Sabiqlərin bu günü barədə kiçik araşdırma - SİYAHI
Xəbər verdiyimiz kimi, sabiq səhiyyə naziri Oqtay Şirəliyev Respublika Diaqnostika Mərkəzinin baş direktoru vəzifəsinə təyin olunub. Nazir təyinatına qədər də bu vəzifədə çalışan O.Şirəliyev son aylar bu Mərkəzin professoru olaraq fəaliyyətini davam etdirirdi.
AYNA uzun müddət yüksək dövlət vəzifələrində çalışan sabiqlərin hazırda nə işlə məşğul olduqlarına dair kiçik araşdırma aparıb.
Azərbaycanın sabiq Baş naziri Novruz Məmmədov Azərbaycan Dillər Universitetinin (ADU) elmi işlər üzrə prorektoru vəzifəsində çalışır. Bu günlərdə ADU-da Milli Mətbuatımızın 146 illiyinə həsr olunan tədbirdə jurnalistlərlə foto paylaşan N.Məmmədov eyni zamanda bu universitetdə tədrislə də məşğuldur. Baş nazir təyinatına qədər Prezidentin Xarici siyasət məsələləri üzrə köməkçisi - şöbə müdiri vəzifəsində çalışıb. Adıçəkilən şöbədə müdir müavini kimi fəaliyyətə başlamamışdan öncə isə hazırda çalışdığı Azərbaycan Dillər Universitetində Fransız dili fakültəsinin dekanı vəzifəsini tutub.
Azərbaycan Parlamentinin keçmiş sədri Oqtay Əsədov Milli Məclisin deputatıdır. O, 45 saylı Abşeron seçki dairəsinin seçicilərini ali qanunverici orqanda təmsil edir. Eyni zamanda Milli Məclisin Müdafiə, təhlükəsizlik və korrupsiya ilə mübarizə komitəsinin üzvüdür. Yeganə deputatdır ki, Azərbaycan Parlamentinin parlamentlərarası əlaqələr üzrə heç bir işçi qrupunun üzvü deyil. Spiker seçilənə qədər “Azərsu” ASC-yə rəhbərlik edib. Son parlament seçkilərindən sonra yalnız bir dəfə mətbuata açıqlama verib: “Mən ömrüm boyu spiker olası deyildim ki… Bir gün vəzifəyə gələn, bir gün də gedər. Uzun illər Milli Məclisə sədrlik etdim”.
Baş nazirin sabiq müavini Hacıbala Abutalıbov mətbuata açıqlamasında Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) Fizika İnsitutunda çalışdığını desə də, İnstitutun rəhbərliyi bu məlumatları təkzib edib: “Abutalıbov həqiqətən “Yarımkeçiricilərin kvant elektronikası” laboratoriyasının müdiri vəzifəsini daşıyırdı. Lakin Bakı Şəhər İcra Hakimiyyətinin başçısı təyin olunandan sonra həmin vəzifədən çıxıb və üstəlik labaratoriya da bağlanıb. O vaxtdan bəri bizdə belə laboratoriya yoxdur, Hacıbala Abutalıbov da Fizika İnstitutunda hansısa vəzifə tutmur”.
Keçmiş xarici işlər naziri Elmar Məmmədyarov hazırda işsizdir. 2004-2020-ci illərdə ölkənin xarici siyasət idarəsinə rəhbərlik edən sabiq nazir ən həssas məqamda ortadan çıxdı. Tovuz döyüşlərinin getdiyi ərəfədə evdən işləməyə üstünlük verən nazirin fəaliyyəti dövlət başçısı tərəfindən də kəskin tənqid olundu. Qeyd edək ki, E.Məmmədyarov ötən əsrin 80-ci illərinin əvvəllərindən diplomatik xidmətdə idi. SSRİ Xarici İşlər Nazirliyinin Diplomatiya Akademiyasında çalışan keçmiş nazir bir müddət ölkəmizi İtaliyada səfir kimi təmsil edib. Bundan sonra isə ABŞ-da, BMT yanında olan daimi nümayəndəlikdə, XİN sistemində rəhbər vəzifələr daşıyıb.
