Sülhü əngəlləyən məkirli planlar: Azərbaycan üçün təhlükəli ssenari

Siyasət

12.10.2024 - 10:22

Həkimlər Klinikalar SEO Xidməti

Sabiq nazir: “Ermənistanın havadarları istəyirlər ki, münaqişəni “Qarabağ ermənilərinin hüquqları” müstəvisinə keçirsinlər”

Oktyabrın 8-də Moskvada MDB Dövlət Başçıları Şurasının iclasında iştirak edən Azərbaycan Prezidenti İlham Əliyev və Ermənistanın Baş naziri Nikol Paşinyan iki ölkə arasında imzalanacaq sülh müqaviləsi ilə bağlı jurnalistlərin suallarını cavablandırıblar.

Paşinyan bildirib ki, o, artıq öz təkliflərini təqdim edib: “Düşünürəm ki, məhz indi imzalamaq üçün kifayət qədər razılaşdırılmış məzmun var”, - o deyib.

Əliyev konkret vaxtla bağlı suala “Hər şey razılaşdırılanda”, - cavabını verib.

Xatırladaq ki, Moskvadakı toplantı çərçivəsində Rusiya tərəflərə təklif edib ki, Rusiya, Azərbaycan və Ermənistan liderlərinin üçtərəfli görüşü keçirilsin. Amma belə bir görüş baş tutmadı. Rusiya Prezidentinin köməkçisi Yuri Uşakov mediaya açıqlamasında qeyd edib ki, görüşlə bağlı “razılığa gəlinməyib”.

Azərbaycanla-Ermənistan arasında sülh prosesi, sazişin imzalanmasının uzanması məsələsi ilə bağlı AYNA-nın suallarını cavablandıran sabiq xarici işlər naziri Tofiq Zülfüqarov bildirib ki, istənilən münaqişənin məntiqi var:

- Münaqişə başlayır, inkişaf edir və sonda həllini tapır. Ermənistan-Azərbaycan münaqişəsini də müəyyən mərhələlərə bölmək olar. Bir müddət hərbi qarşıdurma oldu, sonra danışıqlar mərhələsi oldu, sonra yenidən müharibə və indi yenidən sülh danışıqları mərhələsindəyik. Biz başa düşməliyik ki, bu münaqişə iki ölkə arasındakı münaqişədir və bunun əsası Ermənistanın Azərbaycana qarşı ərazi iddiaları ilə qoyulub. Müxtəlif dövrlərdə Ermənistan müxtəlif mövqe nümayiş etdirib. Gah deyirdilər ki, bu, Ermənistan-Azərbaycan münaqişəsidir, gah deyirdilər ki, tərəfin biri də Qarabağdakı qondarma qurumdur, gah deyirdilər Qarabağ Ermənistana verilməlidir və s. İkinci Qarabağ müharibəsi baş verdi, Azərbaycan qalib gəldi, indi bu münaqişəyə birdəfəlik son qoymaq üçün sülh sazişi olmalıdır ki, hazırda bu mərhələ baş verir.

- Amma sülh sazişi 4 ildir ki, imzalanmır...

- 44 günlük müharibədən sonra Ermənistanla Azərbaycan arasında yeganə bir sənəd imzalanıb – 10 noyabr 2020-ci ildə imzalanan Rusiya, Azərbaycan, Ermənistan Üçtərəfli Birgə Bəyanatı. Azərbaycanda və bir çox yerlərdə kapitulyasiya sənədi adlandırılan bu Bəyanatda Ermənistan məğlub tərəf kimi üzərinə öhdəliklər götürüb. Bu öhdəliklərin bəzilərini Ermənistan icra etdi, bir çoxunu icra etmədi, Azərbaycan məcbur olub icra etdi, bəziləri isə qalıb. Azərbaycan müharibədən dərhal sonra haqlı olaraq təkliflə çıxış etdi ki, sülh sazişinin imzalanması istiqamətdə danışıqlar başlasın. Rəsmi Bakı İrəvana beş prinsipdən ibarət təkliflərini göndərib. Əslində bu beş prinsip BMT Nizamnaməsində olan bəndlərdir. Bunun əsasında sülh prosesi inkişaf etməlidir. Bəzən bizə deyirlər ki, bu, sülh müqaviləsidir, amma yox. Hesab edirəm ki, bu müqavilə prinsiplər müqaviləsidir. Yəni gələcək sülh prosesi üçün hüquqi və məntiqli çərçivə yaradan sənəddir. Sadəcə bir çərçivədir ki, bu çərçivə daxilində danışıqlar üçün istiqamətlər olsun. Məsələn, delimitasiya və demarkasiya, kommunikasiyaların  bərpası, humanitar problemlərin həlli, təzminat, siyasi məsuliyyət məsələsi və s.

- Amma beş prinsip əsasında formalaşdırılan saziş layihəsinin 16 bəndindən 13-ü razılaşdırılıb və Ermənistan razılaşdırılmış maddələr əsasında sazişi imzalamağa hazır olduğunu bəyan edir...

