Rubio Tramp vəzifəyə gələndə Amerikanın baş diplomatı vəzifəsini icra edən ilk Latino ola bilər
ABŞ-ın yeni seçilmiş Prezidenti Donald Tramp senator Marko Rubionun dövlət katibi vəzifəsinə namizədliyini irəli sürməyi planlaşdırır. AYNA xəbər verir ki, bu barədə “The New York Times”, “Fox News”, “The Wall Street Journal”, “The Hill” və digər nəşrləri məlumat yayıb.
Təsdiqlənsə, Florida əsilli Rubio yanvar ayında Tramp vəzifəyə gələndə Amerikanın baş diplomatı vəzifəsini icra edən ilk latın ola bilər.
Kubalı mühacirlərin oğlu, 53 yaşlı Marko Rubio ABŞ-da fəal xarici siyasətin ən görkəmli tərəfdarlarından biridir. O, avtoritar rejimləri – Çin, İran, Kuba rejimlərini kəskin tənqidi ilə tanınır.
Trampın birinci prezidentliyi dövründə Rubio ABŞ-ın NATO üzvlüyündən imtina etməsini çətinləşdirən qanun layihəsinin sponsoru olub. Bu, Prezident Trampın NATO-ya qarşı skeptisizminə cavab idi. Lakin sonradan Rubio beynəlxalq məsələlərdə Trampa oxşar fikirlər səsləndirib. Bu ilin aprelində o, Ukraynaya 95 milyard dollarlıq yardım paketinin ayrılmasının əleyhinə səs verən 15 respublikaçı senatordan biri olub. Rubio son müsahibələrində bildirib ki, Ukrayna Rusiya tərəfindən işğal olunmuş bütün Ukrayna ərazilərinin geri qaytarılmasına gətirib çıxarmasa belə, Rusiya ilə razılaşmaya diqqət yetirməlidir. Onun sözlərinə görə, münaqişəyə son qoyulmalıdır.
“Mən Rusiyanın tərəfdarı deyiləm, amma təəssüf ki, reallıq ondan ibarətdir ki, Ukraynadakı müharibə sülh razılaşması nəticəsində bitəcək”, - Rubin NBC telekanalına müsahibəsində deyib.