Sabiq nəqliyyat naziri Ziya Məmmədov kənd təsərrüfatı ilə məşğuldur. Mətbuata açıqlamasında Məmmədov Ucarda yaşadığını söyləyib: “Artıq mənim başqa fəaliyyət növüm yoxdur. Rayonda arpa, buğda, yonca əkirəm. Mal-qaram var, dolanmaq lazımdır. İndiki dövrdə dolanmaq asan deyil. Təsərrüfatımda insanlar işləyir. Bu, həmin ərazidə yaşayan insanların işlə təmin olunmasına dəstəkdir”. Azərbaycanın ən qalmaqallı nazirlərindən sayılan Z.Məmmədovun ölkənin nəqliyyat sisteminə böyük zərbələr vurduğu, bu sahədə yarıtmaz fəaliyyətinin dövlət başçısı tərəfindən də tənqid olunduğu hər kəsin xatirindədir.
Keçmiş kənd təsərrüfatı naziri Heydər Əsədov Azərbaycan Dövlət Dəniz Akademiyasının rektorudur. Sabiq nəqliyyat naziri Ziya Məmmədovla quda olan H.Əsədov nazir təyinatına qədər ümumiyyətlə dənizçilik sahəsində çalışmayıb. Hesablama Palatasının sədri, maliyyə nazirinin müavini olub. Onun rəhbərlik etdiyi Akademiya gələcəyin dənizçilərini yetişdirir. İki fakültə və dörd ixtisas üzrə minlərlə tələbə burada gəmiçiliyin sirlərini öyrənir. Akademiya Azərbaycanda bu sahədə ixtisaslaşmış yeganə ali təhsil müəssissədir. Burada təkcə Azərbaycan yox, Türkiyə, Gürcüstan, Qazaxıstan və Hindistandan gələn tələbələr də təhsil alırlar.
Sabiq əmək və əhalinin sosial müdafiəsi naziri Səlim Müslümov həbsdədir. 2013-2018-ci illərdə bu nazirliyə rəhbərlik edən Müslümov bundan öncə Dövlət Sosial Müdafiə Fondunun sədri, Dövlət Gömrük Komitəsinin sədr müavini vəzifələrində çalışıb. Gömrük xidməti general-mayoru rütbəsinə layiq görülüb. Cinayət Məcəlləsinin külli miqdarda rüşvət, vəzifə səlahiyyətlərindən sui-istifadə maddələri ilə ittiham edilib və bu ilin fevralında Dövlət Təhlükəsizliyi Xidmətinin əməkdaşları tərəfindən həbs olunub. Son dövrlər vətəndaşların pensiya təminatı ilə bağlı ortaya çıxan problemlər, minlərlə ölkə vətəndaşının təqaüdlərinin kəsilməsi onun fəaliyyətinin “şah əsəri”dir.
Keçmiş mədəniyyət naziri Əbülfəz Qarayevin işsiz olduğu deyilir. Vəzifədən azad edildikdən sonra mətbuata açıqlama verən sabiq nazir nədənsə mediaya danışmaq həvəsinin olmadığını deyib. Rəhbərlik etdiyi dövrdə də adıçəkilən nazirlik mediaya qapalı fəaliyyət göstərib. Nazirliyin ictimaiyyətlə əlaqələr işinə məsul şəxsin həbs edilməsi onun başının hansı işlərə qarışdığını, Qarayev dövründə nazirliyin hansı işlərlə məşğul olduğunu aydın şəkildə ortaya qoyulur. Nazir təyinatına qədər Dövlət Bədən Tərbiyəsi Komitəsinin sədri işləyib və ondan öncə sahibkarlıq fəaliyyəti ilə məşğul olub.
