Sürətlə boşalan ölkə, ümidsiz gələcək və Barekamavan bananı

Maraqlı

18.02.2021 - 10:18

Eldar Zeynalov: “Lap, zahiri revanşist şüarlar altında “sabah Qarabağı yenidən ələ keçirmək üçün bu gün geri çəkildik” desinlər, amma…”

 

Bu gün Ermənistanın kəndlərində doğulan uşaqların sayı (qadın başına) şəhərlərdən daha azdır. Bu fikirləri “Sputnik”-ə söyləyən erməni demoqraf Artak Markosyan bildirir ki, bu, kəndlərdə ən qısa müddətdə həll yolu tapılması vacib olan dərin bir böhran olduğunu göstərir.

 

Milli Statistika Komitəsinin məlumatına görə, 2020-ci ildə Ermənistanın bütün bölgələrində doğum nisbətində əhəmiyyətli bir azalma qeydə alınıb. Demoqrafik problemlər sərhəd yaşayış məntəqələrində xüsusi təhlükə yaradır. Təhlükəsizlik məsələsinə sosial-iqtisadi, təhsil, mədəni problemlər də əlavə edildi və gələcəyə ümidini itirmiş insanlar doğma torpaqlarını tərk edirlər.

 

Markosyan nümunə olaraq Tavuş bölgəsinin Barekamavan və Voskepar icmalarındakı vəziyyəti göstərir. Birinci icma demək olar ki, tamamilə boşdur, ikincisi buna gedən yoldadır. Barekamavanda sulu əncir, xurma, hətta, banana qədər yetişdirmək üçün imkanlar var. Demoqraf bütün bunların hökumətin suvarma suyu və istilik problemlərini həll etməsi halında mümkün olacağını söyləyir.

No description available.

Əlbəttə, maraqlı bir çıxış yoludur - yoxsulluqdan qaçmağa və məhsuldarlığın düşməsinə qarşı əncir və xurma... Müharibədən sonra hökumətin sabitliyi də daxil olmaqla, burada hər şey ipdən asılı qalıb.

 

“Kəndlər viran qalır. Barekamavanda heç kim qalmayıb, su yoxdursa, ümumiyyətlə nə demək olar? Kəndə qaz çəkildi, ancaq evlərə paylanmadı. Bu məsələlər illərdir həllini tapmır”, - Markosyan vurğulayır.

 

Onun sözlərinə görə, Voskeparda olan bütün gənclər Rusiyaya getmək istəyir, evlərində sabit gəlir mənbəyi olmadığını söyləyirlər. Müharibədən sonra Sünik (Zəngəzur) “Tavuş boşaldılma kampaniyasına” qatıldı. Zəngilan və Qubadlının itkisindən sonra Vorotanda, Şurnuxdakı maldarlıqla məşğul olan kəndlilər əsas gəlir mənbəyini itirdilər və indi ya birdəfəlik ölkədən köç etmək məcburiyyətində qalıblar, ya ya Ermənistanın başqa bir bölgəsinə köçürlər.

 

“İndi bu insanlar nə edəcəyini düşünməlidirlər. Onları kənd icmalarında saxlayan şey - orada yaxşı bir gəlir əldə etmələri idi”, - deyə demoqraf qeyd edir.

 

44 günlük müharibədən sonra Kəlbəcərlə sərhəddə yerləşən Qeqarkunik bölgəsinin yaşayış məntəqələri də əvvəllər işğal olunmuş Azərbaycan ərazilərində sakitcə mal-qara otarmaq fürsətini itirdi. Markosyan, müharibə sonrası Ermənistanın kənd icmalarının yaşayış olmayan adalara çevrilməməsi üçün, gəlir qazanmaq məqsədilə əlverişli şərait yaratmağı, doğum nisbətini təşviq edən güzəştlər yaratmağı təklif edir. Məsələn, lizinq proqramları ilə kənd təsərrüfatı texnikasının əsas hissəsinin ödənilməsini, vergi güzəştlərinin yaradılmasını və ya günəş panellərinin verilməsini təklif edir.

 

“İnsanların kənddə qalmasını sərfəli etməyimiz lazımdır ki, əlavə gəlir əldə etsinlər. Həm də ətraf mühiti dəyişdirmək, uşaq bağçalarında və məktəblərdə təhsilin keyfiyyətini yüksəltmək, yeni mədəniyyət mərkəzləri yaratmaq lazımdır ki, valideynlər qalmaq istəsinlər. Ancaq bu gün erməni kəndləri ölür”, - deyə o söyləyir.

