Tehranda hər şey dəyişir, xislətdən başqa – Azərbaycana qarşı təkzibolunmaz riyakarlıq

Siyasət

08.12.2022 - 10:19

İranın ölkəmizdəki keçmiş səfiri nələri gizlədi, nələri açdı: “Prezident İlham Əliyevin suallarına cavablar”

İranın Ali Dini Rəhbərinin müşaviri Əli Əkbər Vilayətinin açıqlamasına baxmayaraq, İranın rəsmi dairələri Azərbaycana qarşı düşmənçilik nümayiş etdirməkdə davam edir. Belə ki, İran İslam Respublikasının hökumət tərəfindən maliyyələşdirilən rəsmi xəbər agentliyinin (İRNA) saytında İranın Azərbaycandakı keçmiş səfiri Möhsün Pakayinin ingilis dilində “Prezident İlham Əliyevin suallarına cavablar” başlığı altında məqalə dərc olunub.

Bu yazıda iranlı diplomat Azərbaycanla İran arasında yaranmış gərginliyə öz hakimiyyətinin mövqeyindən işıq tutmağa çalışır.

Azərbaycan Prezidenti İlham Əliyevin “Orta dəhliz boyu: geosiyasət, təhlükəsizlik və iqtisadiyyat” adlı beynəlxalq konfransdakı bəyanatını cavablandıran Pakayin sual verir ki, “bu gün iki ölkə arasında münasibətlərdə baş verən eniş və gərginliklərin səbəbləri nədir?”.

Onun fikrincə, hazırkı gərginliyin səbəbi Azərbaycanın Türkiyə və Pakistanla birgə Naxçıvanda hərbi təlimlər keçirməsidir. Burada iranlı diplomat Azərbaycan, Türkiyə və Pakistan xüsusi təyinatlılarının 2021-ci ilin sentyabrında Naxçıvanda deyil, Xəzər dənizində keçirilən “Üç qardaş-2021” təlimlərini nəzərdə tutur.

2021-ci ilin sentyabrında Naxçıvanın özündə “Sarsılmaz Qardaşlıq-2021” Azərbaycan-Türkiyə hərbi təlimləri keçirilib. Pakayinin xəstə təxəyyülündə Pakistan hərbçilərinin də iştirak etdiyi bu təlimlər, onun sözlərinə görə, Ermənistanın ərazi bütövlüyünə qarşı yönəlmişdi. Təəssüf ki, iranlı diplomat hərbi təlimlərin niyə Ermənistanın ərazi bütövlüyünə qarşı yönəldiyini və İranın bu konsepsiyaya nə aidiyyəti olduğunu izah etməyib.

Bildiyimizə görə, İran və Ermənistan təhlükə yarandığı halda hərbi yardım göstərilməsi ilə bağlı heç bir rəsmi razılaşma ilə bağlı deyil. Bundan başqa, Ermənistan KTMT-nin üzvüdür və bu ölkənin təhlükəsizliyinə və ərazi bütövlüyünə təhlükə yaranarsa, ona bu blok hərbi yardım göstərilməsinə zəmanət verir. “Sarsılmaz qardaşlıq-2021” təlimləri zamanı KTMT İrandan fərqli olaraq susub.

Pakayin daha sonra iddia edir ki, İranın SSRİ-nin dağılmasından sonra regionda ən böyük hərbi təlimi olan “Xeybər fatehləri” region ölkələrinin ərazi bütövlüyünü qorumaq üçün həyata keçirilib. Bu cür cəfəngiyyatı iddia etməzdən əvvəl Pakayin təlimləri “suverenlik məsələsi” adlandıran və Tehranın “sərhədlərimiz yaxınlığında sionist rejimin mövcudluğuna dözməyəcəyini” əlavə edən, bununla da Azərbaycanla İsrail arasındakı sıx əlaqələrə işarə vuran İran Xarici İşlər Nazirliyinin sözçüsü Səid Xətibzadənin bəyanatını oxumalı idi.

İran diplomatı xəstə fantaziyasında o qədər uzağa gedib çıxıb ki, türkdilli ölkələrin sammitində Azərbaycan Prezidentinin guya erməni torpaqlarına tarixi iddialar irəli sürdüyünü və Zəngəzur dəhlizinin açılması üçün hərbi yoldan istifadə etməyə çalışdığını, bununla da Ermənistanın bir hissəsini öz ərazisinə birləşdirmək istədiyini söyləyib. Pakayinin sözlərinə görə, bu cür hərəkətlər regionun geosiyasətini dəyişmək, coğrafi sərhədləri təhlükə altına almaq, ölkənin ərazi bütövlüyünü pozmaq və yeni münaqişələr yaratmaq cəhdi deməkdir və İran buna biganə qala bilməz.

