BMT-nin 4 yox, 24 qətnaməsi də olsa, işğal davam edəcək

Siyasət

15.12.2019 - 11:01

Vəziyyəti dəyişdirməyin yeganə yolu təcavüzkarı hərbi yolla sülhə məcbur etməkdir

 

"Mən Azərbaycan və Ermənistan jurnalistlərinin qarşılıqlı səfərlərindən müsbət nəticə gözləmirəm". Bu sözləri Beynəlxalq Münasibətlərin Təhlili Mərkəzinin (BMTM) sədri Fərid Şəfiyev Brüsselə səfərindən sonra keçirilən mətbuat konfransında deyib. O, tamamilə haqlıdır. F.Şəfiyev həm də ona görə haqlıdır ki, erməni tərəfi jurnalistlərin səfəri ilə bağlı, sanki bir tamaşa təşkil etdi.

 

"Düşünürəm ki, rəsmi kanalların təsiri olmadan, “xalq diplomatiyası”nın Dağlıq Qarabağ münaqişəsinin həllində heç bir təsiri ciddi olmayacaq" – deyə o bildirib. Bu da tamamilə həqiqətdir.

 

Münaqişəli tərəflərin hər biri səfərdən sonra öz ölkələrinə qayıdarkən, orada olan reallıqlara əsaslanır. Sadəcə, erməni jurnalistlər, hətta öz daxillərində anlasalar da, Azərbaycan torpaqlarının öz dövlətləri tərəfindən işğal edildiyini qəbul etsələr də, işğalın davam etməsinin sülhə doğru addımlar atmaqdan daha çox mənfi tərəflərinin olduğunu başa düşsələr də, bunu açıq şəkildə bildirmirlər. Çünki cəmiyyətdəki əhval-ruhiyyəni bilirlər və cəmiyyət tərəfindən xain hesab edilmələrini istəmirlər.

Əkbər Həsənov