 

Milli Statistika Komitəsinin məlumatına görə, 2020-ci ildə Ermənistanın müəyyən bölgələrində doğum nisbəti 15-20% azalıb. Ararat bölgəsində doğuşların mütləq sayı 20,5%, Armavirdə 19,5%, Vayots Dzorda 14%, Tavuşda 11%, Araqatsotnda 8,5%, Kotaykda 9,1% azalıb.

 

Bu demoqrafın təklif etdiyi hər şey, əlbəttə ki, reallaşa bilər, ancaq yalnız bir şərtlə - Ermənistanın hər yerində kənd həyatının dirçəldilməsinə milyardlarla dolların ayrılması şərti ilə. Bu pulu haradan əldə etmək olar? Onlar, sadəcə mövcud deyil. Beləliklə, Markosyanın bütün bu fikir və təkliflərinin bundan sonra onilliklər ərzində yalnız nəticəsiz xəyallar kimi qəbul edilə bilməsi ortaya çıxır. Bəs, o vaxta qədər bu kəndlərdə kim qalacaq?

 

Mövzu barədə AYNA-ya danışan Azərbaycan İnsan Hüquqları Mərkəzinin (AİHM) direktoru Eldar Zeynalovun sözlərinə görə, Ermənistanın demoqrafiyası müharibədən əvvəl də çox əlverişli olmayan iqtisadi vəziyyətinə həssaslıq nümayiş etdirir: “Məsələn, Ermənistan ərazilərinin 53%-I, ümumiyyətlə kənd təsərrüfatına yararsızdır və qalan torpaqların yalnız 16%-i əkin sahələri üçün istifadə edilə bilər. Azərbaycanlıların etnik təmizlənməsindən əvvəl orada heyvandarlıq və bağçılıq inkişaf etmişdi. Ancaq zorla qovulmuş azərbaycanlıların yerinə Azərbaycanda yaşamış, amma torpaqla heç vaxt işləməyən keçmiş şəhər sakinləri gəldi. Təəccüblü deyil ki, 2018-ci ildə əkin sahələrinin yarısından bir az çoxu çoxu - 54,5% -i istifadə edilmişdi”.

“Ermənistanın sənayesini götürsək, ÜDM-in strukturunda bu, yalnız 21,8% -ni təşkil edir - kənd təsərrüfatından (31,1%) bir yarım dəfə azdır. Eyni zamanda, hazırda bir çox müəssisə Rusiya şirkətlərinə məxsusdur. Enerji, əsasən Metsamorda zəlzələ təhlükəli bir ərazidə yerləşən nüvə elektrik stansiyasının istismarı ilə əlaqələndirilir. Xoş gözləntilərdən daha çox narahatlıq yaradır”, - həmsöhbətimiz deyib.

 

Bildirib ki, müharibə bütün bu problemləri daha da artırdı: “Ölkəni regional proyektlərdən kənarda qoydu, sərhədyanı ticarət imkanlarını daraltdı. Silahlanma yarışı səbəbi ilə ölkə böyük borclara girdi. İndi heç kim iqtisadi dalana düşmüş belə bir ölkəyə, hətta təriflənən diaspor belə, investisiya qoymaq istəmir. Bu gün Ermənistanın iqtisadi münasibətlərdə əsas tərəfdaşlarının Rusiya, İran, Türkmənistan və Gürcüstan olduğunu söyləmək kifayətdir”.

 

“Nəticədə, Ermənistan Cənubi Qafqaz bölgəsində müstəqillik illərində əhali artımının yaşanmadığı yeganə ölkəyə çevrildi. Baş verənlər təkcə iqtisadi səbəblərdən doğum nisbətində bir azalma yox, həm də tamamilə düşünülmüş bir mühacirətdir. Ölkənin bir çox sakini, əsasən, indi Ermənistanın özündə olduğu qədər sayda erməninin yaşadığı Rusiyaya yola düşür. Orada yaşamaq daha təhlükəsizdir, iş, təhsil və karyera perspektivləri var. Mühacirlərin çox az hissəsi Ermənistanı mehriban bir ana kimi qəbul edir. Diaspor Ermənistanın ardıcıl hökumətlərinin ekspansionist, işğal siyasətini dəstəkləsə belə, bunu daha çox sözdə edir. Bu, İkinci Qarabağ müharibəsi zamanı, diaspordan heç kimin Azərbaycan güllələrin və pilotsuz təyyarələrin altında cəbhəyə getməyə can yandırmaması zamanı aşkar oldu”, - Zeynalov vurğulayıb.