Sabiq Baş prokuror Zakir Qaralov da işsizdir. Bakının Sabunçu və Gəncə şəhərlərinin prokuroru vəzifəsində çalışmış Qaralov 20 il ölkənin aparıcı hüquq mühafizə orqanlarından birinə rəhbərlik edib. I dərəcəli dövlət ədliyyə müşaviri, “Azərbaycan Bayrağı” ordeni, “Azərbaycan Respublikasının əməkdar hüquqşünası”, “Şöhrət” ordeni kimi titulları daşıyan keçmiş Baş prokuror vəzifədən azad edildikdən sonra mətbuata hər hansı açıqlama verməyib. Onun bu gün işsiz olduğu bildirilsə də, konkret fəaliyyəti barədə geniş ictimaiyyətin məlumatı yoxdur.
“Azərenerji” ASC-nin keçmiş sədri Etibar Pirverdiyev rəsmi olaraq heç yerdə çalışmasa da, onun sahibkarlıq fəaliyyəti ilə məşğul olduğu deyilir. Əsasən İT, fermer və digər biznes sahələrində çalışdığı iddia olunur. 17 il bu ölkənin bu qurumuna rəhbərlik edən Pirverdiyev üç il öncə ölkədə yaranan elektrik böhranına görə ciddi qınağa tuş gəldi. Prezident İlham Əliyev bununla bağllı keçirdiyi müşavirə zamanı Pirverdiyevi kəskin tənqid etdi. SİTAT: “Bir qəzaya görə bütün ölkənin enerji sisteminin çökməsi böyük səhvdir. Siz sadəcə olaraq xalq qarşısında, ölkə qarşısında utanmalısınız. İsti havada insanlara bu qədər əziyyət verdiniz. Metroda qalanlar, qocalar, uşaqlar, qadınlar, xəstələr... İqtisadiyyata nə qədər ziyan vurmusunuz”.
“Azərsu” ASC-nin keçmiş sədri Qorxmaz Hüseynov bu ilin may ayında vəzifəsindən azad edildi. 2011-ci ildən bu vəzifəni tuturdu və fəaliyyəti ciddi tənqid olunan məmurlardan idi. Azərbaycan Respublikası Dövlət Neft Şirkətində uzun yol keçən Hüseynov SOCAR-da adi mühasibdən vitse-prezident vəzifəsinə qədər yüksəlməyi bacarmışdı. Qeyri-rəsmi iddialara görə, hazırda sahibkarlıq fəaliyyəti ilə məşğuldur. Paytaxtın məşhur klinikalarından olan “Diaqnoz” tibb mərkəzinin ona məxsus olduğu bildirilir. Bu klinikaya rəhbərliyi isə ASC sədri olduğu dövrlərdən həyat yoldaşı həyata keçirir.
Prezidentin ictimai-siyasi məsələlər üzrə köməkçisi-şöbə müdiri vəzifəsində çalışmış Əli Həsənov Azərbaycan Respublikasının Prezidenti yanında Dövlət İdarəçilik Akademiyasının “Beynəlxalq münasibətlər və xarici siyasət” kafedrasına rəhbərlik etsə də, bir müddət öncə oradan da qovulub. Mətbuata açıqlamaları zamanı səhhətində yaranan problemləri, vaxtilə dəstək verdiyi mətbuat nümayəndələrinin ona asi çıxması kimi məsələləri qabardan Ə.Həsənov məmur olduğu son aylarda yaratdığı “Facebook” sosial şəbəkəsində aktivdir. Vaxtı ilə salam belə, vermədiyi jurnalistlərin statuslarını bəyənən, onlara şərh yazan Həsənovun əsas kadrlarından biri Vüqar Səfərli hazırda korrupsiya ittihamı ilə həbsdədir. Həsənovun adı ölkənin ictimai-siyasi və mətbuat tarixində inhisarçılığın və özbaşınalığın hökm sürdüyü dövr kimi xatırlanır.
Baş nazirin digər sabiq müavinləri Əli Həsənovun və Abid Şərifovun, Azərbaycan “Meliorasiya və Su Təsərrüfatı” ASC-nin keçmiş sədri Əhməd Əhmədzadənin, sabiq Ombudsman Elmira Süleymanovanın, Prezidentin keçmiş köməkçisi Dilarə Seyidzadənin, Prezidentin İşlər İdarəsinin sabiq müdiri Oqtay Şahbazovun da işsiz olduqları barədə məlumatlar var.