Ermənistanın ərazi bütövlüyünün qoruyucusu ilə aydınlaşdırmaq istərdik ki, görəsən, niyə İran uzun illərdir ki, Azərbaycan ərazilərinin Ermənistan tərəfindən işğalı ilə bağlı ölümcül susqunluq nümayiş etdirirdi?

Ermənistanın Azərbaycan ərazilərini işğal etdiyi illərdə İran hakimiyyətinin hər hansı hərbi təlim keçirməsini xatırlamıram. Üstəlik, Tehran nəinki Ermənistanın Azərbaycan torpaqlarını işğal etməsini, hətta işğal olunmuş ərazilərdəki 67 məsciddən 64-nün dağıdılmasını qınayan heç bir addım atmayıb. İran hakimiyyəti erməni işğalçılarının məscidlərdə donuz saxladıqlarını da xatırlamamağa üstünlük verib.

Və Pakayinin İranın Qarabağ məsələsində Azərbaycan Respublikasının ərazi bütövlüyünü dəstəkləməsi barədə sözləri Tehranın ikiüzlülüyünün növbəti təzahürüdür. Azərbaycana səfər edən İran hökumətinin yüksək rütbəli şəxsləri Tehranın ölkənin ərazi bütövlüyünü dəstəklədiyini bəyan edən kimi İranın Ermənistanda akkreditə olunmuş səfiri dərhal yerli ictimaiyyəti arxayınlaşdıraraq, ölkəsinin Qarabağı Azərbaycanın ərazi bütövlüyü çərçivəsində saymadığını əsas gətirdi.

Digər ikiüzlülük isə Pakayinin İranın Azərbaycan Respublikasının müstəqilliyini tanıdığını və tarixi iddialar irəli sürməyə çalışmadığını söyləməsidir. Əgər onun dediyi kimi olsaydı, Pakayninin özünün də 2012-2016-cı illərdə işlədiyi İranın Azərbaycandakı səfirliyinin lövhəsində “İran İslam Respublikasının Bakıdakı səfirliyi” deyil, müvafiq yazı olardı.

Pakayinin İranla Ermənistan arasında münasibətlərin Tehranın qonşularla münasibətləri gücləndirmək siyasəti çərçivəsində olması və heç bir başqa ölkəyə qarşı yönəlməməsi ilə bağlı sözlərinə gəlincə, çoxsaylı faktlar hər iki ölkənin Azərbaycana qarşı fəal əməkdaşlıq etdiyini göstərir. ASALA-nın keçmiş üzvü Martiros Jamkoçyanın bu yaxınlarda Ermənistanın “Hraparak” qəzetinə verdiyi müsahibədə Ermənistanda beynəlxalq terrorçu milli qəhrəman rütbəsinə qədər yüksəldilmiş Monte Melkonyanla İran xüsusi xidmət orqanlarının Azərbaycana qarşı  əməkdaşlıq faktlarını açıqlaması bariz nümunədir.

Bundan əlavə, burada Azərbaycan ərazilərinin işğaldan azad edilməsindən sonra İranın Qarabağ separatçıları ilə birbaşa iqtisadi əlaqələrini də xatırlatmaq yerinə düşər. Ermənistan hakimiyyətinin hələ də 10 noyabr 2020-ci il Üçtərəfli Bəyanatın icrasını sabotaj etdiyi bu günlərdə İranın xarici işlər naziri Hüseyn Əmir-Abdollahian ölkəsinin Ermənistanın təhlükəsizliyini öz təhlükəsizliyi hesab etdiyini bildirərək İrəvanın istəklərini dəstəkləyir.

Xüsusi xidmət orqanlarının nümayəndələrindən, təxribatçıların hazırlanması, habelə silahlarla işləmək üzrə təlimlərin keçirilməsi üzrə mütəxəssislərdən ibarət 14 İran vətəndaşı qrupunun Qarabağdakı Rusiya sülhməramlılarının müvəqqəti məsuliyyət zonasına daxil olması ilə bağlı məlumatlar da İranın Azərbaycana qarşı mehriban qonşuluq münasibəti saxladığını göstərmir (dünən daha 13 iranlının Xankəndidə peyda olmasına dair məlumatlar yayıldı).

Təkzibolunmaz faktların olmasına baxmayaraq, Pakayin hələ də İsrailin Azərbaycanla münasibətlərinin gələcəyinin Bakının maraqlarına xidmət edə bilməyəcəyini bəyan etməyə cəsarət edir. İran bütün bu müddət ərzində Azərbaycanın maraqlarını müdafiə edib ki, İsraillə əməkdaşlıqda bizi qınasın?

Müəllif: Asif Aydınlı

Ramanada faciə

Dünən, 17:26 Hadisə