Türkiyə seçkiləri regionda hansı nəticələr doğurdu?

Aktual

16.05.2023 - 10:20

Ermənistan üçün böyük məyusluq və ya: “Onlar Türkiyə-Azərbaycan birliyini Rusiya-Ermənistan birliyi prizmasından dəyərləndirirdilər”

Türkiyədəki seçki vəziyyəti ölkənin bəzi qonşuları üçün də çətin suallar yaradır. İlk növbədə, Ermənistanla Azərbaycan arasında problemlərin həlli, eləcə də Rusiyanın Ukraynaya qarşı davam edən hərbi təcavüzü kontekstində.

İkinci tur olacaq və çox güman ki, üçüncü namizədin öz tərəfdarlarını səsverməyə çağıracağı adam Türkiyə Prezidenti olacaq – söhbət seçicilərin 5%-nin dəstəyini qazanan Sinan Oğandan gedir.

Məsələn, Azərbaycan və Ukrayna üçün prinsipial fərqi varmı ki, Türkiyənin Prezidenti konkret kim olacaq: Ərdoğan, yoxsa Kılıçdaroğlu? Bu seçim Ermənistan-Azərbaycan danışıqlarının nəticəsinə, eləcə də Ukraynaya qarşı davam edən müharibənin gedişinə təsir göstərə bilərmi? Türkiyə Prezidenti kürsüsündə Ərdoğan oturmazsa, Moskva və Tehran Bakıya və Kiyevə qarşı necə davrana bilər? Azərbaycan və Ukrayna üçün hər hansı risk varmı?

AYNA-nın suallarını azərbaycanlı və ukraynalı eksperlər cavablandırıblar.

Cənubi Qafqaz Araşdırmaları Mərkəzinin (Bakı) direktor müavini Fuad Çıraqov:

“Türkiyədə seçkilərin nəticələri ilə bağlı baş verənlər Ermənistan üçün böyük məyusluq oldu. Seçkilərin nəticələri erməni illüziyalarına ciddi zərbə oldu. Onlar ümid edirdilər ki, Türkiyədəki seçkilər onlar üçün daha əlverişli şərait yaradacaq. Və gözləntilərini gizlətmirdilər də.

Ermənistanda bəzi insanlar Ərdoğanın seçkidə uduzacağına və yeni hökumətin Azərbaycanla bağlı siyasətini dəyişəcəyinə, Ermənistanla bağlı siyasətində Azərbaycana dəstəyi azaldacağına ümid edirdi. Bəziləri hətta seçkilərin nəticələrinin Türkiyəni vətəndaş müharibəsinə aparacağına ümid edirdilər.

Onların səhv hesablaması bundan ibarət idi ki, Türkiyənin Azərbaycanla bağlı və bölgədəki siyasətinin əsaslarını görə bilmirlər və ya görmək istəmirlər. Onlar Türkiyə-Azərbaycan birliyini Rusiya-Ermənistan birliyi prizmasından dəyərləndirirdilər. Onlar fərqi başa düşmədilər. Görmürdülər ki, Qarabağ və Azərbaycan türk xalqı üçün milli məsələyə çevrilib, nəinki geosiyasət məsələsinə.

İndi isə ironiya ondadır ki, seçkilərin ikinci turunda həlledici oyunçu Azərbaycan əsilli, Azərbaycanı açıq və qətiyyətlə dəstəkləyən şəxs olacaq (söhbət Sinan Oğandan gedir – red.). Ona görə də bu seçkilərin danışıqlara mümkün təsirini görmürəm.

Ərdoğan seçilməsə belə, Azərbaycanla bağlı siyasət dəyişməyəcək. Bütün risklər Türkiyədə kimin lider olacağından deyil, seçkilərdən sonra Türkiyənin nə qədər zəifləyəcəyindən qaynaqlana bilər. Türkiyədə dağıdıcı zəlzələ oldu, ölkəni bir növ zəiflədə bilərdi, indi ümid edirik ki, bu daxili siyasi mübarizə tezliklə bitəcək və Türkiyəni daha da gücləndirəcək”.

Ukrayna Siyasət Fondunun rəhbəri, analitik və tarixçi Konstantin Bondarenko:

“Ukrayna Türkiyədə baş verənləri diqqətlə izləyir. Açığı, Ukrayna Türkiyədə seçkilər nəticəsində köklü dəyişikliklərə ümid edə bilməz. Türkiyə həm Ərdoğan, həm də Kılıçdaroğlu dövründə Rusiya-Ukrayna münaqişəsi ilə bağlı balanslı siyasəti aparacaq. Yəni Türkiyə sanksiyalara baxmayaraq, Rusiya ilə də ticarəti dayandırmayacaq, Ukraynaya pilotsuz təyyarələrin satışını da dayandırmayacaq.

Bu, seçkilər nəticəsində kimin hakimiyyətə gəlməsindən asılı olmayaraq, Türkiyənin maraqlarına uyğundur. Bundan əlavə, Kılıçdaroğlunun qələbəsi onu parlamentdə çoxluğun sağçılardan - Ərdoğan tərəfdarlarından və millətçilərdən təşkil etdiyini nəzərə almağa məcbur edəcək. Ərdoğanın parlamentdəki qələbəsi onu küçə faktoru və güclü müxalifətlə hesablaşmağa vadar edəcək.

Ona görə də Ukrayna anlayır ki, mümkün hakimiyyət dəyişikliyi Türkiyənin daxili problemidir, bu, Rusiyanı (hətta bütövlükdə Rusiyanı yox, Kremldəki türkyönlü lobbisini) narahat edən mövzudur. Qafqaz və Turan dünyası üçün çox ciddi hadisədir.

Ukrayna üçün heç nə dəyişməyəcək. Üstəlik, Ukrayna Ankarada özünün lobbi qrupunu yaratmayıb, Türkiyədə ya diplomatik kanallardan, ya da Krım tatarlarının imkanlarından istifadə edərək situasiya əsasında fəaliyyət göstərib”.

Müəllif: Rauf Orucov