- Nə olsun ki?! Azərbaycan tərəfi isə bütün məsələlər razılaşdırılandan sonra sazişin imzalanacağını deyir. Bilirsiniz, Ermənistan və havadarları məsələni fərqli göstərirlər. İndi Ermənistanın havadarları deyirlər ki, “layiqli sülh” olmalıdır. Bu nə deməkdir? Kimin üçün layiqli, işğalın qurbanı olan Azərbaycan üçün, yoxsa işğalçı Ermənistan üçün?! Sanki elə bir format yaratmaq istəyirlər ki, hər iki tərəf günahkardır. İkinci tezisləri ondan ibarətdir ki, bu münaqişə ərazi münaqişəsi deyil, guya insan hüquqları ilə bağlı münaqişədir. Bu mövzu ilə bağlı müxtəlif paytaxtlarda hansısa həmlələr təşkil  olunur. Bu cür tezislər Azərbaycan üçün təhlükəlidir. Çox da ki, Paşinyan sülhlə bağlı bəyanatlar səsləndirir. Amma sülh istəyən tərəf belə həmlələr etməz. Digər tərəfdən, əgər Ermənistan sülh istəyirsə, niyə silahlanır?!

İndi Paşinyanın bəyan etdiyi odur ki, bu, çərçivə sazişidir. Çərçivə sazişinin xüsusiyyəti belədir ki, orada öhdəlik olmur. De-fakto ləğv edilmiş Minsk Qrupu 30 il nə ilə məşğul oldu?! Deyirdilər ki, münaqişənin həlli üçün prinsiplər müəyyən edirik, tərəflər buna razı olandan sonra saziş layihəsini təqdim edəcəyik, bunun üzərində danışıqlar aparılacaq. 30 il ərzində bir neçə prinsip hazırladılar, amma razılaşdıra bilmədilər. İndi də biz həmin mərhələdəyik. Ermənistan sülhpərvər görünmək üçün bizə deyir ki, razılaşdırılan 13 maddə üzrə sənəd imzalayaq. Bununla İrəvan kimi aldatmaq istəyir? Paşinyanın fikrincə, biz o qədər sadəlövhük? Azərbaycan elə razılaşma istəyir ki, gələcəkdə ona qarşı ərazi iddiası olmasın. Ermənistan Azərbaycana qarşı ərazi iddiasından əl çəkir, yoxsa yox? Əgər iddia qalmırsa, o zaman zəhmət çəksinlər Ermənistan Konstitusiyasında dəyişiklik etsinlər.

- Qərbdən də sülh sazişinin imzalanmasına çağırışlar var...

- Biz başa düşürük ki, Ermənistanın havadarlarının strateji planları var. Onlar istəyirlər ki, hansısa sənədin imzalanmasına nail olsunlar və bu sənədi elə qələmə versinlər ki, münaqişə bitib, sərhədlər müəyyənləşib. Bundan sonra həmin havadarlar münaqişəni “Qarabağ ermənilərinin hüquqları” müstəvisinə keçirsinlər. Təbii ki, Azərbaycan bunu yaxşı başa düşür. Cənab Prezident çıxışında bu istiqamətdəki təhlükələri açıq şəkildə bildirdi. Azərbaycan bu ssenariyə qarşı öz siyasi iradəsini ortaya qoyur və buna imkan verilməyəcək.

- Maraqlı məqamlardan biri də odur ki, MDB tədbiri çərçivəsində Rusiya Moskvada liderlərin üçtərəfli görüşünü keçirmək istədi, amma alınmadı. Görünən odur ki, Paşinyan bu görüşdən imtina edib. Sizcə, İrəvanın görüşdən qaçmasının səbəbi nədir?

- Biz başa düşməliyik ki, Cənubi Qafqaz ətrafında beynəlxalq güclər rəqabət aparırlar. Həmin güclər köhnə oyunları davam etdirirlər. Biri istəyir ki, münaqişə tərəfləri liderlərini görüşdürsün, hansısa açıqlamalar verilsin, bəyanat qəbul olunsun və orada bunun da imzası olsun. Digər qüvvə istəyir ki, görüş yerini o təyin etsin, danışıqlarda iştirakçı olsun. Azərbaycan üçün fərqi yoxdur, görüş istər Londonda olsun, istər Moskvada, istər Vaşinqtonda, bizim mövqeyimiz eynidir. Amma Ermənistanın vəziyyəti fərqlidir. İrəvan istəyir ki, 30 illik Rusiya himayəsindən çıxsın və guya ki, Qərbin himayəsi altına keçsin. Bir növ, Ermənistan sahibini dəyişmək istəyir. Bu səbəbdən də Ermənistan ziddiyyətli mövqe sərgiləyir. Paşinyan gah qorxur və qaça-qaça Moskvaya gedir, gah Moskvadan inciyir, Qərbə qaçır və s. Paşinyanın görüşdən yayınmasının Azərbaycana aidiyyəti yoxdur. İstəyirsə, görüşək, istəmirsə, görüşməyək. Bakının mövqeyi bəllidir və qətidir. Bir də ki, artıq internet vasitəsi ilə də sülh sazişi sənədi redaktə olunur, göndərilir. Bunun üçün hansısa paytaxta getməyə, görüşməyə bir növ, ehtiyac da yoxdur.

Müəllif: Anar Bayramoğlu

Pin up casino Pin-up casino giriş