 

“Eyni zamanda, ölkə prinsipcə, yüksək texnoloji sahələr, turizm, ekoloji təmiz kənd təsərrüfatı və s. perspektivli sahələrə məxsusdur, ancaq bunun üçün əlverişli bir investisiya mühiti lazımdır. Əlbətdə ki, “Barekamavanda banan yetişdirməyi” xəyal etmək olar, amma buna kim investisiya qoyacaq, üstəlik, Azərbaycan və Türkiyə ilə həll olunmamış münaqişələr şəraitində kim bununla məşğul olacaq? Ermənistanın iqtisadi dirçəlişi mümkündür - ermənilər, ruslar və hətta Azərbaycan hakimiyyəti bu barədə danışır. Ancaq bu, yalnız qonşularına ərazi iddialarından əl çəkilməsi, mədəni birgəyaşayış normalarının tanınması və eyni qonşular vasitəsilə dünya iqtisadiyyatına daxil edilməsi ilə mümkündür, çünki dünyaya birbaşa çıxışı yoxdur. Ərazisi dağlıq olan digər ölkələr, məsələn, İsveçrə, Avstriya ilə eyni coğrafi mövqedədir, ancaq öz sülhsevərliklərinə görə kifayət qədər uğurludurlar”, - o, əlavə edib.

 

AİHM rəhbəri xatırladıb ki, keçən il Qarabağla bağlı əldə edilmiş razılaşma, digər məsələlər arasında, kommunikasiyaların açılmasını da nəzərdə tutur: “Bu, yaxın gələcəkdə Ermənistanın Azərbaycan və Türkiyə dəmir yollarından istifadə edə biləcəyi, “İpək Yolu”na qoşula biləcəyi və Rusiyanın əbədi əlavəsi olmaqdan daha geniş bir perspektivə sahib olması deməkdir. Beləliklə, artıq 1 martdan etibarən Ermənistan tərəfindən təsdiqlənmiş “Hərtərəfli və Genişləndirilmiş Ermənistan-Avropa Birliyi Tərəfdaşlığı Sazişi” tam olaraq fəaliyyətə başlayacaq. Və bu, yalnız liberallaşma deyil, həm də iqtisadiyyat, hüquq və elm sahələrində əməkdaşlıq deməkdir. Enerji sektorunda AB, Metsamor nüvə stansiyasının bağlanmasına gətirib çıxaracaq bərpa olunan enerjinin inkişafını təşviq edəcək”.

 

Müsahibimiz hesab edir ki, bağlı nəqliyyat kommunikasiyaları və ölkənin büdcəsi hərbi xərclərlə yükləndiyi səbəbindən, AB ilə razılaşmanın güclü maddi bir təsiri ola bilməz: “Ancaq Ermənistan hakimiyyəti Azərbaycan və Türkiyə ilə münasibətləri normallaşdırarsa və AB ilə əlaqələrin inkişafına lazımi təkan verərsə, diaspor ermənilərinin daha dinc, Rusiya vətəndaşlarının hələ sahib olmadığı və bəlkə də uzun müddət olmayacağı Avropa ilə vizasız rejimə sahib Avropa ölkəsinə qayıtması üçün bir stimul yaratması tamamilə mümkündür - 2017-2020-ci illərdə artıq AB-dən 176 milyon avro maliyyə yardımı alan bir ölkəyə. Və sonra Ermənistanın əhalisi MDB-dən olan repatriantlar sayəsində nəzərəçarpacaq dərəcədə arta bilər”.

 

“Ermənistanda Paşinyana qarşı müxalifət aksiyalarının kəskinliyini itirməyə başlaması, bəlkə də ölkə ictimaiyyətinin son 30 ildə baş verənlərdən nəticə çıxarmaq, eqosentrizm və millətçilikdən uzaqlaşmaq ehtiyacının tədricən başa düşülməsindən xəbər verir. Qoy, lap zahiri revanşist şüarlar altında belə, “sabah Qarabağı yenidən ələ keçirmək üçün bu gün geri çəkildik” desinlər. Ancaq ac, viran olmuş, “tuşonka” və əsgər alt paltarını oğurlayan bir insanı xarici ərazilər üçün yeni bir müharibəyə qaldırmaq Barekamavanda banan yetişdirməyi bacaran və uşaqlarını Avropaya oxumağa göndərənlərdən daha asandır”, - deyə E.Zeynalov fikrini yekunlaşdırıb.

Müəllif: Rauf Orucov