“Çərkəzlər Azərbaycandan Rusiyanın təzyiqlərinə məruz qalan çərkəz dilinin və mədəniyyətinin qorunmasında dəstək gözləyir”
Şuşada "Mədəni və etnik müxtəliflik: tarixin dərsləri, müasir çağırışlar" adlı beynəlxalq konfrans çərçivəsində "Müstəmləkəçiliyin müasir formaları: xalqlara faciə, köləlik və iztirab gətirən hərəkətlər” mövzusunda panel müzakirə təşkil olunub.
AYNA.AZ APA-ya istinadən xəbər verir ki, panelin moderatoru, Litvada Dünya Çərkəz Şurasının həmtəsisçisi və sədri Fatimat Kardanova-İanonene öncə Azərbaycanın vətəndaş cəmiyyəti təmsilçilərinə bu mühüm beynəlxalq platformanın yaradılmasına görə minnətdarlıq edib.
O bildirib ki, bu konfransı böyük bir başlanğıc saymaq olar: “Azərbaycan Qafqazın yerli xalqlarının tarixi və milli yaddaşı mövzusunda beynəlxalq forumlara ev sahibliyi edə bilər. Çərkəzlər Azərbaycandan Rusiyanın təzyiqlərinə məruz qalan çərkəz dilinin və mədəniyyətinin qorunmasında dəstək gözləyir”.
Türkiyənin Çərkəz Agentliyi İctimai Hərəkatının üzvü Anjelika Toktamış-Ceyişakar "Çərkəz icmalarının potensialı" mövzusunda məruzə ilə çıxış edib: “Tarixdə böyük ağrılar yaşamış xalqların səsinin eşidilməsi və onların gələcəyinin müzakirəsi çox qiymətlidir. Çərkəz icmalarının hədəfi münaqişə deyil. Hədəf ədalət, əməkdaşlıq, iqtisadi rifah, xalqlar arasında davamlı sülhdür. Keçmişimizi unutmadan gələcəyə güvənlə baxmaq istəyirik”.
Konfransa Polşadan videobağlantı ilə qoşulan “Azad Saxa Hərəkatı”nın lideri Raisa Zubareva “Saxa müstəqillik hərəkatının mahiyyəti” mövzusunda çıxış edib. R.Zubareva bu hərəkatın nifrətdən deyil, 400 ildir davam edən ayrı-seçkiliyin, təzyiqlərin nəticəsində meydana gəldiyini bildirib: “Saxa torpaqları dünyanın ən zəngin bölgələrindən biridir. Almaz, qızıl, neft, təbii qaz, kömür, nadir torpaq metalları və bir çox digər təbii sərvətlər böyük gəlirlər gətirir. Ancaq qərarlar Moskvada qəbul edilir. Məhz orada sərvət hasilatını, gəlirlərin bölüşdürülməsini, vergi siyasətini və strateji prioritetləri tənzimləyən qaydalar müəyyən edilir. Bu gün Saxa Respublikası faktiki olaraq öz iqtisadi gələcəyi üzərində nəzarəti olmayan xammal müstəmləkəsinə çevrilib. Nəticədə təəccüblü bir paradoks ortaya çıxıb: təbii sərvətlər baxımından dünyanın ən zəngin bölgələrindən biri ciddi sosial və infrastruktur problemləri içərisində boğulur”. R.Zubareva onu da qeyd edib ki, saxalılar ayrı-seçkiliyə məruz qoyulur, etnik mənsubiyyətlərinə görə aşağılanır: “Dilimiz ictimai həyatın bir çox sahələrindən sıxışdırılıb, rəsmi olaraq Saxa Respublikası daxilində dövlət dili statusuna malik olsa da, təhsil, dövlət idarəçiliyi və informasiya məkanında tədricən rus dili ilə əvəz olunur”.
Konfransa Polşadan videobağlantı ilə qoşulan "Buriyad Gürün" (“Buryat Hökuməti”) hərəkatının təsisçisi Zurtan Xaltarov isə "Buryat milli kimliyinin mahiyyəti" mövzusunda çıxış edib: “Buryatlar Sibirin ən böyük yerli müstəmləkə xalqını təşkil edir. Biz Yeniseydən Amur çayına qədər uzanan torpaqlarda yaşayırıq. Əsasən mədəni və folklor fəaliyyətlərinə diqqət yetirən, tarixi yaddaş və kollektiv hüquqlarla bağlı vahid siyasi gündəm formalaşdıra bilməyən bəzi saxta milli buryat təşkilatlarından fərqli olaraq, müasir çərkəz hərəkatı daha yüksək beynəlxalq səfərbərlik səviyyəsi nümayiş etdirir. Son onilliklərdə çərkəz təşkilatları diasporlarını uğurla birləşdirib və çərkəz soyqırımının tanınması məsələsini milli kimliklərinin və siyasi proqramlarının mərkəzi elementinə çevirib”. Zurtan Xaltarov Rusiyada buryatların fundamental hüquq və azadlıqlarına məhəl qoyulmadığını bildirib: “Müasir Azərbaycanın təcrübəsi buryat milli hərəkatı üçün xüsusi maraq doğurur. Azərbaycan tarixi yaddaşın qorunmasının, milli kimliyin gücləndirilməsinin və dövlətin səmərəli fəaliyyətinin təşkilinin bir-biri ilə əlaqəli proseslər olduğunu nümayiş etdirib. Azərbaycan mədəniyyətin, dilin və tarixi yaddaşın millətin strateji resursları kimi qəbul edildiyi davamlı dövlət inkişafı modeli yaradıb. Buryat xalqı üçün bu təcrübə göstərir ki, mədəni dirçəliş və institusional özünütəsdiq modernləşmə ilə ziddiyyət təşkil etmir, əksinə, onlar qlobal siyasi və iqtisadi dəyişikliklər fonunda milli kimliyin qorunmasını təmin edərək onun təməlinə çevrilə bilər”.
İsrail Çərkəz İcması İdarə Heyətinin üzvü Şereif Batvaş paneldə "Çərkəzlərin ortaq arzuları" mövzusunda fikirlərini bölüşüb. O, çərkəzlərin böyük keçmişi və mədəni irsi olduğunu bildirib, bu əmanəti nəsildən-nəsilə ötürməyin çətinlikləri barədə danışıb.