Hasan Oktay: “Türkiyə, hətta İranın ABŞ-la razılaşmasını təmin edəcək”
Yunanıstan, Suriya və Liviya son günlərdə Türkiyəyə qarşı media vasitəsilə ciddi mənada cəbhə açıb. Bu 3 dövlətin Türkiyəyə qarşı hər hansı bir uğur əldə etməsi mümkündürmü?
AYNA-nın məsələ ilə bağlı sualını Ankarada fəaliyyət göstərən Qafqaz Strateji Araşdırmalar Mərkəzinin (KAFKASSAM) sədri Hasan Oktay cavablandırıb. O bildirib ki, real siyasətdə bu üç dövlətin Türkiyəyə qarşı hər hansı bir uğur əldə etməsi mümkün deyil.
Oktay baş verənlərin gerçək mahiyyətini də açıqlayıb: “İran bölgədə çox sıxışdırıldığı üçün Suriya üzərindən Türkiyəyə təzyiq göstərərək, ABŞ-İran münasibətlərində nəfəs almağa çalışır. Türkiyənin öhdəsinə götürdüyü barışdırıcı mövqedə diqqətləri buraya yönəldir”.
KAFKASSAM sədrinin sözlərinə görə, Liviya ilə Yunanıstanın Türkiyəni ən yüksək səviyyədə təhdid etməsi Şimali Kipr ilə əlaqəlidir: “Şimali Kiprdə yerləşən enerji mənbələrindən istifadə məsələsində Türkiyə ilə birbaşa qarşı-qarşıya gəlməyə cəsarəti çatmayanlar Türkiyəyə Yunanıstan və Liviya üzərindən mesaj göndərirlər”.
Politoloq vurğulayıb ki, Yunanıstan Türkiyə müharibəsinin baş verməsini arzu edənlər anlayırlar ki, müharibə başlayacağı təqdirdə, ən çox 12 saat davam edəcək: “Bunu anlayanlar Yunanıstanı Türkiyəyə qarşı yem olaraq istifadə etmələrinin də onlara heç bir şey qazandırmayacağını bilirlər. Buna rəğmən, elə düşünürlər ki, Türkiyədə hökumət və ordu böhranı var və belə davransalar, Türkiyə geri addım atar”.
“Bu düşüncəylə sərgilədikləri mövqe onlara heç nə qazandırmayacaq və bunu da yaxşı dərk edirlər. Sadəcə düşünürlər ki, ən üst səviyyədə beynəlxalq münasibətlərdəki əməkdaşlığı təhdid etməklə, qorxutmaqla çox qazana bilərlər. Bu məntiqlə beynəlxalq miqyasda qazancları çox olar deyə, blef edirlər. Ancaq bu üsulun türklər üçün keçərli olmadığını hər dəfə anlayırlar” – deyə müsahibimiz əlavə edib.
H.Oktayın fikrincə, bu böhran çox uzun sürməyəcək: “Türki̇yə qısa zamanda Suriyada üstün mövqe əldə edib siyasətini davam etdirəcək. Hətta İranın güzəştə gedərək ABŞ ilə razılaşmasını təmin edəcək”.