyətinin nəzərdə tutulduğunu isə dəqiq deyə bilmərəm. Çünki şəriətdə belə bir yaş məhdudiyyəti qoyulmayıb. İslam dinində məhdudiyyətlər ancaq həddi-buluğ yaşı ilə bağlıdır. Ola bilsin ki, ölkənin aidiyyəti strukturları tərəfindən 45 yaş həddi nəzərdə tutulub”.

Image result for Səudiyyə Ərəbistanının Azərbaycandakı səfirliyi

Səudiyyə Ərəbistanı hökumətinin, yaşı 45-dən aşağı olan qadınların yanında məhrəmi olmadan Həccə getməsi üçün viza verməsi məsələsinə də aydınlıq gətirməyə çalışdıq. Bu ölkənin Azərbaycandakı səfirliyindən aldığımız məlumata görə, həqiqətən də əvvəllər belə bir qadağa mövcud olub: "Ancaq bir neçə ildir ki, belə tələb yoxdur, artıq istənilən yaşda qadın yanında məhrəmi olmadan Həcc ziyarətinə gedə bilər".

 

Təəssüflər olsun ki, məsələ ilə bağlı Qafqaz Müsəlmanları İdarəsinin mövqeyini öyrənə bilmədik. QMİ-nin mətbuat xidmətinin rəhbəri Rəhimə Dadaşovaya günlərlə zəng etməyimizə baxmayaraq, telefonlarımıza cavab vermədi.

Müəllif: Rumiyyə Miraslan